Məhkəmə qərarları › İş №2(104)-1838/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1838/2023

19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1838/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(013)-566/2023 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əmlaka vurulmuş zərərin əvəzi olaraq 1500 manat və ödənilmiş 35 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(013)-566/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək cavabdeh X1 vurulan maddi ziyan qismində 1500 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh X5 apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(013)-566/2023 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 noyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində oğlu heyvanları örüş sahəsindən gətirərkən X5 idarə etdiyi “VAZ 2106” markalı, 63-BC926 dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus bir baş inəyi vurması nəticəsində heyvanı tələf olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Ağdam RPŞ-nin təhqiqat bölməsində araşdırılma aparılmış, hadisənin cavabdeh D.Əlizadənin təqsiri nəticəsində baş verdiyi, lakin əməldə cinayət tərkibi olmadığı üçün cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməklə cərimə edilmiş. ona isə məhkəməyə müraciət etməsinin izah edilmişdir. Hadisə nəticəsində ona məxsus bir baş tələf olmuş inəyin qiyməti mütəxəssis rəyinə əsasən 1500 manat olduğu müəyyən edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsi qanuna zidd qəbul edilmişdir. Belə ki, məhkəmə işə onun iştirakı olmadan baxaraq iddianı təmin etmişdir. Halbuki məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir məlumat verilməmişdir. Ona görə də o, məhkəmə iclasında iştirak etməmiş, araşdırma onun iştirakı olmadan aparılmış, məhkəmə onun iştirakını təmin etmək üçün məhkəmə iclasını təxirə salmalı olduğu halda işə onun iştirakı olmadan baxmışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izah etdi ki, iddiaçı avtoqəza nəticəsində tələf olmuş heyvanın ətini 100 manata satmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək həmin şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, həqiqətən də cavabdehin idarə etdiyi avtomobil onun inəyini vurduqdan sonra inəyin ətini 100 (bir yüz) manata kolbasa sexinə təhvil vermişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, iş üzrə tərəfləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Ağdam RPŞ-nin HK-1/1587 saylı 04 yanvar 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati cərimə tənbeh tədbiti tətbiq edilmiş, İddiaçı isə X2 ona vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan “X4” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Mütəxəssis rəyi”ndən görünür ki, 01 ədəd iri buynuzlu heyvanın cəmi qiyməti 1500 manat müəyyən edilmişdir. Beləliklə Ağdam RPŞ-nin HK-1/1587 saylı 04 yanvar 2023-cü il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) Qərarnın surətindən və qeyd olunan mütəxəssis rəyindən aydın olur ki, cavabdeh X5 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus bir ədəd iri buynuzlu heyvanı avtomaşınla vurmuş və 1500 manat məbləğində maddi ziyan vurmuş, iddiaçı həmin iri buynuzlu heyvanın ətini 100 manata satmışdır. İddia tələbini tam təmin etmiş məhkəmə həmin halı nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehin iddiaçıya zərər vurması və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetdiyinə, baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş maddi ziyan qismən 100 (bir yüz) manat həddində ödənildiyinə görə iddia qismən – 1400 (bir min dörd yüz) manat həddində təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin hallarını tam araşdırmamış, ona görə də iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsasız sayır. Belə ki, iş materiallarının 26-29-cu vərəqələrindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmə baxışının xx.xx.2023-cü il tarixə saat 16:00-a təyin edilməsi ilə bağlı ona məhkəmə bildirişi verilmişdir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(013)-566/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh X1 vurulan maddi ziyan əvəzi 1400 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar