Məhkəmə qərarları › İş №2(104)-1805/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1805/2025

14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1805/2025 14.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh hüquqi varisi X3 iştirakı ilə, İddiaçı Cavabdeh hüquqi varisi X4 qarşı “vurulmuş maddi ziyanın və hamam tikintisinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsindən Cavabdeh hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. MH seriyalı, ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 20 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Füzuli küçəsində mülkiyyətində olan 0.0369 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62.4 kvadratmetr yaşayış, 57.2 kvadratmetr köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 168 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. RX seriyalı, ******* nömrəli, 27 avqust 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0308 olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi Cavabdeh məxsusdur.

3. 11 noyabr 2021-ci il tarixli, 2V-179 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan qızı X6 və o, miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – real vaxt rejimində əldə edilmiş, xx.xx.2021-ci il tarixli, **********PM78101 seriyalı arayışa və DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0308 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 35.9 kvadratmetr olan yaşayış sahəsi 35.9 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evindən ibarətdir.

4. 13 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.03 olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 42.3 kvadratmetr olan fərdi yaşayış evi X3 mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 10/2899 nömrəli məhkəmə-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrdən MH ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin yaşayış otağına su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilir. Cavabdeh məxsus hamamın əvvəlki yerləşmə vəziyyəti (bitişik) olduğunu nəzərə alaraq iddiaçıya məxsus fərdi yaşayış evinə ziyan vurduğu müəyyən edilir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrdən MH ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə dəyən ziyan Cavabdeh məxsus hamam tikilisi ilə bağlı olduğu müəyyən edilir. Hazırda yaşayış evi ilə hamam tikilisi olan ara məsafə 40-50 sm təşkil etdiyi müəyyən edilir. Cavabdeh təqsiri nəticəsində hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrdən MH ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə su sızma nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 728.0 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 10/1860 nömrəli məhkəmə-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin ziyan dəymiş otağının tam təmir edilməsi üçün yerinə yetirilməli təmirtikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1830.0 manat məbləğində müəyyən edilir. Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evi ilə cavabdehə məxsus hamam tikilisinin ara məsafəsi baxımından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Cavabdehin mülkiyyətində olan hamam binasının yeri dəyişdirilməzsə təkrar İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin hər hansı hissəsinə ziyan dəyməsi istisna olunmur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh hüquqi varisi X4 qarşı “vurulmuş maddi ziyanın və hamam tikintisinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun mülkiyyətində olan evə vurulmuş maddi ziyan olaraq 3500 (üç min beş yüz) manat pulun, 30 (otuz) manat dövlət rüsumunun ona ödənilməsi, cavabdehin istifadəsində olan və onun evinin arxa divarından 50 sm məsafədə yerləşən hamam binasının cavabdehin hesabına sökülərək 3 metr məsafədə kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Gəncə şəhəri, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin ev çiy kərpicdən tikilmişdir. Evin arxa divarı Cavabdeh həyəti ilə həmsərhəddir. 2015-ci ilin təqribən yay aylarında, o, evin arxa otağında olarkən su şırıltısı eşitmişdir. Bu su səsinin haradan gəlməsini əvvəl başa düşə bilməmişdir. Ancaq su səsi davamlı olaraq eşidilmişdir. Bir müddətdən sonra divarda nəmlənmə görmüşdür. Bu mənzərədən narahat olaraq həmin divarla sərhəd olan Cavabdeh həyətinə keçmiş və həyətdə görmüşdür ki, Cavabdeh onun mülkiyyətində olan evin arxa barısına bitişik halda hamam tikdirmişdir. Hamamın su çənindən tökülən su hamam binasının üstü ilə axaraq divara tökülür. Hamamın içərisində yer adi torpaqdandır, istifadə olunan su da yerə çökərək divarı nəmləndirir. Bu mənzərəni görüb Cavabdeh etirazını bildirmiş, bu vəziyyətlə bağlı küçə üçlüyünə, sahə müvəkkilinə və ərazi icra nümayəndəliyinə gedərək məlumat vermişdir. Cavabdeh axan suyun qarşısını alacağını bildirsə də, bundan sonra bu hal dəfələrlə təkrarlanmış, eyni iradlarla təkrar Cavabdeh müraciət olunsa da heç bir nəticə olmamışdır. Nəhayət 2019-cu ilin sentyabr ayında Cavabdeh onun evinin hasarına bitişik olan hamam binasını sökərək yarım metr (50 santimetr məsafədə) kənarlaşdırmışdır. Ancaq yen də həm yağış suları, həm hamamın çənindən axan sular hamamın tavanının yağış suyunu axıtma istiqaməti evə doğru olduğundan daim axmaqda və evin hasarını nəmləndirməkdə davam edir. Cavabdeh hamam binası tikinti normalarına zidd olaraq evin divarına həddən artıq yaxın olması təbii havalandırmanın qarşısını alır. Bu səbəbdən də hətta yağış sularının da yaratdığı nəmlik evin hasarını yararsız hala salır. Hazırda evin arxa hasarında və yan divarlarında iri çatlar əmələ gəlməklə ev təhlükəli vəziyyətdədir. Ev hər an uça bilər. Təcili təmir bərpa işləri aparılmalıdır. Evdə təmir bərpa işləri aparmaq üçün dəvət etdiyi usta evin arxa hasarının sökülərək yenidən tikilməsinin zəruri olduğunu, yenidən suvanması, təmir edilməsi üçün 3.500 manat xərc tələb olunmasını bildirmişdir. Odur ki, Cavabdeh vurulmuş maddi ziyan olaraq 3.500 manat pulun alınaraq ona ödənilməsi və öz həyətində olan hamam tikintisinin öz hesabın sökülərək evin divarından ən azı 3 metr məsafədə kənarlaşdırılmasını və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddianın qismən təmin edilməsi, Cavabdeh hüquqi varisi X1 vurulmuş maddi ziyana görə 1830 (bir min səkkiz yüz otuz) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1860 (bir min səkkiz yüz altmış) manatın tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizaları tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh hüquqi varisi X1 tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi qət edilmişdir

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın məbləğini 3500 (üç min beş yüz) manat məbləğində göstərsə də, həmin məbləğdə maddi ziyan dəyməsinə dair iddiaçı məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 10/2899 nömrəli məhkəmə-tikinti-texniki ekspertizasının rəyi ilə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə su sızma nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyərinin təqribən 728.0 manat olduğu qeyd edilsə də həmin ekspertiza rəyinin verilməsindən 3 ildən çox vaxt keçdiyindən (yəni, ötən müddət ərzində tikinti materiallarının, təmir xərclərinin və.s qiymətinin dəyişməsini nəzərə alaraq) məhkəmə iddiaçının evinə dəyən maddi ziyanın məbləğinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 10/1860 nömrəli məhkəmətikinti-texniki ekspertizasının rəyində göstərilən həddə, yəni 1830.0 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda iddiaçının cavabdehə məxsus hamam tikilisinin cavabdehin vəsaiti hesabına sökülərək 3 metr məsafədə kənarlaşdırılması (faktiki olaraq sökülməsi) tələbini də araşdıraraq qeyd edir ki, sözügedən hamam tikilisinin sökülməsi cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələndiyindən, o cümlədən həmin hamam tikilisinin 3 metr məsafadə kənarlaşdırılması hissəsində iddia qeyri-dəqiq olduğundan, yəni həmin məsafədə hamam tikilisinin inşa edilməsinin mümkün olub-olmamasını müəyyənləşdirmək mümkün olmadığından iddia tələbi qeyd edilən hissədə əsassızdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21, 21.1, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci və 1108.3-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1, 24.1, 27.2.2-ci və 27.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsindən Cavabdeh hüquqi varisi X6 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən qanunun tələbinə zidd olaraq onların prosessual hüquqları kobud şəkildə pozulmuş, işə mərhum anası sağ olarkən anasının və rəhmətə getdikdən sonra isə hüquqi varisi kimi onun iştirakı olmadan baxılmışdır. Məhkəmə araşdırmasında onları dinlənilmək hüquqları təmin edilməyib, iki dəfə keçirilən məhkəmə tikinti-texniki ekspertizalarında onların iştirakı təmin edilməmişdir. Birinci ekspertiza anası Cavabdeh ölüm ayağında olarkən keçirilmişdir. Onun fəaliyyət qabiliyyəti məhduddur, birinci qrup gözdən əlildir. Ekspert işdə cavabdeh olan anası Cavabdeh anlaqsız vəziyyətdə ölüm ayağında olarkən onlara gələrək hansısa sənədi imzalamaqlarını istəmişdir. O, bildirmişdir ki, onun gözü görmür, o sənəddə nə yazılıb görə bilmir, anası da ağır vəziyyətdə xəstədir, belə bir vəziyyətdə ekspertizanın keçirilməsi düzgün deyil, eksertizanın keçirilməsini dayandırılmasını və başqa bir vaxta keçirilməsini bildirmişdir. Ekspert nə müəyyənləşdirdi, nə yazdı onların xəbəri olmamışdır. İkinci dəfə keçirilən ekspertizadan isə ümumiyyətlə onun xəbəri olmamış, onların evə girmədən, baxmadan necə ekspertiza keçirildiyini bilməmişdir. İddiaçı iddia tələbi ilə bağlı bildirmək istəyir ki, iddiaçının evinin divarına onlar tərəfdən suyun axıdılması mümkünsüz idi. Çünki o zaman onların evinə gələn su xətləri tutulmuş, evə su gəlmirdi. Onlar suya tələbatlarını təmin etmək üçün suyu xahişlə, minnətlə məhdud miqdarda digər qonşudan almışdırlar. O, evə yeni suyun çəkilişini çox çətinlikə 2022-ci ildə bərpa elətdirə bilmişdir. Lakin hətta su gəlmiş olsaydı belə su çənindən çıxan su kanalizasiya xəttinə axır, qonşunun divarına tökülməsi mümkün deyildir. İddiaçı evi köhnə tikili olmaqla çiy kərpiclə yerdən inşa edilmiş, dam örtüyü köhnə və kənarlara doğru çıxmadığından, evin divarı zamanla yağış sularının təsirindən aşınmaya məruz qalıb və bu səbəbdən evin divarında problemlər yaranıb. İddiaçı evinin divarının yağış sularının təsiriniə məruz qalmasını iddia ərizəsində etiraf etmişdir. Həmçinin iddiaçının evi tikinti normalarına zidd olaraq qonşu ilə ara məsafəsi saxlanılmadan hasar divarının üzərində tikilmişdir. İddiaçı onlara aid olmayan, özünün problemini həll etmək üçün illərlə onları narahat etmişdir. 2019-cu ildə İddiaçılə aralarındakı razılaşmaya əsasən onlar hamamın divarını söküb geri çəkməli idi, iddiaçı isə öz divarını özü təmir etməli idi. Mərhum anası mübahisənin bitməsi üçün məcbur olub xeyli xərc çəkərək hamamın divarını sökdürərək geri çəkdirdi. Halbuki qanunun tələbinə əsasən hamam binası hasar divarına bitişik ola bilərdi. Lakin, İddiaçı aralarındakı razılaşmanı pozaraq sonradan məhkəməyə müraciət etmiş və onlardan böyük məbləğdə - 3500 manat pul və hamamın sökülərək 3 metr geri çəkilməsini tələb etmişdir. 2021-ci ildə anası Cavabdeh bitməyən mübahisələrin, əsəb gərginliyinin səhhətində yaratdığı problemlər səbəbi ilə ürək tutmasından vəfat etmişdir. İddiaçı dayanmayaraq öz haqsız tələbini hüquqi varis kimi onun 1-ci qrup gözdən əlil bir insanın üzərinə yönəldərək qanunsuz hərəkətlərini davam etdirməkdədir. Məhkəmə ekspertizası əraziyə baxış keçirərkən tikinti norma və qaydalarının pozuntusunu düzgün araşdırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 10/2899 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının birinci rəyində bildirilir ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrdən MH ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin yaşayış otağına su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilir. Cavabdeh məxsus hamamın əvvəlki yerləşmə vəziyyəti (bitişik) olduğunu nəzərə alaraq iddiaçıya məxsus fərdi yaşayış evinə ziyan vurduğu müəyyən edilir. Ekspert yalnız hamam binasının əvvəlki vəziyyətinin qonşunun binasına bitişik olmasına əsasən, hamamın əvvəlki vəziyyətini görmədən, üzərindən neçə il keçdikdən sonra ehtimal əsasında evə su sızmasına səbəb olmasına necə rəy verə bilər? Ekspert rəy verərkən ehtimallara deyil, müəyyən etdiyi dəqiq sübutlara, faktlara istinad etməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü iltarixli, 10/1860 nömrəli məhkəmə-tikintitexniki ekspertizasının ikinci rəyində bildirilir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin ziyan dəymiş otağının tam təmir edilməsi üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1830.0 manat məbləğində müəyyən edilir. Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evi ilə cavabdehə məxsus hamam tikilisinin ara məsafəsi baxımından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Cavabdehin mülkiyyətində olan hamam binasının yeri dəyişdirilməzsə təkrar İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin hər hansı hissəsinə ziyan dəyməsi istisna olunmur. Ekspert rəyindən görünür ki, əvvəlki ekspert rəyində müəyyən edilən zərərin məbləği 728 manat bazar qiymətlərinə uyğun 2.5 dəfə artırılaraq 1830 manat müəyyən edilmişdir. Vurulmuş zərərin qiymət artımı, infliyasiya ilə əlaqədar indeksasiyasını prosessual qanunvericiliyin tələbinə uyğun məhkəmə özü müəyyən etməlidir, bunun üçün əlavə ekspertizanın keçirilməsinə ehiyac yoxdur. Keçirilmiş ekspertizalar arası (2021-2024-cü illər) üç il ərzində ölkə üzrə hansı tikinti materialının qiyməti 2.5 dəfə artmışdır? Həmçinin ekspert rəyində hamam tikilisinin ara məsafəsi baxımından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun inşa olunmadığı bildirilir. Ekspert rəyində hüquq normasına düzgün istinad olunmamışdır. Belə ki, hamam təyinatlı və ölçülü binaların tikintisində Şəhərsalma və Tikinti Məcəlləsinin 69.6-cı maddəsi tətbiq edilməlidir və həmin hüquq normasına əsasən hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil. Ekspert rəyində istinad olunan Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələbləri hamam tikintisinə deyil, iddiaçının araməsafəsi saxlamadan tikdiyi yaşayış evinə aiddir. Yəni ekspert iddiaçının tikinti normalarını pozmasına göz yummuş və əsassız olaraq cavabdehin hamam tikintisinin sökülməli olmasını bildirmişdir. Göründüyü kimi məhkəmənin istinad etdiyi hər iki ekspert rəyləri qüsurlu və əsassızdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdehin məhkəmə araşdırmasında iştirakı təmin edilməli, iş yenidən tam və hərtərəfli araşdırılmalıdır.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh hüquqi varisi X6 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2013-2014-cü illərdən ev bu cür alınmışdır. Onların suyu olmamışdır. Buna qonşular da şahiddir. Qonşunun evinin divarı onların evin həyətinə baxdığına görə qonşuya həmin divarda pəncərə-nəfəslik açmasına icazə vermişlər və o da onlara su vermişdir. Qonşu onlara nəfəsliyi bağladacaqları təqdirdə su verməyəcəyini bildirmişdir. İş materiallarında iki ekspert rəyi var və bir-birinə ziddir. İddiaçı yağış suyunun onun evinə tökülməsini bildirmişdir. Yağış suyu təbiət hadisədir, o heç nə edə bilməz. Hamamın üstündə çən vardır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onun bir divarı evə bitişikdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, o, mütəxəssislə bərabər şəxsən iştirak etmişdir. Hamamın üç divarı var. Arxa divar qonşunun divarına bağlıdır. Hamamda təmir yoxdur, çiy kərpicdəndir. Ev uçqun vəziyyətdədir, iddiaçı isə evi satmaq istəyir. İddiaçı Bakı şəhərində yaşayır. İndi də evi alan yoxdur. Cavabdeh tərəflə razılığa gəlmək istəmişlər, ancaq şikayət etmişdir. Məcbur olmuşdurlar ki, ikinci dəfə iddia qaldırsınlar. Evin təmiri üçün usta xərci 1800 manat təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

21. Maddə 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Maddə 1108.3. yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

23. Maddə 23.1. yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.

24. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.

25. Maddə 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir.

26. Maddə 27.5. yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi:

27. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

28. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

29. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

30. Maddə 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil.

31. Maddə 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdehin prosessual hüquqi varisi tərəfindən bütövlükdə mübahisələndirilsə də birinci instansiyası məhkəməsinin aktı iddianın təmin edilmiş hissəsində yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

46. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

47. Belə ki, hazırkı iddia tələbinin əsaslılığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyindən birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 10/2899 nömrəli rəy ilə hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrdən MH ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin yaşayış otağına su sızma nəticəsində dəymiş ziyanın Cavabdeh məxsus hamam tikilisi ilə bağlı olduğu müəyyən edilmişdir. Həmin ekspert rəyinə görə, yaşayış evi ilə hamam tikilisi olan ara məsafə 40-50 sm təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, Cavabdeh təqsiri nəticəsində İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə su sızma nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 728.0 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-12/2024 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 10/1860 nömrəli rəyi ilə, Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin ziyan dəymiş otağının tam təmir edilməsi üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1830.0 manat məbləğində müəyyən edilmişdir. Həmçinin Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evi ilə cavabdehə məxsus hamam tikilisinin ara məsafəsi baxımından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun inşa olunmadığı, cavabdehin mülkiyyətində olan hamam binasının yeri dəyişdirilməzsə təkrar İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fizuli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin hər hansı hissəsinə ziyan dəyməsi istisna olunmadığı qeyd olunmuşdur.

48. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

49. Məhkəmə kollegiyası hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspert rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ekspert rəyində öz əksini tapmışdır. Ekspert rəyi ilə məhkəmə kollegiyasında hər hansı şübhə yaranmamışdır. Cavabdeh tərəf rəyin qeyri-obyektivliyi barədə formal arqumentlər irəli sürsə də, lakin bunu əsaslandıra bilməmişdir. Ekspert rəyində göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir.

50. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızması nəticəsində həmin evə 1830 (bir min səkkiz yüz otuz) manat məbləğində ziyan dəymişdir.

51. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsindən Cavabdeh hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-12/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar