Məhkəmə qərarları › İş №2(104)-1815/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1815/2023

21.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1815/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər – Süleymanov Loğman Srac oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(021)-1310/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 02 dekabr 2022-ci il tarixli, “X8” MMC-nin Bərdə rayon Şirvanlı kəndində yerləşən qeyri yaşayış sahəsinə çəkilmiş xərcin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.84 kv.m olan qeyri yaşayış binasının tiktintisi üçün hazırki vaxta mövcud bazar dəyərinə uyğun olaraq qiymət qoyulmuşdur 4000 m, Qeyri yaşayış sahəsinin cəmi bazar dəyəri 4000 m, Qeyri yaşayış sahəsinin, cəmi likvid dəyəri 3500 manat müəyyən olunmuşdur. 25 iyun 1999-cu il tarixli, JN-104, KOD-61023038 nömrəli Torpaq mülkiyyəti haqqda Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, X1, X7, X2, X4, X6, X3, İddiaçı Bərdə rayonu Şirvanlı kəndində Bərdə rayon X5 22 iyun 1998-ci il tarixli, 09 nömrəli sənədi ilə həmin şəxslərin mülkiyyətinə 1.27 hektar pay torpaq sahəsi verilmişdir. DƏDKR X14 7 saylı Bərdə Ərazi İdarəsinin verdiyi rəyin surətindən görünür ki, iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmış Bərdə rayon Uğurbəyli kəndində yerləşən 0.1120 ha torpaq sahsində cavabdeh İddiaçı tərəfindən 85 kv.m (14.2 x 6) ölçüdə mişar aşından yarımçıq tikili inşa etmişdir. Cavabdeh İddiaçı tərəfindən inşa edilmiş mübahisəli tikili TEKUİS-nə əsasən Torpağa mülkiyyət hüququna dair JN-104, KOD 61023038 saylı Dövlət aktı ilə cavabdeh İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.27 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq torpaqdan çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin predmentini təşkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən, 3500 manat pulun və 55 manat dövlət rüsumunun cavabdehdən alınıb verilməsinə və qanunsuz tikilən tikilinin şəxsi hesabına sökülərək əvvəlki vəziyyətinə salınmasına dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun obyektini sökərək qeyri qanuni öz obyektini tikmişdir. Halbuki həmin obyektin sökülməsinə dair Bərdə rayon məhkəməsinə iddia ərizəsi vermiş, Bərdə rayon məhkəməsi xx.xx.2022 ci il tarixdə 2(021)- 363 saylı qətnamə qəbul edərək iddianı təmin etməmişdir. Lakin cavabdeh güc yolu ilə ona məxsus obyekti gecə sökərək 3500 manat ziyan vurmuşdur. Hesab edir ki, özünün qeyri qanuni tikdiyi obyekt sökülərək əvvəlki vəziyətinə salınmaqla ona vurduğu ziyanın ödənilməsinə zərurət vardır. Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.84 kv.m olan qeyri yaşayış binasına dəymiş ziyan mütəxəssis rəyi ilə bazar dəyəri 4000 m, likvid dəyəri isə 3500 manat müəyyən olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(021)-1310/2023 nömrəli nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı sökülərək ona 3500 manat dəyərində ziyan vurulmasını iddia etdiyi tikilinin Cavabdeh tərəfindən sökülməsini sübut edə bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar (şahid ifadələri, video və fotogörüntülər, yazılı sənədlər, cinayət işinin başlanması və ya başlanmasının rəddinə dair qərar və s.) təqdim etməmişdir. Beləliklə də cavabdeh tərəfindən mülki hüquq pozuntusunun törədilməsi yəni tikilinin sökülməsi və ya tikilinin sökülməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən hazırki maddi ziyanın cavabdehdən tutulması yol verilməzdir. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci, 1096.1, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(021)-1310/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun şəxsi vəsaiti hesabına tikdirdiyi binanın məhkəmə qətnaməsi olmadan qeyri qanuni sökülməsi yolverilməzdir və qanuna ziddir. Həmçinin həmin obyektin sökülərək çıxarılması barədə cavabdeh tərəf məhkəməyə iddia ərizəsi vermişdir. Hakim iddianı təmin etməyərək rədd etmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayəti verməmiş zora gücə üstünlük verərək qeyri qanuni onun obyektini sökərək yarasız vəziyyətə salmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh ona məxsus obyekti sökərək 3500 manat maddi ziyan vurmuşdur. Belə ki, sökülmüş daşlar hələ də Eminin sahəsinə yığılmışdır. Hesab edir ki, özünün qeyri qanuni tikdiyi obyekt sökülərək əvvəlki vəziyyətə salınmaqla ona vurduğu ziyanın ödənilməsinə zərurət vardır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-26/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yöləldiyindən, hazırkı qətnaməsinin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(021)-1310/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçı onun şəxsi vəsaiti hesabına tikdirdiyi yarımçıq tikilinin cavabdeh tərəfindən məhkəmə qətnaməsi olmadan qeyri qanuni sökülməsini göstərmişdir. Halbu ki, qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq torpaqdan çıxarılması tələbinə dair iddiası rədd edilmiş və müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh mülkiyyətində olan mübahisə edilən tikilinin cavabdeh İddiaçı tərəfindən tikilməsi müəyyən edilmir. Həmin qətnamə üzrə izahatı alınmış cavabdeh İddiaçı göstərmişdir ki, tikilini o tikməmiş və kimin tikməsi ona bəlli deyildir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinin tələbləri baxımından, mübahisəli tikilinin cavabdeh İddiaçı tərəfindən tikilməməsinin yenidən sübut edilməsinə zərurət yoxdur. Belə olan halda, iddiaçının mübahisə edilən tikilinin sökülməsi ilə bağlı dəymiş ziyanla bağlı iddiasının hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(021)-1310/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(021)-1310/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar