Məhkəmə qərarları › İş №2(104)-1835/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1835/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1835/2023 31.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X12 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Abdullayev Əlizamin Gülmalı oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdeh nümayəndəsi vəkil X5 iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2620/2014 saylı mülki iş üzrə 04 sentyabr 2014-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2010-cu il tarixli 2(040)-55/2010 nömrəli qiyabi qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh İddiaçı 53600 (əlli üç min altı yüz) ABŞ dolları məbləğində pulun manatla məzənnəsi ilə və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınıb, iddiaçı X7 xeyrinə ödənilməsi qət edilmişdir.

2. İşdə olan Cavabdeh 7E-11-6719 reyestr nömrəli, 04 iyul 2014-cü il tarixli ərizəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, Kəlbəcər Rayon Məhkəməsinə pul tələbinə dair iddia ilə müraciət etmiş, məhkəmənin 26 may 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən veriləcək 53600 (əlli üç min altı yüz) ABŞ dolları məbləğində pul onun tərəfindən X7 vasitəsi ilə X9 verilmişdir. Hal-hazırda həmin məbləğin 46600 (qırx altı min altı yüz) ABŞ dolları hissəsi ona ödənilmiş, 7000 (yeddi min) ABŞ dolları məbləğində borcu qalmışdır. Sonuncu həmin borcu xx.xx.2014-cü il tarixədək ödəməyi tam məsuliyyətlə öz üzərinə götürmüşdür. Əgər həmin müddətdə İddiaçı pulu ona ödəyərsə və Aynur Xudiyeva bu işlə bağlı şikayət edərsə məsuliyyəti öz üzərinə götürmüşdür.

3. İşdə olan 18 fevral 2009-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X14 ilə İddiaçı arasında borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X2 Əli Arif oğluna 53600 (əlli üç min altı yüz) ABŞ dolları pul borc vermiş, sonuncu həmin borcu 05 mart 2009-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 46600 ABŞ dollarının, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, keçmiş işçisi X14 ilə 18 fevral 2009-cu il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontorunda borc müqaviləsi bağlamış, X14 rəfiqəsindən müqavilədə göstərilən 53600 ABŞ dollarını hər ay 10 faiz ödəmək şərtilə borc alıb ona vermişdir. O, borc verən şəxsin X7 rəfiqəsi Cavabdeh olduğunu sonradan bilmişdir. Onun tərəfindən cavabdehə müxtəlif tarixlərdə 04 iyul 2014cü il tarixədək 46600 ABŞ dolları ödənmişdir. Bu faktı Gəncə şəhər 2 saylı Notariat Kontorunda Cavabdeh öz imzası ilə təsdiq etmişdir. Həmin borcdan 7000 ABŞ dolları borcu qalmışdır ki, onu da hissə-hissə ödəyir. X4 həmin pulu ondan tələb edərək Cavabdeh ilə əlbir olaraq onu aldatdığını bildirmişdir.

6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2620/2014 saylı mülki iş üzrə 04 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim: E.Əliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 46600 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Milli Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq, İddiaçı qaytarıllması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh nümayəndəsi vəkil X6 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2620/2014 saylı mülki iş üzrə 04 sentyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qətnamədə Kəlbəcər Rayon Məhkəməsinin qiyabi qətnaməsinin olması qeyd edilsə də, onun hər hansı formada icrası barədə heçnə göstərilməmişdir. Göründüyü kimi ərizə notariusda İddiaçı tərəfindən 04 iyul 2014-cü il tarixdə verilmiş və 04 sentyabr 2014-cü ildə hazırki iş üzrə qətnamə qəbul olunmuşdur. Cavabdeh həmin vaxt Türkiyə Respublikasına getmiş və bundan istifadə edən İddiaçı ona qarşı planlaşdırılmış şəkildə iddia qaldırmışdır. O, borc aldığı pulu hər vəclə geri qaytarmamağa çalışır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X6 apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İzahat verərkən nümayəndə həmçinin qeyd etdi ki, İddiaçı Cavabdeh özünə də borcu olmuşdur. Bundan başqa, hazırda X3 Rayon Məhkəməsinin 26 may 2010-cu il tarixli 2(040)-55/2010 nömrəli qətnaməsi ilə qət edilmiş 53600 (əlli üç min altı yüz) ABŞ dolları məbləğində pulu İddiaçı tələb etmədiyindən, İddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmamışdır.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdehlə aralarında əvvəllər çox yaxşı münasıbətləri olduğundan ona inanmış və Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2010-cu il tarixli 2(040)-55/2010 nömrəli qətnaməsinin icrası ilə bağlı ondan alınması qət edilmiş 53600 (əlli üç min altı yüz) ABŞ dolları məbləğində pulun 46600 ABŞ dolları məbləğində hissəsini Cavabdeh ödəmişdir. Belə ki, Cavabdeh onu inandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2010-cu il tarixli 2(040)-55/2010 nömrəli qətnaməsi ondan alınması qət edilmiş, 53600 (əlli üç min altı yüz) ABŞ dolları məbləğində pul X10 deyil, ona çatası puldur. Buna baxmayaraq, X14 həmin məbləğdə pulu ondan tələb etdiyindən hazırki iddianı qaldırmışdır. Onun Cavabdeh özünə heç bir borcu olmamlşdlr. Sonda iddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 14.Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.

17. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı tərəfindən X7 xeyrinə 53600 ABŞ dolları məbləğində pulun ödənilməsi qət edilmişdir. Lakin, İddiaçı həmin pulların bir qismini yəni ki, 46600 ABŞ dolları məbləğini Aynur Xudiyevaya deyil, hazırki işdə cavabdeh olan Cavabdeh ödəmişdir. Bu hal Cavabdeh xx.xx.2014-cü il tarixli ərizəsi ilə öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə iddia tələbini qismən təmin etmişdir.

37. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığını bildirmiş, qətnamənin ləğv edilməsini və ona qarşı irəli sürülən iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

38. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edərək, kollegiya hesab edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas sayıla bilməz.

39. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. İddia edilən məbləğdə pulun cavabdehə verildiyi işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə, öz üzərinə götürdüyü öhdəliyin yerinə yetirildiyini sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdehin nümayəndəsi işin araşdırılması zamanı İddiaçı Cavabdeh özünə borcunun olmasını bildirsə də, qanuni qüvvədə olan qətnamədən müəyyən olunur ki, İddiaçı Cavabdeh özünə deyil, X10 borcu olmuşdur. Digər tərəfdən, İddiaçı tərəfindən X7 xeyrinə 53600 ABŞ dolları məbləğində pulun alınmasının qət edildiyi Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Əli X1 ödəməli olduğu borcdan hər hansı bir məbləğdə pulun X10 qaytarıldığı barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu vəziyyətdə belə bir nəticə yaranır ki, İddiaçı tərəfindən X10 ödənilməli olan borcdan 46600 ABŞ dolları məbləğində pulun Cavabdeh verilməsi fakt kimi təsdiq olunsa da, İddiaçı X10 məhkəmə qətnaməsinə əsasən olan 53600 ABŞ dolları məbləğində borcundan heç bir məbləğ silinməmişdir. Başqa sözlə desək, İddiaçı tərəfindən X7 xeyrinə 53600 ABŞ dolları məbləğində pulun alınmasının qət edildiyi Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Əli X1 ödəməli olduğu borcdan hər hansı bir məbləğdə borcun X10 qaytarılmadığına və həmin qətnamə hazlrda da icra olunmalı olduğuna görə, Cavabdeh İddiaçı aldığı 46600 ABŞ dolları məbləğində pulla bağlı 04 iyul 2014-cü il tarixli ərizə əsasında öz üzərinə götürdüyü öhdəliklərin icrası üçün məsuliyyət daşıyır və İddiaçı aldığı 46600 ABŞ dolları məbləğində pulu ona qaytarmalıdır.

41. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2620/2014 saylı mülki iş üzrə 04 sentyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2620/2014 saylı mülki iş üzrə 04 sentyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar