Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1869/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli 2(045)-419/2025 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli 2(045)-419/2025 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın qismən təmin edilməsi, 06R000014469 saylı və 06KK********** saylı kredit razılaşmaları üzrə Cavabdeh1 5086,08 ABŞ dolları məbləğində əsas borc, 1603,49 ABŞ dolları məbləğində faiz borcu, 150 (yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6839,57 ABŞ dolları, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 13,80 (on üç manat səksən qəpik) manatının əvəzinin (ödənilmiş tələbin məbləğinə mütənasib olaraq) İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı QSC apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-419/2025 saylı qətnaməsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 aid təmin olunmayan hissəsinin ləğv edilməsi və həmin hissədə də iddia tələbinin tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 06R000014469 saylı kredit razılaşması üzrə 3086,62 ABŞ dolları məbləğində kredit borcu, 1114,72 ABŞ dolları məbləğində faiz borcu və 4975,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 06KK********** saylı kredit razılaşması üzrə 1999,46 ABŞ dolları məbləğində kredit borcu, 488,77 ABŞ dolları məbləğində faiz borcu və 3259,65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14924,93 (on dörd min doqquz yüz iyirmi dörd) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 06L000001007 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 06R000014469 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 06R000014469S saylı, xx.xx.2015-ci il tarixli 06R000014469SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9108.93 ABŞ Dolları ödəmiş və onun 5891.07 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 445 gün üçün hesablanmış faiz borcu 1995.43 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 445 gün üçün hesablanmış cərimə 5489.39 ABŞ dolları təşkil edir. Bundan başqa, Cavabdeh1 Kreditor ilə xx.xx.2013cü il tarixdə bağladığı 06KK********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən hazırki vaxtadak ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh1 götürdüyü kreditdən 0.54 ABŞ Dolları qaytarmış və onun 1999.46 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.1-ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2017-ci il tarixə 782 gün üçün onun 488.77 ABŞ Dolları məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit xəttinin müddəti bitənədək banka ödənilir. Əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2017-ci il tarixə 782 gün üçün hesablanmış cərimə 3259.65 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Goranboy Rayon Məhkəməsinin 2(045)-3207/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5891.07 ABŞ dolları məbləğində kredit borcu, 1995.43 ABŞ dolları məbləğində faiz borcu və 5489.39 ABŞ dolları cərimə borcu olmaqla, 06 KK00000308 saylı kredit razılaşmaı üzrə 1999.46 ABŞ dolları məbləğində kredit borcu, 488.77 ABŞ dolları məbləğində faiz borcu və 3259.65 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 19059.77 ABŞ dolları məbləğində borcun İddiaçı QSCnin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 ərizə ilə müraciət edərək Goranboy Rayon Məhkəməsinin 06 iyun 2017ci il tarixli, 2(045)-3207/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmiş, Goranboy Rayon Məhkəməsinin 2(045)-1994/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Goranboy Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(045)- 3207/2017 saylı qiyabi qətnaməsinin ləğvi haqqında ərizəsi təmin edilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-224/2022 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiyinə görə baxılmamış saxlanılmışdır. İddiaçı QSC xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək (ərizənin məhkəməyə daxil olma nömrəsi: xx.xx.2025-ci il) həmin mülki işin icraatının təzələnərək icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli 2(045)-419/2025 saylı qərardadı ilə ərizə təmin edilərək İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanmasına dair Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-224/2022 saylı qərardadı ləğv edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı QSC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(045)-419/2025 saylı qətnaməsi əsassızdır, ona görə də qətnamə ləğv edilərək iddia tələbinin zaminlərə münasibətdə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, zaminlərin öhdəliklərinin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış, iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrinin 4.1-ci bəndi düzgün təhlil edilməmiş, nəticədə zaminlik müqavilələrinin qüvvədə olması faktına məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Həmin bəndə əsasən “bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir”. Zaminliyə xitam verilməsi üçün maddi hüquq normasının dispozitiv şərti ondan ibarətdir ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirilmiş olsun və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsun. Bununla yanaşı, öhdəliyin dəyişdirilməsi özlüyündə zaminliyin xitamına səbəb olmur, mütləq şəkildə bu dəyişiklik zaminin məsuliyyətinin artmasına və yaxud digər əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminlik müqaviləsində göstərilmiş müddətin bitməsi şərtinə gəldikdə isə, bildirilir ki, yuxarıda qeyd edilən kimi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti daxilində, iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı məhkəmə müstəvisində iddia tələbi irəli sürülmüş və həmin iş də məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin Goranboy Rayon Məhkəməsi tərəfindən 29 İyun 2017-ci il tarixli qiyabi qətnamə qəbul olunmuş və iddia tələbi zaminlərə münasibətdə də təmin olunmuşdur. Zaminlik müqaviləsində göstərilmiş müddət qurtardıqdan sonra zaminlərə qarşı tələb irəli sürülməsi halı olmamışdır. Hər üç zamin zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Zaminlər ilə İddiaçı QSC arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin 4.1-ci bəndində zaminlik müqavilələrinin qüvvədə olma müddəti-kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək göstərilmişdir. xx.xx.2008-ci il tarixli zaminlik müqavilələrinin surəti məhkəməyə təqdim edilmiş və həmin zaminlik müqavilələri ilkin kredit razılaşması əsasında bağlanmışdır, hansı ki 120 ay müddətinə nəzərdə tutulmuşdur. Faktiki olaraq qeyd edilməlidir ki, İddiaçı QSC də 2017-ci il tarixdə hazırki müqavilələr üzrə kredit borcuna dair Goranboy Rayon Məhkəməsində iddia tələbi irəli sürmüşdür və Goranboy Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tam təmin edilmiş və iddia ərizəsində göstərilən kredit borcu bütün cavabdehlərə, yəni zaminlərə də münasibətdə tam təmin edilmişdir. Sonrakı dövrdə cavabdehin şikayəti əsasında eyni iddia yenidən icraata götürülmüş hazırki tarixədək baxılmaqda davam etdirilmişdir. Əgər iddia tələbi zaminlərə münasibətdə qanunsuz idisə niyə həmin qiyabi qətnamədə tam təmin olunmuşdur. Odur ki, qeyd olunan qiyabi qətnamə hazırki qətnamənin ləğvi üçün və zaminlərə münasibətdə də tam təmin olunması üçün əsaslı və qanunauyğun sənəd hesab olunur. Hazırda mübahisələndirilən məhkəmə qətnaməsində Plenumun müvafiq Qərarına istinad edilsə də, Məhkəmə yekun məhkəmə aktı qəbul edən zaman həmin Qərarda ifadə olunmuş mövqelərə zidd nəticəyə gəlmişdir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin də razılığı alınmalıdır. Hazırkı Qərardakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, kredit xətti müqaviləsində mühüm şərtlər qeyd edilməlidir, lakin həmin şərtlər qeyd edilmədiyi təqdirdə, zaminin razılığı alınmalıdır. İş materiallarında olan zaminlik müqaviləsindən aşkar şəkildə görünür ki, kredit öhdəliyi üzrə mühüm bütün şərtlər (məbləğ, faiz dərəcəsi, müddət) zaminlə razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinin, kredit razılaşmasının və zaminlik müqaviləsinin təhlili zamanı məlum olur ki, Qərarın 4-cü bəndində vurğulanan hal, yəni öhdəliyin artması baş verməmişdir. İş materiallarına əlavə edilmiş sübutlar 1-ci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 şikayətin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair iddiaçının nümayəndəsinin və məhkəmə iclasında iştirak edən cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsinə dair, qətnamənin isə dəyişdirilmədən saxlanılmasına dair izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın zaminlərə münasibətdə təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. İş materiallarında olan xx.xx.2008-ci il tarixli 06L000001007 nömrəli kredit xətti müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı QSC Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmış, Cavabdeh1 İddiaçı QSC ilə bağlanmış xx.xx.2013-cü il tarixli 06R000014469 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit götürmüş, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəlik götürmüşlər. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 06R000014469SA saylı xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, onların arasında bağlanmış xx.xx.2013-cü il tarixli 06R000014469 saylı kredit razılaşmasına və xx.xx.2015ci il tarixli ödəniş planına dəyişiklik edilmiş, ödənişin son tarixi kimi xx.xx.2016-cı il müəyyən edilmiş, lakin həmin kredit müqaviləsi üzrə zaminlərin kredit razılaşması ilə tanış edilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 06KK********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 06R000014469S saylı xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, onların arasında bağlanmış xx.xx.2013-cü il tarixli 06R000014469 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, ödənişin son tarixi kimi xx.xx.2016-cı il müəyyən edilmişdir, lakin həmin kredit müqaviləsi üzrə zaminlərin həmin kredit razılaşması ilə tanış edilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cədvəldən görünür ki, Cavabdeh1 06R000014469 saylı razılaşması üzrə İddiaçı QSC-yə xx.xx.2016-cı il tarixinə əsas məbləğ üzrə 3086,62 ABŞ dolları borc, faiz üzrə 1114,72 ABŞ dolları borc, cərimə üzrə 4975,71 ABŞ dolları borc, ümumilikdə 9177,05 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, OUT-2025/03/18-67 nömrəli cədvəldən görünür ki, əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 06KK00000308 nömrəli VİSA X3 üzrə İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixinə 1999,46 ABŞ dolları əsas borcu, 488,77 ABŞ dolları faiz borcu, 3259,65 ABŞ dolları cərimə borcu, ümumilikdə 5747,88 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 06L000001007 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmış, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 06R000014469 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 06R000014469S saylı, xx.xx.2015-ci il tarixli 06R000014469SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi Goranboy Rayon Məhkəməsinə müraciət etmiş, Goranboy Rayon Məhkəməsinin 2(045)-3207/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ümumilikdə cəmi 19059.77 ABŞ dolları məbləğində borcun İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş, Goranboy Rayon Məhkəməsinin 2(045)-1994/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Goranboy Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(045)-3207/2017 saylı qiyabi qətnaməsinin ləğvi haqqında ərizəsi təmin edilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-224/2022 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiyinə görə baxılmamış saxlanılmışdır. İddiaçı QSC xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək (ərizənin məhkəməyə daxil olma nömrəsi: xx.xx.2025-ci il) həmin mülki işin icraatının təzələnərək icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli 2(045)-419/2025 saylı qərardadı ilə ərizə təmin edilərək İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanmasına dair Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-224/2022 saylı qərardadı ləğv edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmiş, beləliklə də həmin iş üzrə zaminlərə qarşı qanunla müəyyən edilmiş müddətdə iddia irəli sürülmədiyinə görə zaminliyə xitam verilmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və bu hissədə tam təmin edilməli, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 5086,08 ABŞ dolları əsas borc tutulmalıdır. İddia tələbinin faiz borcu hissəsinə dair məhkəmə qeyd edir ki, bu məbləğ təmin edilməli, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 1603,49 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış 8235,36 ABŞ dolları cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 150 (yüz əlli) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbi həm kredit müqaviləsi üzrə əsas borcluya, həm də zaminlərə qarşı yönəlmişdir. Digər cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı irəli sürülmüş tələb təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə uyğun olaraq zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Hazırkı iş materiallarından göründüyü kimi, 06R000014469 saylı kredit razılaşmasına əsasən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli ödəniş planlarında məbləğin qaytarılması müddəti uzadılmış, faizlərin məbləği də artırılmışdır. Zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 sözügedən razılaşmaya əlavə olunmuş ikinci və üçüncü ödəniş planına, eyni zamanda əsas borclu ilə bağlanmış digər 06KK********** saylı kredit razılaşmasına ümumiyyətlə razılıqlarını ifadə etmədiyindən, ödəniş planına edilmiş dəyişikliklər və 06KK********** saylı kredit razılaşması onların məsuliyyətinin artmasına səbəb olduğundan onlar iddiaçı qarşısında məsuliyyət daşımamalıdır. Həmçinin, zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 əsas borclunun 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xəttinə zamin kimi müəyyən olunsalar da, həmin müqavilə üzrə kredit müqaviləsinin bütün mühüm şərtləri barədə razılıq əldə olunmamışdır. Bank əsas borclu tərəfindən göstərilən məbləğin geri qaytarılması resurslarını müəyyən etmədiyindən, Mülki Məcəllənin 746-cı maddəsinə əsasən ona bu məbləği tam olaraq verməmiş və 06R000014469 saylı kredit razılaşmasına əsasən 15000 (on beş min) ABŞ dolları və 06KK********** saylı kredit razılaşmasına əsasən 2000 (iki min) ABŞ dolları məbləğində kredit vermişdir ki, zaminlər də 06R000014469 saylı kredit razılaşmasına əsasən həmin məbləğin xx.xx.2015-ci il tarixinə qədər qaytarılmasına razılıqlarını ifadə etsələr də, 06KK********** saylı kredit razılaşmasına əsasən əldə edilmiş məbləğinin geri qaytarılmasına dair hər hansı razılıqları alınmamışdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xəttinə zamin olmalarına baxmayaraq, 15000 (on beş min) ABŞ dolları məbləğində verilmiş kreditə dair zaminlərin ayrıca razılıqları alınmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 06R000014469 saylı və 06KK********** saylı kredit razılaşmaları üzrə Cavabdeh1 5086,08 ABŞ dolları məbləğində əsas borc, 1603,49 ABŞ dolları məbləğində faiz borcu, 150 (yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6839,57 ABŞ dolları, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 13,80 (on üç manat səksən qəpik) manatı (ödənilmiş tələbin məbləğinə mütənasib olaraq) İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumilikdə razıalaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır, yəni müqavilə öhdəliyini lazımi qaydada icra etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin əsas və faiz borcu hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin edilməsi ilə razılaşır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının məhkəmənin hazırkı qətnaməsi ilə razılaşmadığı hissə, iddianın həm də zaminlərə münasibətdə təmin edilməməsidir, yəni Cavabdeh1 tutulması qət olunan kredit borcunun həm də zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmamasıdır. Kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli qəraradadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı bundan sonra uzun müddət – 3 (üç) ilə yaxın müddət ərzində işin taleyi ilə maraqlanmamış, iş üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət edərkən müddət keçməsi ilə əlaqədar zaminliyə xitam verildiyinə görə həmin iş üzrə zaminlərə qarşı tələb irəli sürmək hüququnu itirmişdir. Akif Həsənovun Azərbaycana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında vurğulanmışdır ki, Ərizəçi birinci instansiya məhkəməsinin qərarından şikayətini 26 noyabr 2007-ci il tarixində vermişdir. O, məhkəmə iclasında iştirak etməmiş və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində ona rəsmi olaraq qərarın təqdim edilməsi barədə sübut mövcud deyil. Ərizəçi bildirmişdir ki, qərarın surətini 24 avqust 2009-cu ildə almışdır. Bu iddia hər hansı bir şikayətin və ya sorğunun surəti və ya digər sübutlarla təsdiq edilmir. İnzibati Xətalar Məcəlləsinə əsasən belə şikayətlərə 3 gün müddətində baxılmasını və ərizəçi tərəfindən şikayəti 26 noyabr 2007-ci ildə verilməsini nəzərə alaraq ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayəti münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. ... Belə bir ciddi iddia üzrə uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müfafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməmişdir. İddiaçının iş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı QSC-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə pul borcun tutulması” tələbinə dair 2(045)-224/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə xəbərdar olmuş, lakin bununla belə fəaliyyətsizlik göstərərək məhkəmə baxışının nəticəsi ilə maraqlanmağa cəhd etməmiş, məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, əgər iddia tələbi zaminlərə münasibətdə qanunsuz idisə niyə həmin qiyabi qətnamədə tam təmin olunmuşdur. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2017ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəndə zaminlərə münasibətdə iddia müddəti ötürülməmiş olsa da, lakin icraatın təzələnməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edəndə artıq həmin iş üzrə zaminliyə xitam verilmişdir. Apellyasiya şikayətinin digər - iş materiallarında olan zaminlik müqaviləsindən aşkar şəkildə görünür ki, kredit öhdəliyi üzrə mühüm bütün şərtlər (məbləğ, faiz dərəcəsi, müddət) zaminlə razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinin, kredit razılaşmasının və zaminlik müqaviləsinin təhlili zamanı məlum olur ki, Qərarın 4-cü bəndində vurğulanan hal, yəni öhdəliyin artması baş verməmişdir – dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında zaminlərin kredit razılaşmalarına edilmiş dəyişikliklərlə (kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin uzadılması) tanış edilməsinə dair sübut əlavə edilməmişdir. Odur ki, məhlkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)-419/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1869/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1869/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver