Məhkəmə qərarları › İş №2(104)-1835/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1835/2025

18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1835/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X8 (sədrlik edən və məruzəçi), X9 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Fizuli oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-966/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 2823/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh hər ay 650 manat ailmentin alınaraq, X7 verilməsi qət edilmişdir.

2. İşdə olan X2 surətindən görünür ki, Cavabdeh və X13 07 may 2024-cü il tarixdə nikah bağlamışlar

3. İşdə olan X3 surətindən görünür ki, Cavabdeh və X10 nikah münasibətlərindən 02 fevral 2025-ci il tarixdə X4 doğulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat 4 İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2823/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay qazancının (gəlirini) 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması, həmçinin ödənilmiş 60 manat mediasiya xərcinin və hüquqi yardım üçün ödənilmiş 325 manatın alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə nikah bağlamışlar. Onların ailə münasibətlərindən xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər ay 650 manat alimentin Cavabdeh alınaraq, iddaçıya verilməsi qərara alınmışdır. İddiaçı həmin qətnamə ilə təyin edilmiş aliment ilə uşağın təminatını ödəməkdə çətinlik çəkir.Hazırda uşağın həkim və dərman xərcləri var. Cavabdeh bankda işləyir və 2023-cü ildən onun maddi vəziyyəti daha da yaxşılaşmışdır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-966/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərinə xitam verdikdən sonra, yenidən nikah bağlamış, həmin nikahdan da bir övladı doğulmuşdur. Yəni, o, hazırda faktiki olaraq iki uşaq saxlayır və bu hal birinci uşağa görə aliment təyin edildikdən sonra onun maddi vəziyyətinin yaxşılaşması halı kimi qiymətləndirilməməlidir. Bundan başqa, cavabdeh hazırda bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya 2025-ci ildə uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumundan 2,5 dəfə artıq aliment ödəyir və məhkəmənin qənaətinə görə uşağın tələbatlarını ödəmək üçün kifayət edir. Ona görə də, iddia tələbi təmin edilməməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1, və 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-966/2025 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-966/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdir ki, məhkəmə işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, iddianı qanunsuz şəkildə rədd etmiş, əsassız qətnamə qəbul etmişdir. Bu qətnamə ilə onun hüquqlarım pozulmuşdur. Eyni zamanda məhkəmə qətnaməsində cavabdehin aldığı məvacib barəsində hər hansı qeyd aparmamış, ancaq cavabdehin bildirdiyi 3600 manat (vergilər və s tutulmalardan sonra) məbləğə istinad etmişdir. Cavabdehin vergilər və s. tutulmalardan əvvəl maaşı 4720 manatdır və mümkün deyilki bu qədər tutulmalar aparılsın. Bundan başqa da o, alimentin miqdarının dəyişdirilməsi, cavabdehin qazancının (digər gəlirlərinin) 1/4 hissəsinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə isə iddianı rədd etməklə və qətnaməsində qeyd etməklə ki, “cavabdeh, hazırda faktiki olaraq iki uşaq saxlayır və bu hal birinci uşağa görə aliment təyin edildikdən sonra onun maddi vəziyyətinin yaxşılaşması halı kimi qiymətləndirilməməlidir” bildirərək işə obyektiv baxmadığını açıq şəkildə göstərmişdir. İlk dəfə aliment məbləğinin təyin edilməsindən sonra cavabdehin əmək haqqında kifayət qədər fərq yaranmışdır və onun ikinci dəfə ailə həyatı qurmasında və uşağının olması hazırki iddia tələbinin rədd edilməsinə əsas ola bilməz. Cavabdeh məhkəmə iclasında maaşının rəsmi olaraq çıxılmalardan sonra Vergilər Nazirliyinin saytında 3600 manat kimi göründüyünü qeyd etsə də, həmin məbləği qərəzli olaraq az bir şəkildə göstərmişdir, lakin həmin sayta baxdıqda tutulmalardan sonra onun maaşının 4100 manatdan artıq olması məlum olur. Həmçinin cavabdeh qeyd etmişdir ki, valideynləri himayəsindədir, eyni zamanda bacısını ailə tərkibi haqqında arayışda qeyd etdirmişdir. Bununla bağlı da bildirir ki, cavabdehin bacısı uzun müddətdir ki, ailəlidir və onunla yaşamır, həmçinin valideynləri də ayrı yaşayır. Belə olduqda bir daha görünür ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Məhkəmə qeyd olunan maddələrə istinad etsə də, sırf cavabdehin mənafeyindən çıxış edərək hazırki tələb üzrə aliment məbləğini cavabdehin əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsinə yönəltməmiş, qətnaməsini isə yalnız cavabdehin ifadəsinə əsasən əsaslandırmışdır. Lakin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin ümumi olaraq aldığı maaşdan əlavələri (bonus, mükafat və s digər gəlirləri) araşdırılsın və yekunda qanuna müvafiq qətnamə qəbul edilsin. İddia tələbi kifayət qədər əsaslandırmaq üçün nümayəndəsi banka sorğu vermiş cavab ala bilməmiş, məhkəmədən xahiş etmişlər ki, bununla əlaqədar məlumatları əldə etməkdə köməklik etsin. Çünki, cavabdehin bankda işləməklə maaşdan əlavə gəlirləri (bonus, mükafat və s gəlirlər) də olur və o sistemdə görünmür. Lakin, birinci instansiya məhkəməsi yalnız cavabdehin ifadəsinə əsaslanaraq gəlirini yalnız maaş barədə göstərdiyi az məbləğlə kifayətlənmişdir. Məhkəmə iclasında onlar tərəfindən təqdim olunan sübutlar lazımınca araşdırılmamış, vəsatətdə göstərilən hallar kifayət qədər aydınlaşdırılmamış, maddi və prosessual normaların pozulması ilə qətnamə çıxarılmışdır. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Əldə edə bilmədikləri sübutların əldə edilməsi üçün məhkəməyə müraciət etsələr də həmin hallarda məhkəmə tərəfindən təmin edilməmişdir. Yuxarıda qeyd etdiyi halların araşdırılmasını istəyir. Yəni, cavabdehin sistemdə görünən miqdarda maaşı vergilər tutulduqdan sonra o qədər kəskin azalması mümkün deyildir. Cavabdehin də qeyd etdiyi kimi əgər Vergilər Nazirliyinin saytına baxılsa onun tutulmalardan sonra maaşı 4100 manatdan artıqdır. Lakin, məhkəmə səhv qənaətə gələrək onun maaşını qətnamədə az göstərmişdir. Həmçinin cavabdehin yenidən ailə qurması hazırki iş üzrə iddia tələbinin rədd edilməsinə əsas verə bilməz. Çünki, cavabdeh kifayət qədər yüksək maaş alır, eyni zamanda bank işində də yalnız maaşy ox, eyni zamanda digər gəlirlər (bonusvə s əlavələr) də mövcud olur və həmin məlumatlar maaş göstərilən sistemdə mövcud olmur (məhkəmə elektron sistem vasitəsi ilə maaşdan əlavə gəlirləri görə bilmir). Lakin verilmiş sorğuya bank tərəfindən cavab verilməmiş, məhkəmə isə yalnız sistemdə görünən məbləğlə kifayətlənmişdir. Uşağın kifayət qədər xərcləri var və xəstəliyi ilə əlaqədar hazırda mütəmadi olaraq müalicələr alır, cavabdeh isə bugünədək heç bir yardım etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual normaların kobud şəkildə pozulması ilə çıxarılmış qətnamədir.

11. Cavabdeh Mehdizadə X6 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-966/2025 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı alimentin miqdarının dəyişdirilərək hər ay qazancının (gəlirimin) 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması tələbinə dair iddia ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(042)-966/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İş üzrə İddiaçı məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətinə etiraz edir və aşağıdakı faktlara görə apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, iddiaçı apellyasiya şikayətini aşağıdakı hallarla əsaslandırmışdır: 1. Apellyasiya şikayətində qeyd edilmişdir ki, “... cavabdehin maaşı 4100 manatdaan artıqdır. Lakin məhkəmə səhv qənaətə gələrək onun maaşını qətnamədə az göstərmişdir. Həmçinin qeyd etmək istəyirəm ki, cavabdehin yenidən ailə qurması hazırki iş üzrə iddia tələbinin rədd edilməsinə əsas verə bilməz. Çünki cavabdeh kifayət qədər yüksək maaşalır, eyni zamanda bank işində də yalnız maaş yox, eyni zamanda digər gəlirlər (bonus və s əlavələr) də mövcud olur və həmin məlumatlar maaş göstərilən sistemdə mövcud olmur (məhkəmə elektron sistem vasitəsi ilə maaşdan əlavə gəlirləri görə bilmir). Lakin verilmiş sorğuya bank tərəfindən cavab verilməmiş, məhkəmə isə yalnız sistemdə görünən məbləğlə kifayətlənmişdir. Uşağın kifayət qədər xərcləri var və xəstəliyi ilə əlaqədar hazırda mütəmadi olaraq müalicələr alır, cavabdeh isə bu günədək heç bir yardım etməmişdir”. İddiaçının bu arqumentini əsssız hesab edir ona görə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 2823/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan kifayət qədər yüksək məbləğdə, yəni hər ay 650 manat aliment tutulması qət edilmişdir. Halbuki 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu 246 manatdır. Həmçinin, qeyd edir ki, vergilər, sosial ödənişlər, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları çıxıldıqdan sonra onun aylıq əmək haqqım 3555.40 manat təşkil edir. Bu barədə hesablanmış əmək haqqından (GROSS) xalis əmək haqqını (NETT) əks etdirən məlumat vərəqini etiraza əlavə edir. Həmçinin o, ikinci dəfə ailə qurmuş, həmin ailədən bir övladı vardır. Həmin ailənin saxlanması xərcləri də onun üzərinə düşür. Ümumilikdə onun iki övladı vardır ki, o, hər iki övladının təminat səviyyəsini bərabər saxlamalıdır. Belə olan halda onun aldığı xalis əmək haqqından (3555 manat) hər iki övladına bərabər şəkildə bölünərsə, əmək haqqının 1/3 hissəsi 1185 manat edir. Həmin məbləğ də iki uşaq arasında bölünərsə, hər uşağa 592 manat düşür ki, hal-hazırda ödədiyi 650 manat aliment həmin məbləğdən daha yüksəkdir. Eləcə də himayəsində valideynləri vardır ki, bir övlad olaraq onları saxlamaq, maddi ehtiyaclarını qarşılamaq onun mənəvi borcu olmaqla yanaşı vəzifəsidir. Belə olan halda, alimentin sabit pul məbləğindən qazancımın ¼ hissəsinə dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi düzgün olaraq o qənaətə gəlmişdir ki, cavabdeh hazırda bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya 2025-ci ildə uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumundan 2,5 dəfə artıq aliment ödəyir və məhkəmənin qənaətinə görə uşağın tələbatlarını ödəmək üçün kifayət edir. Həmçinin, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərinə xitam verdikdən sonra, yenidən nikah bağlamış, həmin nikahdan da bir övladı doğulmuşdur. Yəni, o, hazırda faktiki olaraq iki uşaq saxlayır və bu hal birinci uşağa görə aliment təyin edildikdən sonra onun maddi vəziyyətinin yaxşılaşması halı kimi qiymətləndirilməməlidir. Odur ki, təyin edilmiş 650 manat alimentin sabit pul məbləğindən onun qazancımın ¼ hissəsinə dəyişdirilməsi barədə iddia tələbi əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Gədəbəy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-966/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti tamamilə əsassızdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-966/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:

21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

23. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

34. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

35. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-966/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməsli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

41. İş materiallarından görünür ki, iddaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X5 doğulmuşdur. Münasibətləri sonradan pisləşdiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 650 manat alimentin Cavabdeh alınaraq, iddaçıya verilməsi qərara alınmışdır. İddiaçı həmin qətnamə ilə təyin edilmiş aliment ilə uşağın təminatını ödəməkdə çətinlik çəkir. Hazırda uşağın həkim və dərman xərcləri var. Cavabdeh bankda işləyir və 2023-cü ildən onun maddi vəziyyəti daha da yaxşılaşmışdır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

42. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərinə xitam verdikdən sonra, yenidən nikah bağlamış, həmin nikahdan da bir övladı doğulmuşdur. Yəni, o, hazırda faktiki olaraq iki uşaq saxlayır və bu hal birinci uşağa görə aliment təyin edildikdən sonra onun onun maddi vəziyyətinin yaxşılaşması halı kimi qiymətləndirilməməlidir. Bundan başqa, cavabdeh hazırda bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya 2025-ci ildə uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumundan 2,5 dəfə artıq aliment ödəyir və məhkəmənin qənaətinə görə uşağın tələbatlarını ödəmək üçün kifayət edir.

43. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, qanunverici ilkin olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmasını nəzərdə tutmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallarda isə yalnız uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçı isə alimentin hissə ilə tutulmasını xahiş etmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən hər ay əmək haqqının ¼ hissəsi məbləğində, yaxud sabit pul alimentin tutulması barədə iddia qaldırmaq hüququ qanunvericiliklə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən valideynə verilmiş hüquqdur. Belə ki, Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda alimentin sabit pul məbləğində tutulması üçün bir neçə şərtin, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olmasının, qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alması, yaxud onun qazancı və ya sair gəlirinin olmaması, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmaması, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa halların mövcudluğunu nəzərdə tutur və həmin halların mövcudluğu halında uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə sabit pul məbləğində alimentin tutulmasını nəzərdə tutur. Alimentin hissə ilə tutulması halında isə qanuvercilik hər hansı bir şərtin mövcudluğunu nəzərdə tutmamışdır. Göründüyü kimi, alimetin hissə ilə tutulması üçün hər hansı şərtin mövcudlu, yaxud laiment ödəyən şəxsin maddi vəziyyətinin yaxşılaması əsas deyildir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi alimentin tutulması qaydasının dəyişdirilməsi, yəni sabit pul məbləğində tutulan alimentin hissə ilə tutulması ilə bağlıdır və bunun üçün qanunverici hər hansı şərtin mövcudluğunu nəzərdə tutmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehin sonrakı nikahdan bir övladının olmasına, yəni, cavabdehin hazırda faktiki olaraq iki uşaq saxlamasına və bu halın onun maddi vəziyyətinin yaxşılaşması halı kimi qiymətləndirilməməsinə, bundan başqa, cavabdeh hazırda bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya 2025-ci ildə uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumundan 2,5 dəfə artıq aliment ödəməsi və məhkəmənin qənaətinə görə həmin məbləğin uşağın tələbatlarını ödəmək üçün kifayət etməsinə istinad etməklə düzgün nəticəyə gəlməmişdir.

46. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli və Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-966/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-966/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-966/2025 saylı, 12 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2823/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə anadan olmış X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay tutulan 650 manat ailmentin miqdarı dəyişdirilsin, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin, ödənilməli olan 11 (on bir) manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar