Məhkəmə qərarları › İş №2(104)-1819/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1819/2023

21.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1819/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 nümayəndəsi İddiaçı3 və Cavabdeh nümayəndəsi (vəkil) X1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyan hesabına 19.800 manat, dövlət rüsumu hesabına ödənilmiş 150 manat pulun Cavabdeh alınaraq onların xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim F.Babaşov) iddia qismən təmin edilmiş, Cavabdeh 7920 (yeddi min doqquz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilməsi, ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçılara aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı Qərarına əsasən iddiaçılara Dövlət aktı əsasında Bərdə rayon Nazırlı kəndində yerləşən 2, 61 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi xx.xx.2004-cü il tarixdə 14000 manat pul qarşılığında ona satılmışdır.O, torpağın dəyəri olan 14000 manat pulu iki dəfə olmaqla hissə-hissə Bakı şəhərində iddiaçılardan İddiaçı3 vermişdir. Bu barədə İddiaçı3 öz xətti ilə yazdığı imzalı qəbz də var. Cavabdeh olaraq onun iddiaçılarla aralarında olan alqı-satqı prosesi baş tutduqdan sonra həmin torpaq sahəsinə aid olan Dövlət Aktını əslini də ona vermişlər. Bu günədək həmin torpağa dair su, vergi və s. xidmət haqları zun illərdir ki, onun tərəfindən ödənilir. Hal hazırda o iddiaçılara qarşı nəğd şəkildə hissə-hissə ödənilmiş 17200 manat məbləğində pulun, əldən çıxmış fayda 8600 manat olmaqla, ümumilikdə 25800 manat məbləğində pulun tutulmasına dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə iş üzrə xətşünaslıq ekspertizası təyin etmişdir. Cavabdeh nümayəndəsi (vəkil) X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdeh mübahisəli torpaq sahəsini 2004-cü ildə yazılı razılaşma ilə cavabdehə satdığından, həmin vaxtdan onun istifadəsində olmaqla, əkib-becərmişdir. Lakin mübahisə ilə bağlı Ali Məhkəmənin qərarından sonra isə həmin torpaq sahəsindən çıxmışdır. Belə olan halda, cavabdehdən pul tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi İddiaçı3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçılardan Qələm anası, Sahilə və Güldanə isə bacılarıdır. Mübahisəli torpaq sahəsini mərhum ataları 2011-ci ildə 700 manata cavabdehin icarəsinə vermişdir. Əslində torpaq sahəsini satmaq istəsələr də, aralarında razılıq əldə olunmamışdır. Ataları 2020-ci ildə vəfat etmişdir. Atalarının vəfatından sonra, hesab bedirlər ki, torpaq sahəsi özlərinə qayıtmalıdır və bu barədə məhkəmə qərarları vardır. Məhkəmə qərarından sonra torpaq sahəsi onlara təhvil verilsə də, ötən müddət üşün onlara maddi ziyan dəymişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apelyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətinin dəlillərində iddianın qismən təmin təmin edilmiş hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 3956/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməməklə, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan Bərdə rayon ikinci Nazırlı kəndində yerləşən 2,61 ha pay torpaq sahəsindən çıxarılması və iddiaçıların həmin torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının bərpa edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(021)-2564/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4204/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3956/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdehdən iddiaçıların xeyrinə cəmi 7.920 manat borc pul tutulmalıdır.. Belə ki, məhkəmə 1-ci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarix olan 17 avqust 2021-ci il tarixdən iş üzrə hazırki iddianın məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixədək olan 1(bir) il 05 (beş) aylıq dövrü əsas götürərək, icra hakimiyyəti tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli məktuba əsasən hazırda qara bazarda yonca otunun 1 bağlamasının qiymətini aşağı hədd olan 4 (dörd) manatdan götürməklə həmin rəqəmi 2,61 ha sahədən normal quruluqda bir mövsümdə olan 1320 ədəd normal yonca otu bağlamasındakı rəqəmə vurmaqla alınan rəqəmi 1 il 05 aylıq müddət dövrünə vurmaqla alınan rəqəmlə (4*1320=5280*1,5=7920 manat) zərərin hesablanmasını aparmış və cavabdehdən iddiaçılara vurduğu zərər olan 7920 (yeddi min doqquz yüz iyirmi) manat məbləğin tutulmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçılara Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 avqust tarixli 12 saylı qərarına əsasən 2,61 ha pay torpaq sahəsi verilmiş, həmin torpağa mülkiyyət hüququna dair JN-100 saylı KOD 61022028 olan Dövlət Aktı da almışlar. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 3956/2021 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan Bərdə rayon ikinci Nazırlı kəndində yerləşən 2,61 ha pay torpaq sahəsindən çıxarılması və iddiaçıların həmin torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının bərpa edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(021)- 2564/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4204/2022 saylı qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3956/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəf bildirir ki, mübahisəli torpaq sahəsini mərhum ataları 2011-ci ildə 700 manata cavabdehin icarəsinə vermişdir. Əslində torpaq sahəsini satmaq istəsələr də, aralarında razılıq əldə olunmamışdır. Ataları 2020-ci ildə vəfat etmişdir. Atalarının vəfatından sonra, hesab edirlər ki, torpaq sahəsi özlərinə qayıtmalıdır və bu barədə məhkəmə qərarları vardır. Cavabdeh tərəf isə qeyd edir ki, həmin torpaq sahəsini 2004-cü ildə yazılı razılaşma ilə iddiaçı tərəfdən 14000 manata əldə etmiş, mübahisə ilə bağlı Ali Məhkəmənin qərarından sonra həmin torpaq sahəsindən çıxmış və hazırda pul tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansı Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsindən cavabdeh tərəfin sahibliyi əsassız olmamış və iddiaçı tərəfin özünün təsdiqinə görə, həmin topraq sahəsi 2011-ci ildən mərhum atası tərəfindən cavabdehin icarəsinə vermiş, atalarının 2020-ci ildə vəfatından sonra, hesab eymişlər ki, torpaq sahəsi özlərinə qayıtmalıdır və ona görə də, torpaqdan çıxarılma ilə bağlı məhkəmədə iddia qaldırmışlar. Cavabdeh tərəf isə həmin torpaq sahəsini aralarında bağlanmış yazılı müqavilə ilə aldıqlarını bildirərək, məhkəmə qərarını mübahisələndirmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4204/2022 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 3956/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıldıqdsan sonra, həmin torpaq sahəsini boşaldaraq, pul tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı isə xx.xx.2023-cü ildə hazırkı iddia ilə məhkəməyə müraciət edərək, 2020-2022-ci illər üçün vurulmuş ziyanla bağlı pul tələb etmiş, halbu ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı xx.xx.2022-ci ildə qəbul edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh əmlaka sahibliyinin qanunsuz olduğunu Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci tarixli qərarından sonra bilir və bundan sonra da torpaq sahəsini boşaldır. Göründüyü kimi, Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən iddiaçı tərəfin heç bir etirazı olmadan, istifadə etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392-393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1332/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar