Məhkəmə qərarları › İş №2(104)-181/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-181/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-181/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(013)-250/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 02 iyul 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “Kia Sportage” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus “Mersedes E220” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və zərbənin təsirindən iddiaçının idarə etdiyi avtomobil ondan öndə dayanmış “Tuarel markalı” **-NL-*** dövlət nömrə nişanlı avtomobilə çırpılmış və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə öndən və arxadan xəsarət dəymiş və nəticədə iddiaçı maddi ziyana düşmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin zərərin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 6030 manat, əzilmiş avtomobilin evokuasiyası üçün ödədiyi 35 manat xərcin, avtomobilin müayinəsi üçün "xxxx" MMC servisə ödədiyi 100 manat xərcin, hüquqi xidmətlər üçün ödədiyi 50 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 81 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 iyul 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində özünə məxsus “Mersedes E220” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi ilə 4-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan zaman “Pioner” sağlamlıq mərkəzinin qarşısında “Tuarel markalı” **-NL-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görüb məcbur olub həmin avtomobilin arxa hissəsində dayanmışdır. Elə bu zaman arxadan gələn “Kia Sportage” markalı **-OY-*** dövlət nömrə nişanlı avtomobilin gəldiyi sürətlə onun avtomobilinə çırpılmışdır. Zərbənin təsirindən onun idarə etdiyi avtomobilin ondan öndə olan “Tuarel markalı” **-NL-*** dövlət nömrə nişanlı avtomobilə çırpılmış və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə öndən və arxadan xeyli maddi ziyan dəymişdir. Həmin yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən şəxsin “Kia Sportage” markalı **-OY-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Cavabdeh olmuşdur. Onun ara məsafəsini saxlama qaydasını kobud şəkildə pozmuş və DYP-nin əməkdaşları tərəfindən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməklə cərimə edilmişdir. Bundan başqa, hadisə nəticəsində ona məxsus avtomobilə dəyən zərərin əvəzini ödəməsi üçün dəfələrlə cavabdehə müraciət etmişdir, lakin cavabdeh zərərin əvəzini ödəməkdən imtina etmişdir. Odur ki, avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 6030 manat, əzilmiş avtomobilin evokuasiyası üçün ödədiyi 35 manat xərcin, avtomobilin müayinəsi üçün "xxxx" MMC servisə ödədiyi 100 manat xərcin, hüquqi xidmətlər üçün ödədiyi 50 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 81 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-250/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulan maddi ziyan qismində 4255.0 (dörd min iki yüz əlli beş) manat məbləğində pul və ödənilmiş 81.0 (səksən bir) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatlarının ümumilikdə 50.0 (əlli) manat ekpertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köcürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097, 1115-ci maddələrini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(013)-250 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qiymətləndirmə haqqında qanun 8-maddəsinə əsasən qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Belə olduğu halda hakim məhkəmə iclası zamanı toplanmış qiymətləndirmə rəylərində göstərilən məbləğlərdə uyğunsuzluğun olduğunu nəzərə almamışdır. İşəbaxan məhkəmə iddia ərizəsini araşdıran zaman “ MERSEDES E220” markalı **-CK-*** dövlət nömrə nişanlı avtomaşına qəza nəticəsində dəyən ziyanın ödənilməsinə dair iddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmiş "xxxx"MMC- tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qiymətləndirmə rəyində 6050 manat olmasını, onun məhkəmə iclası zamanı təqdim etdiyi Sığorta şirkətinin sifarişinə əsasən “EKA” servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qiymətləndirmə rəyində 3455 manat olmasını və işə baxan məhkəmə tərəfindən qəbul edilmiş qərardada əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyində isə 4255 manat olması qiymətləndirmə rəyləri arasında ziddiyət yaratmasını nəzərə alaraq məhkəmə prosesi gedən müddəti onun məhkəmədə dediyi əsasların tam aydınlaşdırılmaması apellyasiya şikayyəti verməsinə əsasdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu ( delikt ) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin normalarını əhatəli təhlil edərək kollegiya hesab edir ki, iddia tələbi qismən əsaslıdır və birinci instansiya məhkəməsi gəldiyi nəticədə qanuni və əsaslı olmuşdur. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi barədədir. Belə olan halda, iddianın təmin olunması üçün törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi Bakı şəhər DYPİ-nin TP ******* saylı 02 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələrinə əsasən barəsində “cərimə” inzibati tənbeh növü tətbiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati xətaya baxılarkən maddi zərərin ödənilməsinə dair tələbə baxılması və müvafiq olaraq dəymiş zərərin məbləğin tutulmasına dair sübutlar mövcud deyildir. İnzibati orqan tərəfindən yalnız baş vermiş inzibati xətaya görə tərtib olunmuş protokola baxmış və sürücünün nəqliyyat vasitəsini idarə edərkən pozuntuya yol verməsi müəyyən olunaraq o təqsirli hesab edilmişdir. Göstərilən elektron qərarın mövcud olması zərər vurulmuş şəxsi dəymiş zərəri tələb etmək imkanından məhrum etmir. İşin hallarından da görünür ki, iddiaçıya ziyan vurulmasında cavabdehin əməli hüquqa zidd olub, cavabdehin əməli (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər dəyib və bu zərərlə cavabdehin hüquqa zidd əməli arasında səbəbli əlaqə olub. İş materiallarında olan “EKA” servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesablanmasına dair akt”da, “Mersedes E220” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşına qəza nəticəsində dəyən zərərin həcmi 3455.0 manat, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Qiymətləndirmə Rəyi”ndə isə görünür ki, “Mersedes E220” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşına qəza nəticəsində dəyən zərərin həcmi 6030 manat müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 9/1197 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Eka” servis və "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınaraq 1999-cu il buraxılışlı “Mersedes E220” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 4255,0 manat müəyyən edilmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Ona görə də cavabdehin apellyasiya şikayətində qeyd etdikləri əsassızdır və mülki iş üzrə əlavə qiymətləndirmə keçirilməsinə lüzum yoxdur. Həmçinin cavabdeh ekspert rəyini təkzib edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də ekspert rəyi və mülki iş materiallarında olan sənədlər əsas tutulmaqla, 12 may 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 4255,0 manat məbləğində maddi ziyanı cavabdehdən iddiaçının xeyrinə tutmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlimişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-250/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar