Məhkəmə qərarları › İş №2(104)-1822/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1822/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1822/2023 21.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(021)-470/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 05 sentyabr 2008-ci il tarixli 123 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 30 faiz olmaqla 05 sentyabr 2009-cu il tarixdək qaytarmaq şərti ilə 5000 manat kredit verilmişdir.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh 28 oktyabr 2022-ci il tarixə 2262,70 manat əsas, 169,70 manat faiz, 1485,83 manat müqavilə bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz olmaqla, cəmi 3918,23 manat İddiaçı ASC-yə ödənilməmiş borcu yaranmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi ilə Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2262,70 manat əsas, 169,70 manat faiz, 1485,83 manat müqavilə bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz olmaqla, cəmi 3918,23 manat borcun və ödənilmiş 59 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 05 sentyabr 2008-ci il tarixli 123 nömrəli kredit müqaviləsi bağlanmış və illik 30 faiz olmaqla 05 sentyabr 2009-cu il tarixədək ödəmək şərti ilə 5000 manat kredit verilmişdir. Bank tərəfindən müqavilə şərtləri tam yerinə yetirilsədə, borclu əsas və kreditdən istifadəyə görə faizləri ödəməmişdir. Nəticədə 2262,70 manat əsas, 169,70 manat faiz, 1485,83 manat müqavilə bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz olmaqla, cəmi 3918,23 manat borc yaranmışdır. Kreditor tərəfindən borcluya dəfələrlə şihafi xəbərdarlıq və yazılı bildirişlər göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir.

5. Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(021)-470/2023 nömrəli (hakim E.Əhmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 02 iyul 2008-ci il (texniki səhv olaraq 2018-ci il yazılıb) tarixli kredit müqaviləsi üzrə 2262,70 manat əsas borc, 169,70 manat faiz borcu, 1485,83 manat kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu olmaqla, cəmi 3918,23 manat kredit borcu və ödənilmiş 59 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 449.1, 449.4, 739.1, 739.2, 741 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 216- 220, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsi iclasın vaxtı və yeri barədə ona məlumat verməmiş vənəticədə çəkişmə pronsipinin tələbləri pozulmuşdur. Kredit müqaviləsi üzrə ümumilkdə 3574 manat ödəniş etmişdir. Son ödəniş tarixi 2009-cu ildə olmuşdur. Qalan borc isə bankda girovda olan qızıl-zinət əşyaları satışından əldə edilmiş vəsait hesabına ödənilmişdir. Beləliklə kredit borcu tam ödənilmişdir. Eləcədə kredit müqaviləsi 1 il müddətinə bağlanmış və son ödəniş tarixi 05 sentyabr 2012-ci il tarixi olmuşdur. Belə olan halda bankın məhkəmədə 05 sentyabr 2012-ci il tarixdək iddia qaldırmaq hüququ olsada, 2023-ci ildə müraciət etmişdir.Məhkəmə iclasında iştirakı təmin olunmadığından iddia müddətinin ötürülməsi barədə ərizəni təqdim edə bilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək, apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş iddia üzrə iddia müddəti ötürülmüşdür. Cavabdeh məhkəmə kollegiyasına iddia müddətinin tətbiqi barədə ərizə verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddiaianın rədd olunması barədə barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 372 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

14. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

15. Maddə 375 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

16. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

17. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən olunmuş qaydada məlumat verilməmiş və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir.

35. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində təsbit olunmuşdur.

36. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır.

37. “K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 noyabr 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinın Plenumu qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi bir sıra qərarlarında işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməsinin və məhkəmə sənədlərinin rəsmi qaydada təqdim olunmasının hüquq və azadlıqların məhkəmədə müdafiəsinin təmin edilməsi baxımından əhəmiyyətinə dair hüquqi mövqelərini ifadə etmişdir. Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında bir daha vurğulamışdır ki, həmin mevqeləri nəzərə almayaraq, məhkəmələr tərəfindən oxşar səhvlərin buraxılması yolverilməz hesab edilir və prosessual qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2. maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. İşin hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 05 sentyabr 2008-ci il tarixli 123 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 30 faiz olmaqla 05 sentyabr 2009-cu il tarixdək qaytarmaq şərti ilə 5000 manat kredit verilmişdir. Borcalan götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 40 Cavabdeh apellyasiya icraatı zamanı iddia müddətini tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Kollegiya cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyi ərizəni mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmalı, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Beləki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında 05 sentyabr 2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin son icra tarixi 05 sentyabr 2009-cu il göstərilmişdir. Eləcədə iddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, müqavilə üzrə sonuncu ödəniş 21 fevral 2011-ci il tarixdə olmuşdur. Müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edildiyindən iddiaçı 22 fevral 2014-cü il tarixədək məhkəməyə müraciət etməli olduğu halda15 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddi ərizəsi üç illik müddəti ötürüldükdən sonra verilmişdir.

41. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

42. Eləcədə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(021)-470/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası iddia müddətinin keçməsi əsasi ilə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

45. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi istisna olunur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 373, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(021)-470/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar