Məhkəmə qərarları › İş №2(104)-1842/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1842/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1842/2024 12.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətni yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Elxan oğlu, X3. Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 4928,79 manat məbləğində kredit borcu, 444,20 manat məbləğində faiz borcu və 492,88 manat məbləğində cərimə olmaqla ümumilikdə 5865,87 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 Elxan oğlu, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 4928,79 manat məbləğində kredit borcu, 444,20 manat məbləğində faiz borcu və 5 manat məbləğində cərimə olmaqla ümumilikdə 5377,99 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və problemli kreditlərin həllinə dair Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq kreditin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayətinin verilə bilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1- ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5865,87 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 39,33 manat təşkil etməlidir. Lakin apellyasiya şikayəti verilərkən cavabdeh tərəfindən cəmi 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar