Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1858/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, “Alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(125)-2455/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-372/2014 nömrəli 27 may 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından olan 30 yanvar 2007-ci il təvəllüdlü X3 və 21 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 may 2014-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2678/2018 nömrəli, 31 may 2018-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 2(044)-372/2014 nömrəli, 27 may 2014cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, cavabdehdən Əlixan və Fidanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
3. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat istehsalat birliyinin 05 aprel 2023-cü il tarixli, 02 nömrəli arayışından görünür ki, Cavabdeh Gəncə şəhər MKTİBnin Yaşıllaşdırma şöbəsində iş icraçısı vəzifəsində işləyir, aylıq əmək haqqı 497 manatdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş iki uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehdən tutulan cəmi 220 manat miqdarında aliment uşaqların saxlanılması üçün yetərli deyil və iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Uşaqlar böyümüş, xərcləri artmışdır. Birgə nikahdan doğulmuş oğlu X3 əqli cəhətdən zəifdir, məhz bu səbəbdən işləyə bilmir.
6. Gəncə Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(125)-2455/2023 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2678/2018 nömrəli, 31 may 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 30 yanvar 2007-ci il təvəllüdlü X1 və 21 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşaqların maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(125)-2455/2023 nömrəli qətnaməsinin dəyişdirilib, ondan tutulmalı olan aliment miqdarının azaldılaraq iki uşaq üçün 250 manata endirilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən onun maddi vəziyyətinin dəyişməməsini, ailədə ondan başqa qazanc gətirən olmamasını, 2-ci tip şəkər xəstəsi olmasını, ikinci dəfə ailə həyatı qurmasını nəzərə almamışdır. Bildirmişdir ki, məhkəmmə qətnamə qəbul edərkən onun əmək haqqının 430 manat olmaqla, hər ay əlinə 418 manat pul aldığını, yəni maddi vəziyyətinin məhdud olmasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
15. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə valideynindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı: 8.13 Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Apellyasiya şikayətində cavabdeh tələbin rədd olunmasını xahiş etmiş, şikayətin dəlili kimi alimentin ödənilməsinə maddi imkanının yol verməməsini qeyd etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə artırılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır.
23. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
24. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
25. Gəncə Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(125)-2455/2023 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2678/2018 nömrəli, 31 may 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 30 yanvar 2007-ci il təvəllüdlü X1 və 21 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
26. Hazırki halda azyaşlının sosial-mədəni inkişafı, təhsili və digər təlabatlarının ödənilməsi müqabilində təyin olunmuş 150 manat aliment adekvat hesab edilir.
27. Tərəfin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.
28. Beləliklə, məhkəmə kollegiyası tərəfin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 150 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.
29. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(125)-2455/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov