Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1863/2024 10.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(052)-117/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 5260***-*******02L saylı kredit limiti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 5FİZAM193715701 saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 36 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 9000 manat kredit verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4580.65 manat əsas, 180.63 manat faiz, 30.38 manat cərimə borcu olmaqla, cəmi 4791.66 manat pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 67.92 manat dövlət rüsumunun tutularaq iddiaçı onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, bankla bağlanmış xx.xx.2022-ci il tarixli, 5260***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 5FİZAM193715701 saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 9000 manat kredit verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, müsbət nəticə olmamışdır
4. Naftalan Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(052)-117/2024 nömrəli qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4580.65 manat əsas borc, 180.63 manat faiz borcu, 30.38 manat cərimə borcu olmaqla, cəmi 4791.66 manat pul vəsaiti və 67.92 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 472.1, 472.2 və 739.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmaqla iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kredit limiti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş və banka olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəmişdir. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. İş üzrə əlavə araşdırma aparılması, tərəflərin çağrılaraq izahatları alınması və borc məbləğinin dəqiq müəyyən olunması üçün ekspert rəyinin alınması zərurəti yarandığından işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməzdi. İddianın tam təmin edilməsi ilə qalıq borcdan artıq məbləğ tutulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
10. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
11. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
19. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi tam təmin olunmuş və zamin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız borclu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 kredit borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki qətnaməni zamin Cavabdeh2 mübahisələndirməmişdir.
33. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclu Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehə (zaminə) münasibətdə yoxlanılması sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilir.
34. Beləliklə, qətnamənin əsaslığı və qanuniliyi digər Cavabdeh2 aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni Cavabdeh1 kredit müqaviləsi üzrə borcun tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 5260***- *******02L saylı kredit limiti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 36 ay müddətinə illik 15 faiz ödəmək şərtilə 9000 manat kredit verilmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli 5FİZAM193715701 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin icrasını zamin olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bu qətnamənin 34-cü bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 kredit müqaviləsi üzrə borc tutulması hissədə yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
37. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2022-ci il tarixli 5260***-*******02L saylı kredit limiti müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər, apellyator isə kredit borcunun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.
38. Cavabdeh1 apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, kredit müqaviləsi üzrə görürdüyü borcdan ödənişlər etsə də, lakin məhkəmə ondan qalıq borc məbləğindən artıq məbləğ tutmuşdur. Yəni, cavabdeh onun tərəfindən ödənilmiş vəsaitin nəzərə alınmadığını bildirmişdir.
39. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora 4580,65 manat əsas, 180,63 manat faiz, 30,38 manat isə cərimə borcu yaranmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də faiz borcunun kredit müqaviləsi üzrə borcludan tələb edilməsi əsaslıdır.
41. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorun borcun düzgün hesablanmaması və ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.
42. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi).
44. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) əlavə edilməmişdir. Əksinə iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin arayışın mötəbərliyini şübhə altına alacaq hər hansı əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də zərurət yoxdur. İş materiallarındakı mövcud sənədlər əsasında əlavə araşdırma aparılmasına zərurət olmadığından işə iddia icraatı qaydasında baxılmasına da zərurət yoxdur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(052)-117/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni Cavabdeh1 münasibətdə kredit müqaviləsi üzrə borcun tutulması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.