Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1848/2024 17.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(076)-2899/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 17 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 xx.xx.1988-ci ildə nikaha girmişlər, nikahdan sonra arvada Mahmudova soyadı verilmişdir;
2. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 2013-cü ilin avqust ayında vəfat etmişdir;
3. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 191 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 İƏD-si üzrə nümayəndəliyinin ev təsərrüfatı uçotu kitabında qeydiyyatda dayanır. Ev təsərrüfatının uçotu kitabında torpaq bölməsində İddiaçı adına 0.06 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir;
4. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 237 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 İƏD üzrə nümayəndəliyinin ev təsərrüfatı uçotu kitabında qeydiyyatda dayanır;
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yerquruluşu planından çıxarışın hazırlanmasının mümkün olmaması barədə məktubun surətindən görünür ki, qeyd edilən torpaq sahəsi mübahisə predmeti olduğundan onlar tərəfindən yerquruluşu planından çıxarışın hazırlanması mümkün olmamışdır;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1ində yerləşən 0.06 həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyati üçün zəruri olan ölçmə işlərinin aparılmasının DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maenənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1ində yaşayır. Həmin kənd ərazisində X2nun adına 0.06 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. X2 2013-cü ilin avqust ayında vəfat etmişdir. Mərhum əri Müzəffər Mahmudov vəfat etdikdən sonra torpaq sahəsin ev təsərrüfatının uçotu kitabında onun adına qeydiyyata alınmışdır. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istəyir. Lakin, həmin torpaq sahəsini sənədləşdirməyə qaynı Cavabdeh maneçilik törədir. Cavabdeh hazırda ailə üzvləri ilə birlikdə o və mərhum əri tərəfindən həmin torpaq sahəsində inşa edilmiş evdə yaşayır və torpaq sahəsinin sənədləşdirilməsinə maneçilik törədir. İddiaçı torpaq sahəsinin ölçülərək sərhədlərinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş olsa da Cavabdeh DƏDRXnin əməkdaşlarına ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Bıınun nəticəsində DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi ərizənin icrasından imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(076)-2899/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia təmin edilərək, ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin ölçmə işlərinin aparılmasına dair Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 157.2, 157.4, 158.4, 215.1 və 215.2-ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 82-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının özünə məxsus hesab etdiyi torpaq sahəsi onun mərhum qardaşı X4 tərəfindən qarşılıqlı razılıq əsasında ata yurdunda onun qalması müqabilində ona verilmiş və o da öz nəvbəsində qardaşının sağlığında və onun razılığı ilə hazırda yaşadığı evi tikdirərək mübahisəsiz və etirazsız şəkildə öz ailəsilə həmin evdə yaşamış və torpaq sahəsindən istifadə etmişdir. İddiaçı da hazırda onun ata yurdunda olan evdən və torpaq sahəsindən istifadə edir. Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatı uçotu kitabında X3 adına olan 0.06 ha torpaq sahəsinin onun ölümündən sonra həyat yoldaşı İddiaçın adına qeyd edilməsi qanunsuz və əsassız olmuşdur. Çünki, həmin torpaq sahəsinə görə o, haqqı olan ata yurdundan mərhum qardaşı Müzəffərin xeyrinə imtina etmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə edərsə, o zaman vicdanlı alıcı olaraq onun torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu itirəcək. İddiaçı isə dəyişdirilmənin predmeti olmuş ata yurdundakı fərdi yaşayış evinə və torpaq sahəsinə, eləcə də mərhum qardaşının adına olmuş torpaq sahəsinə və tikdirdiyi evinə sahiblənəcək və mülkiyyət hüququ əldə edəcəkdir. Hesab edir ki, mərhum qardaşı X1 mübahisəli torpağı ata yurdundakı evin və evin yerləşdiyi torpaq sahəsinin əvəzində ona verdiyinə görə həmin əmlaka dair mülkiyyət hüquqları da ona verilməlidir. İddiaçı evin mərhum qardaşı tərəfindən tikildiyini yalan deyir. Belə ki, dəyişmə zamanı torpaq üzərində ev olmamış, ev onun tərəfindən tikilmişdir. Bu barədə şahid və subutları vardır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi 1986-cı ildə mərhum qardaşı Müzəffər Mahmudova verilmişdir. İddiaçı da mərhum qardaşının arvadıdır. 1998-ci ildə mərhum qardaşı ilə öz aralarında razılaşmışlar ki, ata yurdunda o qalsın. O da həmin vaxtdan sonra sözügedən torpaq sahəsində ev inşa etdirməyə başlamışdır. Hazırda da ailəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən evdə yaşayır. Bələdiyyələr yaranandan sonra torpaqdan istifadəyə görə bələdiyyəyə vergi ödəmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, torpaq sahəsinin ona verilməsi ilə əlaqədar mərhum qardaşı ilə aralarında rəsmi sənəd olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 28 Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X4 ilə X6 xx.xx.1988-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. ünvan 1 İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 495 nömrəli şəxsi hesabında X3 adına həmin kənd ərazisində 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. X4 2013-cü ildə vəfat etmişdir. İddiaçı mərhum əri Müzəffər Mahmudovdan miras qalmış ünvan 1ində yerləşən 0.06 ha torpaq sahəsinə çıxarış verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları tərəfindən mübahisəli ərazinin yerində müayinəsi məqsədilə baxış keçirilmiş və torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışının keçirilməsi mümkün olmamışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
32. Mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.
33. Belə ki, «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X11 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X5 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X11 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15 aprel 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09 iyun 2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
36. Həmin siyahının 2.3-cü bəndinə əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablarda aparılmış qeydiyyat daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması əsaslarından biridir.
37. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi ünvan 1 İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının 495 nömrəli şəxsi hesabında X3 adına həmin kənd ərazisində 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün ilk növbədə torpaq sahəsinin miras qoyana məxsus olması haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən notariat kontoruna müvafiq arayış təqdim edilməsi zəruridir.
38. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində göstərilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
39. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsinə dair ölçmə işlərini həyata keçirtmək və buna yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək onun mülkiyyətçi hüquqlarından irəli gəlməklə qanuni əsaslara söykənir.
40. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”-nın 2.1-ci bənində əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.
41. Həmin Qərarın 2.3.3 və 2.3.4-cü bəndlərinə müvafiq olaraq, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, habelə hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır.
42. Həmin Qərarın 5.3-cü bəndinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır.
43. Həmin Qərarın 5.4-cü bəndinə əsasən, torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur.
44. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin mərhum qardaşı tərəfindən sağlığında ona verildiyini bildirir. Lakin, şikayətin bu dəlilini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Həm də nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından bir tərəfin mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (MM maddə 394). Hazırkı işdə isə belə müqavilə mövcud deyildir.
45. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin cavabdehin və ya hər hansı üçüncü şəxsin vəsaiti hesabına inşa edilib-edilməməsinin araşdırılması hazırkı iddianın predmetini təşkil etmədiyindən bu xüsusatla bağlı araşdırma aparılmasını zəruri hesab etməmişdir. Lakin, cavabdeh tərəfin bu arqumentləri əsaslı olacağı təqdirdə belə bu hal iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnu aradan qaldırmadığına görə məhkəmə kollegiyası həmin arqumentləri iddianın təmin olunmasına maneə yaradacaq hal kimi qəbul etməmişdir.
46. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş və məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(076)-2899/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.