Məhkəmə qərarları › İş №2(104)-1844/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1844/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1844/2025 08.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(013)-1641/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 27 oktyabr 2023-cü il tarixli yazılı qəbzdən görünür ki, İddiaçı Cavabdeh 1000 manat borca vermiş, borcalan isə 31 noyabr 2023-cü il tarixə kimi borcu qaytaracağına dair öhdəlik götürmüşdür.

2. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim olunmuş mobil tətbiqi vasitəsilə kartdan karta köçürmə əməliyyatların çıxarışlarından görünür ki, İddiaçı ay-ayrı vaxtlarda Cavabdeh ümumilikdə 2730 manat köçürmüşdür.

3. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim olunmuş ödəmə terminalı vasitəsilə köçürmə əməliyyatların çıxarışlarından görünür ki, Cavabdeh ay-ayrı vaxtlarda İddiaçı həyat yoldaşı X2 adına qeydə alınmış 523915******7288 nömrəli karta ümumilikdə 1200 manat köçürmüşdür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3730 manat borcun və 68 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 27 oktyabr 2023-cü il tarixdə 1000 manat borc vermiş, sonuncuda bu barədə yazılı qəbz vermişdir. Qalan məbləği isə müxtəlif vaxtlarda cavabdehin istifadəsində olan bank kartına köçürmüşdür. Ümumilikdə cavabdehə 3730 manat borc vermişdir. Cavabdeh aldığı borcu 31 noyabr 2024-cü il tarixdə qaytaracağını öhdəsinə götürsədə, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq 3730 manatı qaytarmaqdan imtina etmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(013)-1641/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh 2130 (iki min yüz otuz) manat və ödənilmiş 41.30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi; İş üzrə ödənilmiş 68 manat dövlət rüsumunun qalan 26.70 manat hissəsi İddiaçı aid edilməsi və iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442, 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, 2023-cü ildə ona 300 manat pul lazım olmuş və bu səbəbdən sələmə pul götürmək üçün İddiaçı müraciət etmişdir. Tural da 1000 manat pulu borc kimi ondan almağı barədə qəbz verəcəyini, 300 manat məbləği tam geri ödəyənə kimi əlavə olaraq hər ay 45 manat faiz ödəməyə razılaşacağı təqdirdə 300 manat pulu ona borc kimi verə biləcəyini demiş, oda həmin təklifi qəbul etmişdir. Təxminən 15-20 gün sonra yenidən ona 300 manat lazım olmuş, iddiaçıdan 1000 manatlıq qəbzinin olduğunu bildirməklə yenidən 300 manat sələmə pul istəmiş, İddiaçı qəbzin əvvəllər götürdüyü 300 manat pulun qarantı olduğunu, əlavə sələm üçün şəxsi avtomobilinin texniki pasportunu və maaş kartını istəmiş, o da bununla razılaşdır. Avtomobilinin texniki pasportunu və maaş kartını girov kimi İddiaçı vermiş, pulu tam şəkildə ödəyənə kimi hər ay 45 manat faiz ödəməyi öhdəsinə götürmüşdür. Təxminən 20- 30 gün sonra iddiaçıya 690 manat ödəməklə borcunu faizi ilə birlikdə bağlamış, sonra iddiaçı ilə görüşüb avtomobilinin texniki pasportunu ondan götürmüşdür. Qəbzi və maaş kartını İddiaçı istəyəndə ona qəbzin və maaş kartının üzərində olmadığını, yaxın zamanda ona qaytaracağını bildirmiş, buna baxmayaraq İddiaçı onun maaş kartını və qəbzi qaytarmamış, kartından “Birbank” mobil tətbiqi vasitəsilə istifadə etmişdir. Daha sonra isə İddiaçı qəbzi və maaş kartını itirdiyini bildirmişdir. 690 manat ödədikdən sonra vaxtaşırı sələmə ehtiyacı yarandığından, sonralar da İddiaçı xırda-xırda məbləğlərdə sələm götürdüyü üçün onunla münasibətlərinin pisləşməsini istəməmişdir. 690 manatı İddiaçı ona təqdim etdiyi karta göndərmiş, lakin qəbzi itirmişdir. Bərdə rayonunun Kətəlparaq kəndində yaşayan X6 da bunu təsdiq edə bilər. Belə ki, Elmir Əliyev onu İddiaçıla tanış etmişdir. 690 manatı İddiaçı təqdim etdiyi plastik karta göndərdikdən sonra müvafiq ödəniş qəbzinin fotoşəkilini “Whatsapp” mobil tətbiqi vasitəsilə Elmir Əliyevə də göndərmişdi. Bundan sonra 2024-cü ilin sonlarına kimi iddiaçıdan bir dəfə 770 manat, növbəti dəfə isə 360 manat olmaqla, ümumilikdə 1130 manat sələm götürmüş və götürdüyü məbləği faizləri ilə birlikdə 170 manat da artıq olmaqla ümumilikdə 1300 manat ödəmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, məcburiyyət qarşısında qalaraq 300 manat borc aldığı halda 1000 manat borc alması barədə qəbzə imza etmişdir. Bundan əlavə iddiaçı ayrı-ayrı vaxtlarda onun kartına 5-6 dəfəyə ümumilikdə 1300 manat pul atmış, o da borcu iddiaçının arvadı X2 adına qeydə alınmış 523915******7288 nömrəli karta ödəmişdir. 690 manat isə X3 yanında Turala vermişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehə 1000 manat yazılı qəbzlə, 2730 manat isə mobil tətbiqi vasitəsilə kartdan karta köçürməklə, ümumilikdə 3730 manat vermiş, sonuncu aldığı pulun bir qismini qaytarsada, qalan məbləği qaytarmaqdan imtina etmişdir. Belə ki, cavabdeh ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1300 manat qaytarmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyaisya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (24 fevral 2023-cü il tarixli redaksiya)

17. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (24 fevral 2023-cü il tarixli redaksiya)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

23. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində görünür ki, qətnamə iddianın təmin olunması hissədə mübahisələndirilmişdir. Ona görədə kollegiya hesab edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qətnamə mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh qaytarmaq şərtilə ümumilikdə 3730 manat borc verdiyini, sonuncunun aldığı borcu qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

30. Kollegiya iddianın qismən təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

31. Belə ki, işdə olan yazılı qəbzdən (cavabdehin iddiaçıdan 1000 manat borc alınmasına dair), eləcədə cavabdehin istifadəsində olan 523915******9203, 523915******8943, 523915******1177 nömrəli kart hesablarına iddiaçı tərəfin istifadəsində olan 416973******7333 nömrəli kart hesabından 2730 manat köçürülməsi, ümumilikdə iddiaçının cavabdehə 3730 manat borc verməsi təsdiq olunur. Cavabdeh isə iddiaçıdan aldığı 300 manat borc müqabilində məcburiyyət qarşısında qalaraq 1000 manat borc almasına dair qəbz yazmasını, qəbz yazdıqdan daha sonra onun əsasında əlavə olaraq iddiaçıdan 300 manat da almasını və bunun müqabilində sonuncuya 690 manat, eləcədə iddiaçı tərəfindən istifadəsində olan karta köçürülmüş pulları artıqlamasıyla qaytardığını iddia edir.

32. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi ödəmə terminalı vasitəsilə köçürmə əməliyyatlarından çıxarışlardan və ödəniş qəbzlərindən isə müəyyən olunur ki, Cavabdeh ay-ayrı vaxtlarda İddiaçı həyat yoldaşı X2 adına qeydə alınmış 523915******7288 nömrəli karta ümumilikdə 1300 manat köçürmüşdür.

33. Kollegiya cavabdehin ilkin olaraq aldığı 300 manat borc müqabilində 1000 manat borc almasına dair qəbz yazması, daha sonra isə həmin qəbzə istinadan iddiaçıdan 300 manat, cəmi 600 manat alması, bunun müqabilində isə iddiaçının özünə 690 manat qaytarması dəlilini inandırıcı saymır. Çünki cavabdeh belə bir dəlil irəli sürsədə, lakin bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin aldığı 3730 manat borcdan iddiaçıya ümumilikdə 1300 manat qaytarması sübut olunur.

34. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(013)-1641/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh 2130 manat tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar