Məhkəmə qərarları › İş №2(104)-1836/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1836/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1836/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə X11 katibliyi ilə, İddiaçı iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-863/2023 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 borclu olduğu 4500 manat pulun və pulunu əsassız saxladığına görə 337,50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin avqust ayının 23-də cavabdeh ondan 3000 manat borc pul almış və bununla bağlı öz xətti ilə qəbz yazmışdır. Cavabdeh həmin pul ilə heyvan alaraq kəsib satmalı və götürdüyü xeyirdən də ona da pul verməli idi. Cavabdeh 2022-ci ilin fevral ayının əvvəllərində ondan yenə də 1500 manat boc pul istəmiş, lakin o, özündə pul olmadığı üçün Ələsdan adlı şəxsdən 1500 manat pulu borc götürərək cavabdehə vermişdir. Cavabdeh aldığı puldan cəmi 650 manat pul qaytarmışdır. Hesab edir ki, cavabdehdən həmin 4500 mant pulun və pulunu əsassız saxladığına görə 337,50 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-863/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Elşad Bayramov ) iddia qismən təmin edilmiş, cavabdeh X2 - 2870 (iki min səkkiz yüz yetmiş) manat pulun tutularaq İddiaçı xeyrinə verilsməsi və cavabdeh Elşad Ədilovdan - 48.70 (qırx səkkiz manat yetmiş qəpik) manat tutularaq dövlət nəfinə verilməsi qət edilmişdir. Cavabdeh X8 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-863/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında olan razılaşmaya görə Səyyaf adlı şəxsin iştirakı ilə aylıq 5 %-lə iddiaçıdan 3000 manat sələmlə pul götürmüşdür. Aldığı həmin məbləğə görə iddiaçıya anası X3 məxsus pensiya kartını və özünə məxsus yemək xərci kartını vermişdir. İddiaçı həmin kartlardan 7 ay ərzində hər ay 370 manatdan olmaqla 2350 manat pul çıxarmışdır. Sonradan anasının pensiyasında 50 manat artım olmuşdur. Anası şəkər xəstəsi olduğundan və pula ehtiyac yarandığından iddiaçıdan xahiş etmişlər ki, həmin 50 manatı çıxarıb onlara versin. Həmin 50 manat məbləği iddiaçı onlara vermədiyi üçün anası Sahibə kartın qarşısını bağlatmışdır. Bundan sonra iddiçı ilə aralarında narazılıqlar yaranmışdır. Sabir onların kartından 2350 manat pul çıxarmış, 650 manat da əlavə olunanda 3000 manat edir. Sabir hazırda ondan faizləri tələb edir ki, onları ödəməyə imkanı yoxdur. Cavabdeh X7 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-863/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-863/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh X8 apelyasiya şikayətində Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-863/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətinin dəlillərində iddianın qismən təmin təmin edilmiş hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: cavabdeh X8 tərəfindən yazılmış sadə yazılı qəbzdən görünür ki, o, İddiaçı 23 avqust 2021-ci il tarixdə 1 il müddətinə qaytarmaq şərti ilə 3.000 manat borc pul almışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, E. Ədilovdan ona borclu olduğu, ayrı-ayrılıqda 3000 manat və 1500 manat pulun alınıb verilməsinə köməklik edilməsini polisdən xahiş etmiş, Ağdam Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı göndərilmiş məktubdan görünür ki, ərizədə qeyd olunan xüsusatlar mülki xarakterli olmaqla məhkəmə orqanları səlahiyyətlərinə aid olduğu üçün məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. "xxxx" ASC-nin Ağdam Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli GTKK4713462A186 saylı Kredit Müqaviləsinə əlavədən görünür ki, İddiaçı illik 19 % dərəcəsi ilə 55 ay müddətinə 1875 manat məbləğində kredit verilmişdir. X1 görünür ki, İddiaçı 2022-ci ilin fevral ayından 55 ay müddətində hər ay təxminən 51 manat 32 qəpik civarında pul ödəməli, ümumilikdə 1875 manat pul ödəməlidir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X4 göstərmişdir ki, İddiaçı ondan bir dəfə 1500 manat borc kimi pul götürüb 2-3 aya qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Sabirdən pullarını tələb etdikdə, Sabir həmin pulu Elşad Ədilova borc kimi verdiyini, hazırda Elşad pulu qaytarmır deyə ona olan borcunu verə bilmədiyini qeyd etmişdir. Elşaddan pullarını tələb etdikdə Elşad bildirmişdir ki, Sabir gözləsin, ayda 300 manatdan olmaqla borcunu ödəyəcək. Elşad Ədilov ona bir dəfə 150 manat, bir dəfə 300 manat, cəmi 450 manat pul verib, lakin sonra pulun qalanını verməyib. Elşaddan aldığı həmin 450 manatı Sabirə vermiş, Sabirdən 1500 manatını tələb etmiş, Sabir isə məcburiyyət qarşısında qalaraq bankdan faizlə pul götürüb ona olan 1500 manat borcunu qaytarmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X5 göstərmişdir ki, taksi xidməti ilə məşğul olur, ailəsini dolandırır. Elşad Ədilovu borc pul götürmək üçün İddiaçıgilə aparıb, Elşad Sabirdən pul alıb. Bir dəfə də Elşad ona 100 manat pul verib ki, həmin məbləği Sabirə versin, gətirib həmin pulu Sabirə vermişdir. Cavabdeh X8 apellyasiya dəlillərində borc aldığı həmin məbləğə görə anası X3 məxsus pensiya kartını və özünə məxsus yemək xərci kartını iddiaçıya verməsini və iddiaçının həmin kartlardan 7 ay ərzində hər ay 370 manatdan olmaqla 2350 manat pul çıxarmasını göstərmişdir. Cavabdeh həmin dəlilləri birinci instansiya məhkəməsində də, göstərmiş və birinci instansiya məhkəməsi həmin kartlardan pul çıxarılması ilə bağlı videogörünələri əldə edərək, baxış keçirmiş və müəyyən edilmşşdir ki, iddiaçı tərəfindən həmin kartlardan cəmi 980 manat pul çıxarılmış, qalan pullar isə cavabdehin özü və digər şəxslər tərəfindən çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 4500 manat borc pul vermiş, cavabdeh həmin puldan 1630 manat qaytarmış və 2870 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasında müəyyən olundu ki, cavabdeh X6 iddiaçıya 2870 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh X7 iddiaçıya olan borcunu tam ödəməsini göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmiş və məhkəmə kollegiyasının iclasına gəlməyərərk, şikayətinin dəlillərini sübut etməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin bu iş üzrə mübahisiləndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisiləndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-863/2023 nömrəli qətnaməsi mübahisiləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-863/2023 nömrəli qətnaməsi mübahisiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar