Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1806/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1360/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 05 yanvar 2017-ci il tarixdə Elşən və 12 noyabr 2019-cu il tarixdə Elşad adlı uşaqları doğulmuşdur.
2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023–ci il tarixli 2(104)– 803/2023 saylı qətnaməsinin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə 05 yanvar 2007–ci il tarixdə doğulmuş Elşən və 12 noyabr 2019–cu il tarixdə doğulmuş Elşad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)– 2227/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləği həddində müəyyən edilmiş, həmin məbləğdə alimentin və Elşad adlı uşağın müalicəsi üçün hər ay 30 (otuz) manat əlavə pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, onun şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi “əlavə pul vəsaiti” hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 05 yanvar 2017–ci il tarixdə doğulmuş Elşən və 12 noyabr 2019–cu il tarixdə doğulmuş Elşad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləği həddində müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq evlənməklə, xx.xx.2017–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 05 yanvar 2017– ci il tarixdə Elşən və 12 noyabr 2019–cu il tarixdə Elşad adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaqları onun yanında qalmışdır. Hazırda da uşaq onun yanında yaşayır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, cavabdeh hər ay hər uşaq üçün 130 manat aliment ödəyir, həmin məbləğ isə azyaşlı uşaqları saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaqların qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşaqlarını tək başına saxlaya bilmir.
5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1360/2024 nömrəli qətnaməsi (hakim Zaur Allahyarov) ilə, iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 yanvar 2017–ci il tarixdə doğulmuş Elşən və 12 noyabr 2019–cu il tarixdə doğulmuş Elşad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)– 3072/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi, Cavabdeh 60,8 (altmış manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 216-220, 235 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-1360/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hər iki valideyn övladlarını saxlamağa borcludurlar, valideynlərdən birinin maddi imkanı yaxşı olarsa digər valideynə kömək olunmalıdır, bu gün o 7 manat qarşılığında fəhləlik edir, başqa işi və ya sənəti yoxdur, alimenti ödəməkdə çətinlik çəkir. Xəstə atası pensiyanı öz səhhəti üçün müalicə xərclərinə sərf edir, başqa yerdən gəliri yoxdur, iki gün işə getməsə ac qalar. Qeyd etmək istəyir ki, hal-hazırda iş yeri yoxdur, kirayə evdə yaşayır və o cümlədən xeyli miqdarda aliment borcu var və bu barədə də Şəmkir rayon Məhkəməsinə iddia tələbinə dair etiraz vermiş, lakin hakim əsassız olaraq qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
20. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır
21. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı
22. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
23. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
36. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
38. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1360/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 05 yanvar 2017-ci il tarixdə Elşən və 12 noyabr 2019-cu il tarixdə Elşad adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
42. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
43. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
44. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil etmişdir.
45. Yuxarıda qeyd olunan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda hər ay hər uşaq üçün cavabdehdən tutulan 140 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.
46. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.
47. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa 170 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa 170 manat müəyyən edilməsini əsaslı və qanuni sayır.
48. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşaqları saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur.
49. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
50. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır.
51. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 720 manat təşkil edir.
52. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1360/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.