Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1871/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1179/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyəı müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1636,03 manat əsas, 10,24 manat faiz, 1,12 manat cərimə, cəmi 1647,39 manat borc, 36,47 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1179/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim M.Niftəliyev) iddianın təmin edilməsi, Cavabdeh 1636,03 manat əsas, 10,24 manat faiz, 1,12 manat cərimə, cəmi 1647 (min altı yüz qırx yeddi) manat 39 (otuz doqquz) qəpik borc, 36,47 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1179/2024 saylı qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçının ərizəsi, bildiriş, məhkəmə qətnaməsi və məhkəmə icraatı ilə bağlı hər hansı sənəd ona təqdim edilməmiş, belə ki, aparılan mülki iş üzrə icraat barədə məlumatı olmamışdır. Bu səbəbdən iş üzrə mövqeyinin ifadə edilməsi mümkün olmamışdır. Həmin icraat çərçivəsində ona təqdim edilən ilk sənəd Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş icra icraatına başlamaq barədə xx.xx.2024-cü il tarixli qərar olmuşdur. İcra Qərarını əldə etdikdən sonra məhkəməyə müraciət edərək ona qarşı qaldırılmış mülki iş üzrə iddia ərizəsi və digər sənədlər təqdim edilmədiyindən ərizəyə etirazını bildirmək imkanının olmadığına istinad etmiş və məhkəmədən qəbul edilmiş qətnamənin ləğv edilməsini və işə iddia icraata qaydasında baxılmasını xahiş etmişdir. Lakin məhkəmə sözügedən ərizə ilə bağlı da rəsmi qaydada cavab məktubu təqdim etməmişdir. Daha sonra (xx.xx.2024-cü il tarixində ) iddia ərizəsinin və digər sənədlərin elektron məhkəmə kabinetinə yerləşdirildiyini həmin kabinetə öz təşəbbüsü ilə daxil olduqdan sonra bilmişdir. Belə ki, elektron məhkəmə kabinetində qətnamənin ləğv edilməsi və işə iddia icraatı qaydasında yenidən baxılması barədə məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsi əks olunsa da, hakimin həmin ərizəyə münasibətini əks etdirən – təmin və ya rədd edilməsi ilə bağlı qərardadı mövcud deyildir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1179/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1179/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh Talıbov Sehriman Mamoy oğluna 48 ay müddətinə, illik 25 faizlə 2000 manat kredit verilmişdir. AZ-İİ № 058481 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Talıbov Sehriman Mamoy oğlu xx.xx.2019-cu ildə vəfat etmişdir. 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli № 2758 saylı məktubundan görünür ki, Talıbov Sehriman Mamoy oğlunun vərəsəsi Cavabdeh müəyyən edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə sənədlərindən görünür ki, Talıbov Sehriman Mamoy oğlunun iddiaçıya olan əsas borcu 1636,03 manat, faiz borcu 10,24 manat, cərimə borcu 1,12 manat təşkil edir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Talıbov Sehriman Mamoy oğlu arasında xx.xx.2018-ci il tarixli, kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə, illik 25 % olmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Talıbov Sehriman Mamoy oğlunun kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbindən 1636,03 manat əsas məbləğdən 10,24 manat faiz borcu, 1,12 manat cərimə borcu olmaqla cəmi 1647 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, kredit götürən Talıbov Sehriman Mamoy oğlu vəfat etmiş, onun qanun üzrə vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini və maliyyə arayışını əsas götürməklə, iddiqanı təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlillıri ilə bağlı qeyd edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəf iddia olunan məbləğin rədd edilməsi və azaldılmasına səbəb olacaq hər hansı sübut növünü, o cümlədən ödənişlərə dair müvafiq ödəniş qəbzlərini apellyasiya şikatətinə əlavə etməmiş və ya məhkəmə kollegiyasının iclasına gəlməyərək, bu barədə sübutlarını təqdim etməmidir. Təqdim edilmiş maliyyə arayışının mötəbərliyi isə heç bir şübhə doğurmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1179/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1179/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1871/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1871/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver