Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1812/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)-870/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında 25 aprel 2012-ci il tarixli AZ-İİ seriyalı 873192 nömrəli şəhadətnamənin surətindən görünür ki, X2 27 mart 2012-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
2. Doğum haqqında 27 yanvar 2016-cı il tarixli AZ-İİİ seriyalı 647602 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 01 yanvar 2016-cı il tarixdə Şəmkir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
3. Nikahın pozulması haqqında 03 dekabr 2020-ci il tarixli AZ-İ seriyalı 362794 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(076)-1735/2020 nömrəli qətnaməsinə əsasən pozulmuşdur.
4. Şəmkir Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(076)-1701/2020 nömrəli qətnaməsindən görünür ki, 08 iyun 2020-ci il tarixdən başlayaraq 27 mart 2012-ci il tarixdə anadan olmuş X2 və 01 yanvar 2016-cı il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli 2(104)-1681/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 08 aprel 2009-cu il təvəllüdlü Tünar adlı uşağın Cavabdehdan alınaraq İddiaçı himayəsinə verilməsinə dair iddia tələbi təmin olunmamışdır.
6. E-sosial portaldan çıxarışdan görünür ki, Cavabdeh işsizdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Qəmər və Namiq adlı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(076)-1701/2020 nömrəli qətnaməsi ilə 08 iyun 2020-ci il tarixdən başlayaraq 27 mart 2012-ci il tarixdə anadan olmuş X2 və 01 yanvar 2016-cı il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Müəyyən olunmuş alimentin məbləği hazırda uşaqların maddi ehtiyaclarını ödəməyə kifayət etmir. Belə ki, uşaqlar məktəblidirlər, qida, eləcədə geyim əşyalarını təmin etməkdə çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğuldur və kifayət qədər yaxşı imkana malikdir.
9. Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)-870/2023 nömrəli qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbi qimsən təmin edilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 27 mart 2012-ci il tarixdə doğulmuş Qəmər və 01 yanvar 2016-cı il tarixdə doğulmuş Namiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(076)-1701/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi; İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsi; Cavabdeh 58,4 manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112.1 maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8, 13, 19 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 112.1.3, 216-220, 233.4, 235, 360-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, onun məhkəmə iclaslarında iştirakı təmin olunmamış və yalnız iddiaçı tərəfindən təqdim olunmuş subutlara istinad olunmuşdur. Rəsmi işi yoxdur və yalnız günəmuzd fəhlə işləyir. Həmçinin iddiaçı ilə birgə nikahlarından anadan olmuş 04 aprel 2009-cu il təvəllüdlü Tünar adlı uşaq da onun himayəsindədir. Hər ay hər uşağa görə 160 manat aliment ödəməyə maddi imkanı yoxdur. Lakin birinci instansiya məhkəməsi uşaqların saxlanılmasının hər iki valideyinin vəzifəsi olmasını, eləcədə onun himayəsində uşaq olmasını nəzərə almamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birgə nikahlarından 3 uşaqları anadan olmuş, uşaqlardan ikisi onun, biri isə cavabdehin himayəsindədir. İşsizdir və uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdehin mülkiyyətində “VAZ 2107” markalı avtomobil var və taksi fəaliyyəti ilə məşğul olur, eləcədə xeyir-şər mağarı var və onu kirayə verir və ümumilikdə 700 manatdan çox hər ay qazanc əldə edir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Sonuncu teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
19. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
24. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 27 mart 2012-ci il tarixdə doğulmuş Qəmər və 01 yanvar 2016-cı il tarixdə doğulmuş Namiq adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(076)-1701/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını artıraraq hər ay hər uşaq üçün 160 manat müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.
35. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş 27 mart 2012-ci il təvəllüdlü Qəmər, 01 yanvar 2016-cı il təvəllüdlü Namiq adlı uşaqları iddiaçının (ananın), 04 aprel 2009cu il təvəllüdlü Tunar adlı uşaq isə cavabdehin (atanın) himayəsindədir. Şəmkir Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(076)-1701/2020 nömrəli qətnaməsi ilə 08 iyun 2020-ci il tarixdən başlayaraq 27 mart 2012-ci il tarixdə anadan olmuş X2 və 01 yanvar 2016-cı il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşaqların məktəbli olmasını və tələbatlarının artmasını əsəs gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də müəyyən olunmuş alimentin miqdarını hər ay hər uşaq üçün 30 manat artıraraq hər birinə münasibətdə 160 manat müəyyən etmişdir.
37. Cavabdeh apellyasiya şikayətində uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat aliment ödəmək imkanının olmamasını, eləcədə 04 aprel 2009-cu il təvəllüdlü Tunar adlı uşağın onun himayəsində olmasını əsas gətirərək iddia tələbinin təmin olunması hissədə qətnamənin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və gəldiyi nəticəni onunla əsaslandırır ki, bundan öncə məhkəmə qətnaməsi ilə hər uşaq üçün müəyyən olunmuş 130 manat aliment adları qeyd olunan uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyümələri və inkişaf etmələri üçün heçdə yetərli hesab oluna bilməz.
38. Belə ki, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur.
39. Eləcədə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
40. 04 aprel 2009-cu il təvəllüdlü Tunar adlı uşağın cavabdehin himayəsində olmasına münasibətdə isə kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 78.3. maddəsinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyindən az təminatlı digər valideyinin xeyrinə hər ay tutulan alimentin miqdarı bu məcəllənin 78.2. maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi hər iki valideyində uşaq qalarsa bu halda aztəminatlı olan valideyinin xeyrinə digər valideyindən aliment tutula bilər. Şəmkir Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(076)-1701/2020 nömrəli qətnaməsi ilə 08 iyun 2020-ci il tarixdən başlayaraq 27 mart 2012-ci il tarixdə anadan olmuş X2 və 01 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 manat aliment İddiaçı xeyrinə tutulmuşdur. İşin qeyd olunan bu halı özlüyündə onu dəməyə əsas verir ki, biri-digərinə münasibətdə İddiaçı aztəminatlı valideyin hesab olunur.
41. Hər uşaq üçün müəyyən olunmuş 130 manat alimentin miqdarının artırılaraq 160 manat müəyyən olunmasına münasibətdə isə kollegiya qeyd edir ki, həmin miqdarda aliment adları qeyd olunan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması, eləcədə uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyümələri və inkişaf etmələri üçün maraqlarına uyğundur.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nörmaları düzgün tətbiq edilmişdir, qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Artırılmış alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(076)-870/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.