Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1839/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(013)-2440/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn ödənilməmiş 10245.59 manat əsas, kredit müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə 3714.36 manat faiz borcun cəmi 13959.95 manat pulun və 131.88 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(013)-2440/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10245.59 manat əsas, kredit müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə 3714.36 manat faiz borcun cəmi 13959.95 (on üç min doqquz yüz əlli doqquz manat doxsan beş qəpik) manat borc və 131.88 (yüz otuz bir manat səxsən səkkiz) manat dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2604/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edib həmin müddətin bərpa edilməsi barədə qərardad çıxarılamasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(013)-2440/2022 nömrəli qərardadı ilə (hakim Rafiq Məmmədov) Ağdam Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(013)-2440/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında Cavabdeh1 ərizəsi təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və əks halda baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, rəsmi qeydiyyat ünvanı Ağdam şəhəri ünvan 1tiki olaraq ünvan 2 ünvanında yaşayır. Belə ki, mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi daimi yaşayış ünvanına göndərilmədiyi üçün qətnaməni vaxtında rəsmi qaydada ala bilməmişdir. Məhkəmə qətnaməsindən yalnız Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü ildə ona SMS bildirişi gələn zaman məlumatı olmuşdur. Bundan sonra qətnamənin rəsmi qaydada ona verilməsi barədə Ağdam Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Qətnamə faktiki yaşadığı ünvan 2 ünvanına göndərildiyindən müddətin bərpa edilməsi barədə ərizə və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin, məhkəmə əsassız olaraq müddəti bərpa etməmişdir. Halbu ki, prosessual müddət üzürlü səbəbdən bitmişdir. Onun qətnamədən ümumiyyətlə məlumatı olmamışdır. Ağdam Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(013)-2440/2022 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və mülki işə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2440/2022 nömrəli rərardadı tam və xx.xx.2023-cü il tarixli, 2(013)-2440/2022 nömrəli qərardadı isə qismən ləğv edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 göndərilməsi barədə məktub yazılmışdır. Lakin, qeyd olunan qətnamənin Cavabdeh1 rəsmi qaydada təqdim edilməsi barədə MPM-nin 135.2 və ya 135.3-cü maddələrində müəyyən olunan sübutlar iş materiallarında yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət vermə müddətinin axımı «qətnamənin surətinin rəsmi qaydada verildiyi» vaxtdan hesablandığına görə və qətnamə rəsmi qaydada cavabdehə təqdim edilmədiyindən şikayəti verilməsi üçün müddətin axını başlanmamışdır. Belə olan halda onun buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməsinə ehtiyac yoxdur və məhkəmənin cavabdehdən bunu tələb etməsi də yolverilməzdir. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X1 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2440/2022 nömrəli rərardadı tam və xx.xx.2023-cü il tarixli, 2(013)-2440/2022 nömrəli qərardadı isə qismən ləğv edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətinin geri qaytarılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 261.0.1, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2440/2022 nömrəli rərardadı tam və xx.xx.2023-cü il tarixli, 2(013)-2440/2022 nömrəli qərardadı isə qismən ləğv edilsin. Ağdam Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(013)-2440/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilsin və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1839/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1839/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver