Məhkəmə qərarları › İş №2(104)-1836/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1836/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1836/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-50/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən qəbul edilmiş, 25 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, Cavabdeh polis bölməsində verdiyi izahatında heyvan alqı-satqısı ilə məşğul olmaq və ondan qazanc əldə etmək məqsədilə İddiaçı 16000 (on altı min) manat pul aldığını, aldığı puldan Nahidəyə 1950 (min doqquz yüz əlli) manat qaytardığını və 14050 (on dörd min əlli) manat borcu qaldığını etiraf etmişdir. Tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14050 (on dörd min əlli) manat borcun, 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir tanıyır. Belə ki, Cavabdeh iddiaçının yaşadığı ünvanın həyətində ət dükanı işlədir və iddiaçı cavabdehə məxsus həmin dükandan ət və ət məhsulları almışdır. 2021-ci ilin mart ayında dükandan alış-veriş edərkən Cavabdeh iddiaçıya birgə iş görməyi – yəni heyvan alqı-satqısı ilə məşğul olub qazanc verəcəyini vəd edərək, bu işlə bağlı ona maddi köməklik göstərilməsini istəmişdir. İddiaçı Cavabdehla razılaşaraq 25 mart 2021-ci il tarixdə Cavabdeh 10000 (on min) manat pul vermişdir. Bundan sonra Cavabdeh iddiaçıya həftənin ikinci (çərşənbə axşamı-hakimin qeydi) və beşinci (cümə-hakimin qeydi) günləri 100 (bir yüz) manat qazanc vermişdir. Bundan iki ay sonra - yəni 12 may 2021-ci il tarixdə Cavabdeh yenidən İddiaçı 6000 (altı min) manat birgə şərikli işləri üçün pul istəmiş, iddiaçı da, həmin məbləğdə pulu Cavabdeh vermişdir. Cavabdeh, dediyi kimi, hər həftəninin ikinci və beşinci günləri iddiaçıya 100 (bir yüz) manat qazanc vermişdir. Təxminən yeddi-səkkiz aydan sonra Cavabdeh yenidən həmin iş üçün İddiaçı qısa müddətə 6000 (altı min) manat pul istəmişdir. Cavabdeh sonuncu aldığı 6000 (altı min) manat pulu qısa müddətə İddiaçı qaytarmış, bundan sonra İddiaçı Cavabdeh ümumilikdə verdiyi 16000 (on altı min) manat pul cavabdeh tərəfindən geri qaytarılmamışdır. İddiaçı Cavabdeh ümumilikdə cavabdehə verdiyi 16000 (on altı min) manat pulu qaytarmasını tələb etmiş, Cavabdeh 16000 (on altı min) manat puldan cəmi 1950 (bir min doqquz yüz əlli) manat pulu geri qaytarmışdır. Cavabdeh hazırda İddiaçı ümumilikdə 14050 (on dörd min əlli) manat borcu qalmışdır. Cavabdeh borcun qaytarılması ilə bağlı dəfələrlə şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan 14050 (on dörd min əlli) manat borcunu qaytarmamışdır. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə ərizə yazaraq 25 mart 2021-ci il tarixdə tanıdığı Cavabdeh ümumilikdə aldığı 16000 (on altı min) manat pulun qaytarılması barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmiş, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən təhqiqat aparılmış, 25 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən, toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və vətəndaş İddiaçı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

4. Kəlbəcər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(040)-50/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “14050 (on dörd min əlli) manat əsas borc, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 3459,81 (üç min dörd yüz əlli doqquz manat 81 qəpik) manat faiz borcu, 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı, cəmi 17962,81 manat (on yeddi min doqquz yüz altmış iki manat 81 qəpik) pul tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehə 16000 (on altı min) manat pul verdiyini, cavabdeh tərəfindən həmin puldan 1950 (min doqquz yüz əlli) manatın qaytarıldığını və 14050 (on dörd min əlli) manat borcun isə qaytarılmadığını bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Əsas borcun tələbi əsaslı olmadığından, əsas borcla bağlı digər tələblər də hazırki halda əsaslı hesab edilə bilməz. Ona görə də İddiaçı Cavabdeh 14050 (on dörd min əlli) manat borc, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 3459,81 (üç min dörd yüz əlli doqquz manat 81 qəpik) manat faiz borcu, 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının, cəmi 17962,81 manat (on yeddi min doqquz yüz altmış iki manat 81 qəpik) pul vəsaitinin tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməməlidir

6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739,740, 442, 427-ci və 445-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-50/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-50/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərərfindən iş maddi hüquq normalarına uyğun formada araşdırılmayıb. İşin faktiki hallarına nəzər yetirərək müəyyən etmək olar ki, həqiqətən Cavabdeh 2021-ci ilin may aylarında uzun müddətdir ki, tanıdığı Nahidə adlı xanımdan heyvan alqı-satqısı ilə bağlı 10 min manat pul almış, onun Nahidə xanımla danışığı belə olmuşdur ki, heyvan gətirib satacaq və xeyirdən ona pul verəcəkdir. Bir müddət danışdıqları kimi qazandığı puldan onun xeyirinə düşən payı vermiş, daha sonra heyvan almaq üçün 6 min manat pul almış, daha sonra işlər yaxşı getmədiyindən o, Nahidə xanıma yəni xeyirdən pul qaytara bilməmişdir. Bir müddət sonra Nahidə xanım ona demişdir ki, ona verdiyi 16 min manat puldan xeyiri istəmir, ona olan əsas borcunu qaytarsın. Cavabdeh cəmisi İddiaçı 1950 manat pul qaytara bilmiş, onun hal-hazırda 14050 manat borcu vardır. Göründüyü kimi, Cavabdeh aralarında əldə olunan razılığa əsasən İddiaçı heyvan alqı-satqı ilə əlaqədar 16 min manat borc pul almışdır. Bundan başqa, X2 izahat verərkən iddiaçıya olan borcunun 16 min manat deyil, 14050 manat olduğunu etiraf etmişdir. Bu faktı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən izahatı alınmış Cavabdeh izahatında göstərmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantıNizami Babazadə tərəfindən qəbul edilmiş, 25 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə təsdiq edilir. Qeyd etmək istəyir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ləğv edilməmişdir. Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe ondan ibarətdir ki, MPM-88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə onun tərəfindən iddia ərizəsində qeyd etdiyi məqamlara, məhkəməyə təqdim etdiyi sübutlara əhəmiyyət verilməmiş, hər tərəfli baxmamış, hüquq normalarına müvafiq qiymət verilməmişdir. Həmçinin, MPM-76.1, 76.2 və 106.1-ci maddəsində də hüquq normalarına düzgün qiymət verilməmişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh borcundan 1950 manat pul qaytarmış, lakin 14050 manat borcunu qaytarmamışdır.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Maddə 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

14. Maddə 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

15. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

17. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-50/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.

29. İşin hallarından müəyyən edilir ki, Cavabdeh 2021-ci ildə tanışı İddiaçı heyvan alqı-satqısı ilə bağlı 10 min manat pul almış, onun iddiaçı ilə danışığı belə olmuşdur ki, heyvan gətirib satacaq və xeyirdən ona pul verəcəkdir. Bir müddət danışdıqları kimi qazandığı puldan onun xeyirinə düşən payı vermiş, daha sonra heyvan almaq üçün 6 min manat pul almış, daha sonra işlər yaxşı getmədiyindən o, iddiaçıya xeyirdən pul qaytara bilməmişdir. Bir müddət sonra iddiaçı ona demişdir ki, ona verdiyi 16 min manat puldan xeyiri istəmir, ona olan əsas borcunu qaytarsın. Cavabdeh cəmisi İddiaçı 1950 manat pul qaytara bilmişdir. Cavabdeh borcu qaytarmadığından, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə ərizə yazaraq, Cavabdeh ümumilikdə aldığı 16000 (on altı min) manat pulun qaytarılması barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən təhqiqat aparılmış, 25 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, iddiaçıya mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan həmçinin görünür ki, Cavabdeh polis bölməsində vediyi izahatında iddiaçıya 14050 (on dörd min əlli) manat borcunun qaldığını etiraf etmişdir. Özünə məxsus həyət evini satışa çıxardığını, onu satan kimi iddiaçıya olan borcunu ödəyəcəyinə söz vermişdir. Həmçinin, o, gəlirdə 1200 manat qazancı iddiaçıya verdiyini göstərmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür.

32. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

33. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

34. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçıdan borc aldığı 16000 (on altı min) manat puldan cəmi 1950 (bir min doqquz yüz əlli) manat pulu geri qaytarmışdır. Cavabdeh hazırda İddiaçı ümumilikdə 14050 (on dörd min əlli) manat borcu qalmışdır. Məhkəmə bu qənaətə gələrkən, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində verdiyi izahatını mötəbər və inandırıcı olmasını əsas götürür. Kollegiya qeyd edir ki, tərəflər arasında 16000 manat məbləğində şifahi borc müqaviləsinin bağlanması təsdiqini tapsa da, tərəflər borc müqaviləsinin 3000 manatdan çox olduğu halda yazılı qaydada bağlanmasına dar formasına riayət etmədiklərindən həmin əqd etibarsızdır. Etibarsız əqd üzrə isə tərəflər aldıqlarını bir-birinə qaytarmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli 14.050 (on dörd min əlli) manat cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

35. Məhkəmə kollegiyası cavabdehin aldığı pulu vaxtında qaytarmadığına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 3459,81 manat (üç min dörd yüz əlli doqquz manat 81 qəpik) faiz borcunun qaytarılması ilə bağlı qeyd edir ki, tərəflər arasında borc münasibətinin qaytarılması vaxtı müəyyən olmadığından faiz borcunun hesablanması müəyyən edilə bilməmişdir.

36. Məhkəmə kollegiyası hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qeyd edir ki, İddiaçı iddia ərizəsi nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilsə də, vəkilə 320 manat xidmət haqqı ödənilməsi ilə bağlı sənədlər iş materiallarına əlavə edilmədiyindən təmin edilə bilməz.

37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 50/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir. Cavabdeh 14.050 (on dörd min əlli) manat pul və iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 107 manatı alınaraq İddiaçı verilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-50/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-50/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14.050 (on dörd min əlli) manat pul və 107 (bir yüz yeddi) manat dövlət rüsumu olmaqla, cəmi 14157 (on dörd min bir yüz əlli yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar