Məhkəmə qərarları › İş №2(104)-1802/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1802/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1802/2024 28.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində artırılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1243/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1243/2024 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-311/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, maddi vəziyyətimin nəzərə alınmasını, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Cəfər və xx.xx.2015-ci il təvəllüdlü Amil adlı uşaqların saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-311/2023 nömrəli qətnamə ilə müəyyən edilmiş alimentin artırılaraq hər ay sabit pul məbləğində hər uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən olunması və 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh keçmiş əridir. Cavabdehlə 2013- cü il tarixdə evlənib ailə qurmuş, nikahlarını 1302.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə ailə həyatından xx.xx.2013-cü il təvəllüdlü Cəfər və xx.xx.2015-ci il təvəllüdlü Amin adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğuna görə ayrılmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışdır. Cavabdeh könüllü olaraq uşaqların saxlanılması üçün heç bir maddi yardım etmədiyi üçün iddia əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-311/2023 saylı qətnaməsi əsasında cavabdehdən Cəfər və Amin adlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat alimentin tutulması qət edilmişdir. Hazırda həmin aliment pulu ilə uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Cavabdeh isə könüllü olaraq uşaqların saxlanılması üçün əlavə maddi yardım etmir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Cəfər və xx.xx.2015-ci il təvəllüdlü Amil adlı uşaqların saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-311/2023 nömrəli qətnamə ilə müəyyən edilmiş alimentin artırılaraq hər ay sabit pul məbləğində hər uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən olunması və 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddianın təmin edilmiş hissəsində narazıdır. Belə ki, iddiaçı ilə 2013-cü ildə evlənib ailə qurmuş, xx.xx.2016-cı il tarixdə evliliklərini rəsmiləşdirmişlər. İddiaçı ilə birgə ailə həyatından xx.xx.2013-cü il təvəllüdlü Cəfər və xx.xx.2015-ci il təvəllüdlü Amin adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuş və uşaqlar iddiaçının himayəsində qalmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-311/2023 saylı qətnaməsi əsasında ondan Cəfər və Amin adlı uşaqların saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Həmin qətnamə qəbul olunan vaxtdan sonra onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Lakin buna baxmayaraq iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və ondan alimentin artırılaraq hər ay hər bir uşaq üçün 235 manat məbləğində aliment tələb etmişdir. Şəmkir Rayon Məhkəməsi isə əslində heç bir araşdırma aparmadan, məhkəməyə iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədən, iddia tələbini qismən təmin etmişdir. Halbuki, məhkəmənin iddia tələbini təmin etməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Belə ki, o fərdi əməklə məşğuldur. Qazancı stabil deyil. Məhkəmə tərəfindən təyin olunmuş alimenti güclə ödəyir. Əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Hesab edir ki, məhkəmə iddia tələbinin təmin olunmuş hissəsində ciddi qanun pozuntusuna yol vermişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, iş materiallarında olan AZ-İV 253579 seriyalı, xx.xx.2019-cu il tarixli və AZ-İV 253580 xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı iki uşaqları doğulmuşdur. Şəhadətnamələrdə ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə X3 qeyd olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-311/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞQ/1-00056 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2013cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı iki uşaqları doğulmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar anasının yanındadır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-311/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh uşaqların saxlanılması üçün aliment ödəyir. İddiaçı həmin aliment məbləğinin uşaqlarının saxlanması üşün yetərli olmadığını qeyd edərək aliment məbləğinin artırılmasını istəyir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, cavabdehin gəlirlərinə heç bir dəyişikliyin olmaması onu yetkinlik yaşına çatmamış uşalarının tələbatını təmin etməkdən azad etmir və uşaqlarının saxlanması üçün tutulan alimentin miqdarının artırılmasına maneə deyildir. Ona görə ki, işdən göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün alimentin məbləği məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin vaxtdan sonra dolanışıq minimumu artmışdır. Digər tərəfdən məhkəmə tərəfindən tutulması qət edilmiş alimentin miqdarı Respublika üzrə uşaqların saxlanması üçün müəyyən edilmiş dolanışıq minimumundan aşağıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, Cavabdeh nümayəndəsi X4 verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1243/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar