Məhkəmə qərarları › İş №2(104)-187/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-187/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-187/2025 18.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina; müqavilənin ləğvinin hüquqi nəticələri Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(045)-1027/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/54040/82/15 nömrəli kredit sazişinə dair kredit müqaviləsindən görünür ki, Cavabdeh2 36 ay müddətinə, illik 24 faizlə 30000 manat məbləğində kredit verməyi, Cavabdeh2 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür;

2. İddiaçı ASC tərəfindən borcalana və zaminlərə göndərilmiş 14 mart 2024-cü il tarixli bildirişdən görünür ki, tərəflər arasındakı kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli 9/9634 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli MK/54040/82/15 saylı kredit müqaviləsinə qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh2 14 mart 2024-cü il tarixə İddiaçı ASC-yə 14031,86 manat əsas, 2581,86 manat faiz borcu olmaqla, ümumi borcu 16613,72 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 16618.06 manat məbləğində əsas borcun, 3632.28 manat məbləğində faiz borcunun, 1301,88 manat məbləğində cərimə borcunun, cəmi 21552.22 manat borc və 155 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 24 faizlə 30000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə aralarında zaminlik müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Kredit borcunun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilsə də, lakin müsbət nəticə olmamışdır.

6. Goranboy Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(045)-1027/2024 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 16618.06 manat məbləğində əsas borc, 3632.28 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 20350,34 manat məbləğində borc pulun və 151,05 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.1, 442, 443.1, 448, 467, 472.1, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

9. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı “Bank of Baku" ASC qrafik üzrə bütün borcları və faizləri ödədiyini nəzərə almamışdır. 30000 manat məbləğində kredit borcundan faiz borcu daxil olmaqla 14000 manatdan çox hissəsini ödəmişdir. Qısacası bu müddət ərzində bütün ödənişləri vaxtında etmiş və müqavilə üzrə öhdəliklərini vicdanla icra etmişdir. Ona görə də İddiaçı ASC tərəfindən hesablanan faiz borcu ilə razı deyildir. Hətta əssasız olaraq cərimə borcu hesablanmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş, kreditor və zaminlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız borclu Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir.

31. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsində Cavabdeh2 faiz və cərimə borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki, qətnaməni digər tərəflər mübahisələndirməmişlər.

32. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən kreditor və zaminlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, lakin əsas borclunun verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin digər cavabdehlərə (zaminlərə) münasibətdə yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilir.

33. Beləliklə, qətnamənin əsaslığı və qanuniliyi digər cavabdehlərə aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştiraçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 16618.06 manat məbləğində əsas borc, 3632.28 manat məbləğində faiz borcu, cəmi 20350,34 manat məbləğində borc pulun İddiaçı ASC-nin xeyrinə tutulması» hissədə dəyişdirilməli, kredit müqaviləsi üzrə əsas borc 14031,86 manat, faiz borcu 2581,86 manat, cəmi borc isə 16713,72 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borc alan Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, MK/54040/82/15 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 24 faizlə 30000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditorla digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2021-ci il tarixli MK/54040/82/15 nömrəli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir; apellyator isə kredit borcun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.

38. İşin halları əsasında məlum olmuşdur ki, iddiaçı bank məhkəməyə xx.xx.2024-cü il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışı əsasında birinci instansiya məhkəməsi cavabdehdən kredit müqaviləsi üzrə əsas və faiz borcu tutmuşdur. Halbuki, iş materiallarından aydın olur ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Buna baxmayaraq, həmin müddətdən sonra da faiz borcu hesablanmağa davam etmiş və xx.xx.2024-cü il tarixə maliyyə arayışında göstərilən 16618,06 manat və 3632,28 manat faiz borcu cavabdehdən tələb edilmişdir.

39. Məhkəmə kollegiyası şərh olunan halları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli maliyyə arayışı əsasında cavabdehlərdən əsas və faiz borcu tutmaqda haqlı olmamışdır.

40. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-X5 qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

42. Yuxarıda da göstərildiyi kimi cavabdehlərə kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.

43. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

44. Bu halda, iddiaçı bank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək faiz borcu hesablamaq hüququna malik olmuşdur.

45. Kredit müqaviləsinin qüvvədə olduğu müddətə (xx.xx.2024-cü il) hansı məbləğdə borcun hesablanmasının aydınlaşdırılması məqsədilə apellyasiya baxışı zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli 9/9634 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli MK/54040/82/15 saylı kredit müqaviləsinə qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh2 14 mart 2024-cü il tarixə İddiaçı ASC-yə 14031,86 manat əsas, 2581,86 manat faiz borcu olmaqla, ümumi borcu 16613,72 manat təşkil edir.

46. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

47. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

48. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir.

49. Göründüyü kimi, kredit müqaviləsi üzrə əsas borc məbləği 14031,86 manat, faiz borc məbləği isə 2581,86 manat olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən 16618.06 manat əsas, 3632.28 manat da faiz borcu tutulmuşdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas və faiz borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə əsas borc məbləği 14031,86 manat, faiz borc məbləği isə 2581,86 manat məbləğində müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği dəyişdirildiyindən cəmi borc məbləği hissədə də qətnamə dəyişdirilərək kredit müqaviləsi üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulan cəmi borc məbləği 16713,72 manat məbləğində müəyyən edilməlidir.

51. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

52. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

53. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.

54. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

55. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

56. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq 100 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur. Ona görə də kollegiya hesab edir ki, cərimə borcuna dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

57. Bundan əlavə, apellyasiya baxışı zamanı keçirilmiş mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(045)-1027/2024 nömrəli qətnaməsi «cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 16618.06 manat məbləğində əsas borc, 3632.28 manat məbləğində faiz borcu, cəmi 20350,34 manat məbləğində borc pulun İddiaçı ASC-nin xeyrinə tutulması» hissədə dəyişdirilsin. Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borc 14031,86 (on dörd min otuz bir manat səksən altı qəpik) manat, faiz borcu 2581,86 (iki min beş yüz səksən bir manat səksən altı) manat, cəmi borc isə 16713,72 (on altı min yeddi yüz on üç manat yetmiş iki qəpik) manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar