Məhkəmə qərarları › İş №2(104)-1870/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1870/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1870/2023 26.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1034/2023 saylı 16 may 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişindən görünür ki, kreditor tərəfindən borcalana illik 25 faiz olmaqla 36 ay müddətinə 10000 manat məbləğdə kredit verilməsi barədə tərəflər razılığa gəlmişlər. Zamin isə borcalanla birlikdə kreditor qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

2. İşdə olan İddiaçı ASC tərəfindən təqdim edilmiş kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 10000 manat məbləğdə vəsait borcalan Cavabdeh1 tərəfindən götürülmüşdür.

3. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə 8160,85 manat əsas, 1547,91 manat faiz və 402,39 manat cərimə borcu olmaqla, cəmi 10281,25 manat kredit borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 8160,85 manat əsas, 1547,91 manat faiz və 402,39 manat cərimə borcu olmaqla cəmi 10281,25 manat kredit borcunun və ödənilmiş 121 manat məbləğdə dövlət rüsumunun alınaraq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 25 faiz olmaqla 10000 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürərək borclu ilə birgə məsuliyyət daşımışdır. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır. Beləliklə də, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmir.

6. Tovuz Rayon Məhkəməsinin 2(062)-1034/2023 saylı mülki iş üzrə 16 may 2023cü il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8160,85 manat əsas, 1547,91 manat faiz və 20 manat cərimə borcu olmaqla cəmi 9728,76 (doqquz min yeddi yüz iyirmi səkkiz manat yetmiş altı qəpik) manat kredit borcunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 121 (bir yüz iyirmi bir) manat pulun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1034/2023 saylı mülki iş üzrə 16 may 2023-cü il tarixli qənaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş pulun məbləği, ödənişləri və maliyyə arayışına düzgün istinad edilməmişdir. O, məhkəmə iclasında iştirak etməmiş, onun iştirakı olmadan araşdırılma aparılmışdır. Belə ki, məhkəmə tərəfindən borcunun nə qədər olması iddiaçının mülahizəsinə əsasən götürülmüş, əslində isə borcun məbləği o qədər olmamış, ödəmələr və faizlər düzgün hesablanmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

16. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

17. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

18. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin əsas dəlili kredit borcunun məbləğinin düzgün hesablanmadıgındandır.

30. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə 15 avqust 2023-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olan 16 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-9/6773/23 saylı rəylinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 02 iyul 2021-ci il tarixli CE/51830/81/3 saylı kredit sazişində qeyd olunan şərtlər nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 8293.21 manat əsas borc, 1940.61 manat faiz borcu olmaqla, cəmi 10233.82 manat borcunun olması müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərin kredit borcu düzgün müəyyən edilmişdir. Belə ki, ekspert rəyində müəyyən edilmiş borc məbləği iddia ərizəsində qeyd olunan borcdan artıq göstərilmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin vaxtı vı yeri barədə Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada rəsmi məlumat verilmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyator Cavabdeh1 şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir.

32. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 16 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 9/6773/23 saylı ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir.

33. İrəli sürülən iddia təmin edildiyindən və cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri Cavabdeh1 aid aid edilməli və ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1034/2023 saylı mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar