Məhkəmə qərarları › İş №2(104)-180/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-180/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-180/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Tərtər Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(061)-580/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2698nkNFT/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 21 % ödəmək şərtilə 8600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyətinin NFTnın müştərisi olan Cavabdeh 2698nkNFT/20 saylı kredit müqaviləsi üzrə borcu, 8076,9 AZN əsas məbləğ üzrə borcu, 1561,37 AZN faiz üzrə borcu, 126,58 AZN cərimə faizləri, 0 AZN komisyon haqqı olmaqla, cəmi 9764,85 AZN təşkil edir. İş materiallarında olan 9 sentyabr 2021-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçı tərəf cavabdehə xx.xx.2020-ci il tarixli, 2698nkNFT/20 saylı kredit müqaviləsi üzrə yaranmış borc miqdarı və üzərinə düşən öhdəliyin yerinə yetirilməsi barədə məlumat vermiş, öhdəliyi icra etmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə ASAN-BƏRDƏ tərəfindən verilmiş AZE No ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9-7918 saylı rəyindən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixinə əsas borc 8.092,80, faiz borcu 1.548,42 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "Unibank» Kommersiya Bankı ASC iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 8076,9 AZN əsas, 1561,37 AZN faiz, 126,58 AZN cərimə borcu olmaqla, cəmi 9764,85 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 117,65 AZN məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 21 % ödəmək şərtilə 8600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 5 mart 2022-ci il tarixinə "xxxx" KB ASC-yə 8076,9 AZN əsas, 1561,37 AZN faiz, 126,58 AZN cərimə borcu olmaqla, cəmi 9764.85 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh 8076,9 AZN əsas, 1561,37 AZN faiz, 126,58 AZN cərimə borcu olmaqla, cəmi 9764,85 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 117,65 AZN məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(061)-580/2022 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 8076,9 AZN əsas, 1561,37 AZN faiz, 12 AZN cərimə borcu olmaqla cəmi 9650,27 AZN borc, 0,40 AZN xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 117,65 AZN məbləğində vəsaitinin "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddianın cərimə borcuna aid olan qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 450, 467-ci maddələrini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi məsələsinə baxılmamış, məsələyə düzgün hüquqi qiymət verilməmişdir. çünki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir və bankın birtərəfli hesablamalarına əsaslanır. Götürdüyü pula münasibətdə yüksək faiz, məbləğ tələb edilməsini ədalətsizlik hesab edir. İddiaçı təşkilat ikiqat faiz hesablayıb tələb etməklə mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Mövcud müqavilə və şərtlərlə iddiaçı tərəfdən cavabdehin hüquqları mürəkkəbləşdirilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(061)-580/2022 saylı qətnaməsi «Cavabdeh 1.561,37 manat faiz borcunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi» hissəsində dəyişdirilməli, Cavabdeh tutulmalı olan faiz borcunun məbləği 1.548,42 manat, ümumi borc 9.637,32 manat məbləğdə müəyyən edilməli, qətnamə iddianın təmin edilmiş digər hissələri üzrə dəyişdirilmədən saxlanmalıdır. Yuxarida qeyd olunan mülki qanunvericiliyin normalarını əhatəli təhlil edərək kollegiya hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun kreditora 8.076,90 manat əsas, 1.561,37 manat faiz borcu yaranmışdır. Eyni zamanda kreditor tərəfindən borcalana 126,58 manat cərimə borcu hesablanmışdır. Həmçinin məhkəmə kollegiyası tərəfindən borcun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixinə əsas borc 8.092,80, faiz borcu 1.548,42 manat təşkil edir. Kollegiya qanunvericliyin tələblərini və işin hallarını nəzərə alaraq hesab edir ki, rəydə qeyd olunan xx.xx.2022-ci il tarixə hesablanmış faiz borcu əsas götürülməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, faiz borcu ekspert rəyinə əsasən, əsas borc isə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə iddia ərizəsinə uyğun müəyyən edilməlidir. Bundan başqa cərimə məbləğinin ödənilməsi tələbinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi, borcalana cərimə hesablanmasının mümkünlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin cəriməni azaldaraq 12 manat həddində müəyyən etməsi işin hallarına uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(061)-580/2022 saylı qətnaməsi «Cavabdeh 1.561,37 manat faiz borcunun "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə ödənilməsi» hissəsində dəyişdirilməli, Cavabdeh tutulmalı olan faiz borcunun məbləği 1.548,42 manat, ümumi borc 9.637,32 manat məbləğdə müəyyən edilməli, qətnamə iddianın təmin edilmiş digər hissələri üzrə dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(061)-580/2022 saylı qətnaməsi «Cavabdeh 1.561,37 manat faiz borcunun "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə ödənilməsi» hissəsində dəyişdirilsin. Cavabdeh tutulmalı olan faiz borcunun məbləği 1.548,42 manat, ümumi borc 9.637,32 manat məbləğdə müəyyən edilsin. Qətnamə iddianın təmin edilmiş digər hissələri üzrə dəyişdirilmədən saxlansın. İş üzrə ekspertiza xərci müştərək qaydada "xxxx" Kommersiya Bankı ASC-yə və Cavabdeh aid edilməklə, 50 manat pul iddiaçıdan, 50 manat pul isə cavabdehdən tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar