Məhkəmə qərarları › İş №2(104)-1807/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1807/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1807/2025 16.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X3 (sədrlik edən məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-1168/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X6 və onun nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə X6 arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqaviləyə əsasən İki dalğalı (980+1470 man) endolazer cihazın müştəriyə müqavilədə göstərilən şərtlərlə verilməsi qeyd edilmişdir.

2. "xxxx" MMC ilə X6 arasında 06 iyun 2024-cü il tarixdə bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqaviləsinə Əlavə Razlaşma №1-ə əsasən cavabdehin borclu qaldığı 15000 manatın ödənilməsi ilə əlaqədar müqavilə müddəti 2 ay müddətinə, yəni, 06 avqust 2024-cü il tarixədək uzadılmışdır.

3. xx.xx.2025-ci il tarixli İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumatında bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyesterində X2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yaranmış 15000 manat borc və 135 manat dövlət rüsumu olmaqla, cəmi 15.135 manat məbləğində vəsaitin cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 22.000 manat olan İki dalğalı (980+1470 man) endolazer cihazın ilkin ödəniş olaraq 5000 manat nəğd ödəniş etdikdən sonra, 25 iyun 2021-ci il tarixə 3000 manat, qalan məbləği isə 10 ay müddətinə, hər ay 1400 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü, lakin bu günə qədər borclu olduğu 15000 manat borcu ödəmədiyini, borcun ödənilməsi üçün aparılan uzun müddətli danışıqların nəticəsi olaraq, xx.xx.2024-cü il tarixdə qeyd olunan müqaviləyə əlavə razlaşma olaraq №1 müqavilə bağlanmış və razlaşmanın şərtlərinə əsasən, 01 iyun 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 22.000 manat olan İki dalğalı (980+1470 man) endolazer cihazından borclu qaldığı 15000 manat ödənilməmiş hissəni iki ay müddətinə, yəni, xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəf etiraz etməmişdir. Nəticədə 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqavilənin və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əlavə razlaşmanın şərtləri cavabdeh tərəfindən pozulmuş və 15000 manat borc ödənilməmiş qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh G.Bayrama pritenziya qaydasında dəfələrlə xəbərdarlıq edilmişdir.

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək, qeyd etmişdir ki, mülki iş məhkəmə icraatında olduğu müddət ərzində cavabdeh X6 iddiaçıya borclu olduğu 15000 (on beş min) manat borcundan 2000 (iki min manat) iddiaçıya ödəmişdir. Bu əsasla hazırda iddia tələblərini dəqiqləşdirərək məhkəmədən cavabdeh X1 13000 (on üç min) manat borcun və ödənilmiş 135 manat dövlət rüsumunun, cəmi 13.135 manat vəsaitin iddiaçıya Effekt LTD Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ağdam Rayon Məhkəməsinin 2(013)-1168/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh X1 13000 (on üç min) manat borc və dövlət rüsumu qismində ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumunun qalan 06 (altı) manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 567, 568.1, 600.1, 427-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh X6 və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, Ağdam rayon məhkəməsinin 21 iyul 2025-ci il tarixli 2(013)-1168/2025 saylı qətnaməsinin qismən ləğv olunmasını, iş üzrə mühasibatlıq ekspertizası təyin edilməklə yeni, ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnamə ilə razı deyil, hesab edir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh X5 qarşı bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yaranmış 15000 manat borcun və 135 manat dövlət rüsumunun, ümumilikdə 15135 manat məbləğin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçı qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə 22000 manat alqı-satqı qiymətinə razılaşmış, ilkin olaraq 5000 manat, daha sonra 25 iyun 2021-ci il tarixdə 3000 manat ödədikdən sonra qalan məbləği hissə-hissə, hər ay 1400 manat olmaqla ödəməli olmuşdur. Lakin iddiaçının özünün də etiraf etdiyi kimi bu öhdəlik tam yerinə yetirilməmiş, nəticədə 15000 manat borc yaranmışdır. Daha sonra tərəflər arasında 27 iyun 2024-cü il tarixdə əlavə razılaşma №1 imzalanmış, həmin razılaşmada cavabdeh qalan 15000 manat məbləği 27 avqust 2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məhz bu öhdəliyin də pozulduğunu bildirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə işə baxaraq iddianı qismən təmin etmiş və cavabdehdən 13000 manat borc və 129 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına qərar vermişdir. Lakin qətnamə tamamilə əsassızdır. Çünki işin araşdırılması zamanı məhkəməyə təqdim etdikləri vəsatət əsasında iddiaçı özü etiraf etmişdir ki, 17 dekabr 2024-cü il tarixində cavabdeh tərəfindən əlavə olaraq 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu faktı iddiaçının özü məhkəmədə təsdiq etmişdir. Beləliklə, müqavilə üzrə 22000 manatlıq öhdəlikdən cavabdeh artıq 5000 manat ilkin ödəniş, 3000 manat əlavə ödəniş və 2000 manat sonradan ödəniş olmaqla ümumilikdə 10000 manat ödəyib. Bu halda faktiki mövcud borc 12000 manat təşkil etdiyi halda, məhkəmə səhv nəticəyə gələrək borcun 13000 manat olmasına qərar vermişdir. Əlavə olaraq qeyd edir ki, məhkəmənin diqqətinə təqdim olunmuş vəsatətdə borcun düzgün hesablanması və iş üzrə həqiqətin müəyyən olunması üçün mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi bu vəsatətə heç bir münasibət bildirməmiş, onu təmin etməmiş və nəticədə iş tam, hərtərəfli və obyektiv araşdırılmadan qətnamə qəbul olunmuşdur. Bütün bu halları nəzərə alaraq hesab edir ki, Ağdam rayon məhkəməsinin 21 iyul 2025-ci il tarixli qətnaməsi əsassızdır və ləğv edilməlidir. Cavabdehin faktiki borcunun düzgün müəyyənləşdirilməsi üçün iş üzrə mühasibatlıq ekspertizası təyin olunmalı, nəticədə yalnız həqiqi mövcud borc olan 12000 manat və müvafiq dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilən hüquqi və faktiki əsaslara görə Ağdam rayon məhkəməsinin 21 iyul 2025-ci il tarixli 2(013)-1168/2025 saylı qətnaməsinin qismən ləğv olunmasını, iş üzrə mühasibatlıq ekspertizası təyin edilməklə yeni, ədalətli qətnamənin qəbul edilməsini xahiş edirəm.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. xx.xx.2025-ci il tarixli cavabdehin vəkili Nümayəndə tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış izahatda bildirmişdir ki, tərəflər arasında “01 iyun 2021-ci il” tarixli D/28 saylı alqı-satqı müqaviləsinə əlavə razılaşma “06 iyun 2024-cü il” tarixində baglanmışdır. Həmin əlavə razılaşmanın 1-ci bəndində göstərilir ki, alıcı satıcıdan aldığı ümumi dəyəri 22.000 (iyirmi iki min) AZN olan iki dalğalı (980 nm +1470nm) endolazer cihazının ilkin ödənişi kimi müqavilə bağlanan gün 5.000 (beş min) AZN, həmin ilin iyun ayının 25-də isə 3.000( üç min) AZN ödəyib. Qalan 14.000 (on dörd min) manat məbləğ isə 10 ay ərzində hissə-hissə ödəməyə dair öhtəlik götürmüşdür. Lakin, əlavə razılaşmada mexaniki səhv buraxılaraq qalan borcun 14.000 AZN əvəzinə 15.000 AZN qeydə alınması məhkəmənin yalnış qənaətə gəlməsinə səbəb olmuşdur. Müqavilə tərəfləri cihazın ümumi dəyərinin 22.000 AZN, 8.000 AZN-in ödənilməsi və qalan borcun məhz 14.000 AZN olmasını heç bir halda mübahisələndirmirlər. Səhv yalnız əlavədə yazılmış mexaniki rəqəm fərqidir. Sonradan iddiaçı özü cavabdeh tərəfindən əlavə olaraq 2.000 manat ödənişin edildiyini etiraf etmişdir. Buna baxmayaraq, rayon məhkəməsi cavabdehdən 12.000 manat əvəzinə əsasız olaraq 13.000 manat tutulmasına dair qərar qəbul etmişdir. Belə ki, məhkəmə müqavilə və əlavə razılaşmadakı rəqəmləri düzgün araşdırmadan, mexaniki səhv əsas götürərək qeyri-dəqiq hesablamaya yol verilmişdir. İşə onların iştirakı olmadan baxaraq yekun qərar qəbul edilməsinə etiraz etməmişlər. Həmçinin iddaçı "xxxx" MMC-nin direktoru məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxaraq qərar qəbul etməyi xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

18. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

22. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı apellyasya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni 12000 manatdan artıq hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1168/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

37. İşin hallarından müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 iyun 2021-ci il tarixdə qiyməti 22.000 manat olan İki dalğalı (980+1470 man) endolazer cihazınının alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh iki dalğalı (980+1470 man) endolazer cihazın ilkin ödəniş olaraq 5000 manat nəğd ödəniş etdikdən sonra, 25 iyun 2021-ci il tarixə 3000 manat, qalan məbləği isə 10 ay müddətinə, hər ay 1400 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməməsi səbəbindən "xxxx" MMC ilə X6 arasında 06 iyun 2024-cü il tarixdə 01 iyun 2021-ci il tarixli, D/28 saylı alqı-satqı müqaviləsinə 01 №-li Əlavə Razılaşma bağlanmış, həmin Razılaşmaya görə tərəflər arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı alqı-satqı müqaviləsi əsasında alıcının müqavilə bağlanan günədək (xx.xx.2024-cü ilədək) 15.000 (on beş min) manat ödənilməmiş borcu qalmışdır. Həmin razılaşmanın 3-cü bəndində “Alıcı” Cavabdeh 01 iyun 2021-ci il tarixli, D/28 saylı alqı-satqı müqaviləsinə “satıcı”ya ödəməli olduğu 22.000 (iyirmi iki min) manatdan borclu qaldığı 15.000 (on beş min) manat məbləği 2 ay müddətinə, yəni hazırki Razılaşma bağlandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmasına alıcı razılaşmışdır. Lakin, borclu Cavabdeh 06 iyun 2024-cü il tarixli Razılaşma üzrə də üzərinə götüdüyü öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh borcundan 2000 manay ödəniş etmiş və iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia tələbini azaldaraq cavabdehdən 13000 manat borcun və 135 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13135 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, faktiki mövcud borcun 12000 manat təşkil etdiyi halda, ondan 13000 manat pul tutulması ilə bağlı qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC ilə X6 arasında 06 iyun 2024-cü il tarixdə 01 iyun 2021-ci il tarixli, D/28 saylı alqı-satqı müqaviləsinə 01 №-li Əlavə həmin Razılaşmaya görə tərəflər arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı alqısatqı müqaviləsi əsasında alıcının müqavilə bağlanan günədək (xx.xx.2024-cü ilədək) 15.000 (on beş min) manat ödənilməmiş borcu qalmışdır. Həmin razılaşmanın 3-cü bəndində “Alıcı” Cavabdeh 01 iyun 2021-ci il tarixli, D/28 saylı alqı-satqı müqaviləsinə “satıcı”ya ödəməli olduğu 22.000 (iyirmi iki min) manatdan borclu qaldığı 15.000 (on beş min) manat məbləği 2 ay müddətinə, yəni hazırki Razılaşma bağlandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmasına Gündüz Bayrmov razılşamışdır. Məhkəmə icraatı zamanı isə borcundan 2000 manat ödəniş etməsi nəzərə alınsa onun iddiaçı təşkilata qalan borcunun 13000 (on üç min) manat təşkil etməsi müəyyən olunur.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iki dalğalı (980+1470 man) endolazer cihazın ilkin ödəniş olaraq 5000 manat nəğd ödəniş etdikdən sonra, 25 iyun 2021-ci il tarixə 3000 manat, sonradan isə 2000 manat ödəmiş, bununla da, onun iddiaçıya 12000 manat borcu qalmışdır. Lakin cavabdeh 5000 manat nəğd ödəniş etdikdən sonra 25 iyun 2021-ci il tarixə 3000 manat ödəməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında 06 iyun 2024-cü il tarixdə 01 iyun 2021-ci il tarixli, D/28 saylı alqı-satqı müqaviləsinə 01 №-li Əlavədə tərəflər arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı alqı-satqı müqaviləsi əsasında alıcının müqaviləyə əlavə bağlanan günədək (xx.xx.2024-cü ilədək) 15.000 (on beş min) manat ödənilməmiş borcu qalması qeyd edilmiş və hər iki tərəf bunu təsdiq etmmişdir.

40. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə mühasibatlıq ekspertizası təyin etməməsi, həmçinin apellyasiya icraatı zamanı mühasibatlıq ekspertizasının təyin edilməsinin zəruriliyi dəlili ilə bağlı qeyd edir ki, cavabdeh ödəməli olduğu 22000 manatdan 5000, 3000, 2000 manat olmaqla üç dəfə ödəniş etdiyini qeyd etməklə iddiaçıya 12000 manat borcunun qalmasını etiraf edir. Lakin cavabdeh iddiaçıya 5000, 3000 və 2000 manat ödəniş etməsini təsdiqləyəcək heç bir sübut təqdim etməmişdir. MPM-nin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Lakin hazırkı iş üzrə tələb edilən ödənişləri hesablamaq üçün hər hansı xüsusi biliyə ehtiyac yoxdur. Cavabdeh etdiyi ödənişləri təsdiqləyəcək sübutları təqdim etdiyi halda sadə hesablama yolu cavabdehin iddiçıaya olan borcunun hesablanması mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin mühasibatlıq ekspertizası təyin edilməsi barədə dəlilləri işə baxılmasının uzadılması məqsədi daşıyır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə mahiyyəti üzrə düzgün olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda birinci instansiya məhkəməsinin aktı qismən, yəni 1000 manat hissədə mübahisələndirildiyindən hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Ağdam Rayon Məhkəməsinin 2(013)-1168/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X6 və onun nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1168/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar