Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1817/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QİYABİ QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı pul tələbinə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(021)-1295/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi. İşin halları
1. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış HK-1/1541, nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
2. X3 izahatında göstərmişdir ki, Bərdə rayon Mirzəcəfərli kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. İddiaçı təqribən 4-5 ildir ki, tanıyır və onurla aralarında heç bir qohumluq əlaqələri olmamışdır. Bərdə rayon Otuzikilər kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 tanıyır və həmin şəxslərin yanında işçi kimi işləmişdir. İddiaçı təqribən 2 il müddətində Valeh və Şöhrətə nisyə olaraq süd satmış və sonradan pulun vermişlər. 2021-ci ilin sentyabr ayının axırlarında İddiaçı Bərdə rayonu Otuzikilər kəndində yerləşən Valeh və Şöhrətin işlətdiyi süd sexinə 5000 manat dəyərində 20 ton süd gətirmişdir. Həmin vaxt o sexdə olmuş və Elgiz südü Valeh və Şöhrətə nisyə olaraq satmış və həmin vaxt Valeh və Şöhrət aldıqları südün 5000 manat pulunu 15 gün ərzində verəcəklərini bildirmişlər Sonradan ona məlum olmuşdur ki, Valeh və Şöhrət Elgizin 5000 manat pulunu verməmişdirlər.
3. X1 izahatında göstərmişdir ki, Ağdam rayon Təzəkənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. İddiaçı uzun müddətdir ki, tanıyır. O, Elgizin süd alqı-satqısında ona köməklik göstərmişdir. Bərdə rayon Otuzikilər kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 tanıyır, Elgiz həmin şəxslərə nisyə olaraq süd satmış və sonradan pulunu vermişlər. 2021-ci ilin sentyabr ayının axırlarında İddiaçıla birlikdə Bərdə rayonu Otuzikilər kəndində yerləşən Valeh və Şöhrətin işlətdiyi süd sexinə 5000 manat dəyərində süd gətirmişlər. Həmin vaxt Elgiz südü Valeh və Şöhrətə nisyə olaraq satmış, Valeh və Şöhrət aldıqları südün 5000 manat pulunu 15 gün ərzində verəcəklərini bildirmişdilər. Lakin, sonradan Valeh və Şöhrət Elgizin 5000 manat pulunu verməmişdirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat məbləğində pulun və 250 manat əldən çıxmış faydanın, cəmi 5250 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Ağdam rayonu, Qalayçılar kəndindən məcburi köçkün düşdükdən sonra Tərtər rayonu, Şıxarx qəsəbəsi, bina 15, mənzil 6-da məskunlaşmışdır. O süd alveri ilə məşğul olaraq ailəsini dolandırır. Tanıdığı şəxslərdən süd yığaraq pendir emalı sexlərinə verir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 süd alveri ilə bağlı tanımışdır. Cavabdehlərin Bərdə rayonu, Otuzikilər kəndi ərazisində pendir emalı sexləri var. Onlarla aralarında olan razılaşmaya əsasən o cavabdehlərə süd yığıb verirdi, 15 gün sonra isə südün pulunu ona verirdilər. Onlar 2019cu ildən bu işlə məşğul olmuşlar. 2021-ci ilin sentyabr ayında cavabdehlərə 5000 manat dəyərində süd məhsulu vermişdir. Həmişəki kimi cavabdehlər 15 gün sonra ona 5000 manat ödəməli idilər. Cavabdehlər onlara süd verməyi dayandırdığına görə borclu qaldıqları 5000 manat südün pulunu ona vermədilər. Cavabdehin pulu vaxtında qaytarmadığına görə ona maddi ziyan dəymişdir. Əgər həmin pul onda olsa idi, o xeyli gəlir əldə edəcəkdi. Cavabdehlər əsassız olaraq onun pulunu saxlamaqla faydalanmışdır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Cavabdehlər onun pulunu əsassız olaraq 1 ildən artıq müddətdir ki, saxlayıb faydalandığına görə ona gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 250 manat pul ödəməlidir. Əvvəllər müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəklərini bildirsələr də son vaxtlar ödəmək istəmirlər. O da məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(021)-1295/2023 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 385.1, 386.1, 390.1, 405.1, 425.1, 427.3, 442, 443.1, 567, 600.4, 601.1 və 601.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.2, 88, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023cü il tarixli, 2(021)-1295/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə onun heç bir şahidini dindirmədən qərar qəbul etmişdir. Bu da onun hüquqlarına toxunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlərin pendir emalı sexləri vardır. O, buna görə də cavabdehlərlə uzun müddətdir ki, süd satmışdır. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında onlara 5000 manat dəyərində süd vermişdir. Bu zaman isə aralarında olan razılşamaya görə cavabdehlər 15 gün ərzində ödənişi etməli idilər. Lakin, sonuncular üzərinə götürdükləri öhdəliyi yerinə yetirməmiş və südün qiymətindən narazı olduqları üçün onun pulunu verməmişlər. Həmçinin, o iddia ərizsəsində pulunun uzun müddət cavabdehlərdə qaldığı üçün əldən çıxmış fayda kimi 250 manat pul da tələb etmişdir. Ancaq, iddia ərizəsində yanlış olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz kimi qeyd edilmişdir. Buna görə də iddianın həmin hissəsinə əldən çıxmış fayda kimi münasibət bildirilməsini xahiş etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə kollegiyasına ərizə təqdim edərək, mülki işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. O, iddiaçının yanında işləmiş və süd alğı-satqısında ona köməklik göstərmişdir. Həmçinin, Cavabdeh2 və Cavabdeh1 yaxşı tanıyır. Elgiz həmin şəxslərə nisyə olaraq 20 ton litr həcmində süd satmışdır. Lakin, cavabdehlər 5000 manat məbləğində pulu 15-20 gün ərzində qaytaracaqlarını bildirsələr də, pulu geri qaytarmamışlar.
13. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16]
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
17. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
21. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
26. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
38. Maddə 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür.
39. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.
40. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
41. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
42. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
49. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
51. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
52. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.
53. Həmçinin, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir.
54. Belə ki, müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçı 20 ton litr həcmində süd məhsulunu cavabdehlərə təhvil vermiş, cavabdehlər isə həmin məhsulun qiyməti olan 5000 manat 15 gün ərzində ödəyəcəyini bildirmişlər. Lakin, daha sonra cavabdehlər iddiaçıya aldığı südün dəyərini ödəməkdən imtina etmişlər.
55. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
56. Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
57. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
58. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
59. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
60. Mülki Məcəllənin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
61. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında işgüzar münasibətlər mövcud olmuş və cavabdehlər iddiaçıdan süd məhsulu almışlar. İşin bu halı mübahisəsizdir. Lakin, hazırda tərəflər arasında yaranmış mübahisəyə səbəb, həmin məhsulların dəyərinin ödənilməməsindən ibarətdir.
62. İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə sübut kimi öz izahatındən əlavə cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə yanaşı şahid ifadəsini də təqdim etmişdir.
63. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi).
64. Məhkəmə kollegiyası ilk öncə cinayət təqibi üzrə qüvvəyə minmiş qərara münasibət bildirərək qeyd edir ki, “cinayət işi başlanmasının rədd edilməsi barədə” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış HK-1/1541, nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
65. Azərbaycan Respublikasının MPM-in 80, 81 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verməlidir.
66. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
67. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
68. Belə ki, araşdırma zamanı ibtidai istinaq orqanına izahat vermiş X3 izahatında göstərmişdir ki, Bərdə rayon Mirzəcəfərli kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. İddiaçı təqribən 4-5 ildir ki, tanıyır və onurla aralarında heç bir qohumluq əlaqələri olmamışdır. Bərdə rayon Otuzikilər kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 tanıyır və həmin şəxslərin yanında işçi kimi işləmişdir. İddiaçı təqribən 2 il müddətində Valeh və Şöhrətə nisyə olaraq süd satmış və sonradan pulun vermişlər. 2021ci ilin sentyabr ayının axırlarında İddiaçı Bərdə rayonu Otuzikilər kəndində yerləşən Valeh və Şöhrətin işlətdiyi süd sexinə 5000 manat dəyərində 20 ton süd gətirmişdir. Həmin vaxt o sexdə olmuş və Elgiz südü Valeh və Şöhrətə nisyə olaraq satmış və həmin vaxt Valeh və Şöhrət aldıqları südün 5000 manat pulunu 15 gün ərzində verəcəklərini bildirmişlər Sonradan ona məlum olmuşdur ki, Valeh və Şöhrət Elgizin 5000 manat pulunu verməmişdirlər.
69. Məhkəmə kollegiyası qeyd edir ki, təhqiqat zamanı Ramil Məmmədovun verdiyi izahatda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə münasibətlərinin olduğunu və mübahisə yaranan dövrdə şahid cavabdehlərin yanında işlədiyini bildirmişdir. Göründüyü kimi, izahatda hadisənin baş vermə zamanının qeyd olunması, mübahisənin kimlər arasında baş verməsi, tərəflər arasında olan nisyə alğı-satqının hansı həcmdə və dəyərdə olduğunun dəqiq göstərilməsi, həmçinin ödəniş barədə şifahi razılşamanın hansı qaydada əldə edilməsinin göstərilməsi şahidin verdiyi izahatın inandırıcı və səmimi olmasına dair nəticəyə gəlmək üçün əsas verir. Digər tərəfdən kollegiya xüsusilə olaraq qeyd edir ki, şahid Ramil Məmmədovun tərəflər arasında mübahisənin baş verdiyi zaman cavabdehlərin yanında işçi kimi işləyərək bilavasitə olaraq hadisəyə şahid olması tərəflərin arasında həqiqətən də öhdəliklərin yarandığına zəmin yaradır, cavabdehlərin işçisi olduğu halda iddiaçının təsiri ilə sonuncunun xeyrinə qeyri-səmimi izahat verməsini, ümumiyyətlə işin nəticəsində maraqlı olmasını kollegiya inandırıcı və ağlabatan hesab etmir.
70. Məhkəmə kollegiyası iddiaçının digər sübutu olan şahid ifadəsinə də qiymət verməyi zəruri hesab edir.
71. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. O, iddiaçının yanında işləmiş və süd alğı-satqısında ona köməklik göstərmişdir. Həmçinin, Cavabdeh2 və Cavabdeh1 tanıyır, Elgiz həmin şəxslərə nisyə olaraq 20 ton litr həcmində süd satılmışdır. Lakin, cavabdehlər 5000 manat məbləğində pulu 15-20 gün ərzində qaytaracaqlarını bildirsələr də, pulu geri qaytarmamışlar.
72. MPM-nin 76-cı maddəsində əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
73. Nəzərə alımalıdır ki, sübutlar mümkünlüyü və aidliyi müəyyən olunduqdan sonra MPM-nin 88-ci maddəsinin tələbinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmaqla qiymətləndirilməlidir. Yuxarıda göstərilən faktların bu meyarlar üzrə sistemli təhlili birmənalı olaraq təsdiq edir ki, iddiaçının cavabdehlərə süd məhsulunu satması və satılan məhsulun sonuncular tərəfindən ödənilməməsi şahid Şamxal Qənbərovun gözü qarşısında cərəyan etmiş və hadisənin canlı şahidi olmuşdur. Bu amil onun ifadəsinin sübut kimi qəbul edilməsini şərtləndirir.
74. MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
75. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
76. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
77. Kollegiya işdə olan sübutları iddiaçının izahatı və iddianın dəlilləri ilə birlikdə qiymətləndirərək belə qənaətə gəlir ki, hadisələrin ardıcıllığı - cinayət təqibi üzrə qüvvəyə minmiş qərar və şahid ifadəsi onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında süd məhsulunun satılması barədə nisyə alğı-satqı barədə razılaşma olmuş, iddiaçı razılaşmaya əsasən 20 ton litr həcmində olan süd məhsulunu cavabdehlərə təhvil vermiş, lakin sonradan cavabdehlər tərəfindən razılaşdıqları müddət ərzində məhsulun pulu ödənilməmişdir.
78. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılsa da, heç bir məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ilə aralarında olan nisyə alğı-satqısına dair mübahisəyə aydınlıq gətirməmişdir.
79. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə kollegiyası iddianın əldən çıxmış faydanın verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır.
81. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya olan borcun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin üç il ərzində gəlirindən sonuncunu məhrum etmişdir.
82. Həqiqətən də, cavabdeh iddiaçının 5000 manat pul vəsaitini 3 il ərzində qanunsuz olaraq özündə saxlamaqla iddiaçını həmin pul vəsaitini dövriyyə etdirməklə əldə edəcəyi gəlirdən məhrum etmişdir.
83. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
85. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
86. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
87. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
88. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
89. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
90. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
93. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
94. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
95. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 238, 241, 242, 243, 244, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(021)-1295/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 (beş min) manat və 250 (iki yüz əlli) manat əldən çıxmış fayda olmaqla, cəmi 5250 (beş min iki yüz əlli) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Gəncə Apellyasiya Məhkəməsinə ərizə verməyə və ya qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.