Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1872/2025 23.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-526/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh2 İddiaçı QSC-dən 28 mart 2023-cü il tarixdə 48 ay müddətinə 20 faiz dərəcəsi ilə 15200 manat kredit götürmək üçün müraciət etmiş və həmin şərtlərlə (həmçinin kreditin maksimum faiz dərəcəsi: 28 faiz, maksimum FİFD: 35,30 faiz olmaqla) kreditin verilməsi qarşılıqlı razılaşdırılmışdır. Həmin “Ərizə”də müştərinin adından o da bəyan edilir ki, “başa düşürəm və qəbul edirəm ki, kreditin məbləği, kreditin faiz dərəcəsi, FİFD və kredit müddəti hər bir halda Bankın telefonuma göndərdiyi SMS və ya “MyAccess” vasitəsilə təqdim etdiyi məlumatla müəyyən olunacaqdır”.
2. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2023-cü il tarixli 025G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
3. İddiaçı QSC tərəfindən tərtib olunaraq kağız daşıyıcıda çap olunmuş, müştəri Cavabdeh2 ilə bağlı 28 mart 2023-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək olan dövr üzrə məlumatları əks etdirən “Hesabdan çıxarış”dan görünür ki, həmin cari hesab üzrə 28 mart 2023-cü il tarixdən başlanmaqla və son əməliyyatın tarixi 28 iyun 2024-cü il tarixdə olmaqla müxtəlif vaxtlarda maliyyə əməliyyatları aparılmışdır.
4. İddiaçı QSC tərəfindən tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 28 mart 2023-cü il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 18 dekabr 2024-cü il tarixinə borcu 12179,16 manat əsas, 1263,24 manat faiz və 255,76 manat məbləğində cərimə olmaqla cəmi 13698,16 manat təşkil edir.
5. İddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş (poçt qəbzi var) 18 dekabr 2024cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclarının olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir.
6. 23 may 2025-ci il tarixli 9/2647 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 28 mart 2023-cü il tarixli 025A********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 18 dekabr 2024-cü il tarixə olan əsas borcu 12133,40 AZN və faiz borcu 1145,96 AZN müəyyən olunmuşdur.
7. “Ekspert xərclərinə dair bildiriş”dən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 AZN (bir yüz əlli manat) təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 12179,16 AZN (on iki min yüz yetmiş doqquz manat- 16 qəpik) məbləğində əsas bоrc, 1263,24 AZN (bir min iki yüz altmış üç manat-24 qəpik) məbləğində faiz bоrcu və 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 13698,16 AZN (on üç min altı yüz doxsan səkkiz manat- 16 qəpik) məbləğində kredit bоrcunun və tərəflərindən ödənilmiş 131,09 AZN (bir yüz qırx iki manat-79 qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC-yə 28 mart 2023-cü il tarixdə təqdim etdiyi 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,6667 faiz оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15200 AZN (on beş min iki yüz manat) məbləğində kredit götürmüşdür. Cavabdeh 29 may 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan yalnız 3020,84 AZN ödəniş etmiş və iddiaçıya 12179,16 AZN (on iki min yüz yetmiş doqquz manat- 16 qəpik) məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən, faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh əsas və faiz borcunu Kreditora qaytarmadığına görə 18 dekabr 2024-cü il tarixə 203 gün üçün hesablanmış faiz borcu 1263,24 AZN (bir min iki yüz altmış üç manat-24 qəpik) təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 18 dekabr 2024-cü il tarixə 203 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən, Bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.
10. Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-526/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada 12133,40 AZN (on iki min bir yüz otuz üç manat-40 qəpik) əsas borc, 1145,96 AZN (bir min bir yüz qırx beş manat-96 qəpik) faiz borcu və 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) cərimə, cəmi 13535,12 AZN (on üç min beş yüz otuz beş manat-12 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 131,09 AZN (bir yüz otuz bir manat-09 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 13666,21 AZN (on üç min altı yüz altmış altı manat-21 qəpik) məbləğdə pul vəsaitinin tutulması, 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 75 (yetmiş beş) manat və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 75 (yetmiş beş) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına- “büdcə təsnifatının kodu: 142595; büdcə səviyyəsinin kodu- 3; SAP (XİİS) hesabı; adı- X1; kodu-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi; VÖEN- **********; hesab- Z34CTRE********************” ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdeh Fəhradov Rövşən Nadir oğlundan kredit müqaviləsi üzrə yaranmış cəmi 13535,12 AZN (on üç min beş yüz otuz beş manat-12 qəpik) borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh1 qarşı olan hissəsini də, araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də, əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 28 mart 2023-cü il tarixli kredit müqaviləsı üzrə 12133,40 AZN (on iki min bir yüz otuz üç manat-40 qəpik) əsas, 1145,96 AZN (bir min bir yüz qırx beş manat-96 qəpik) faiz, 255,76 AZN (iki yüz əlli beş manat-76 qəpik) cərimə borcu olmaqla, cəmi 13535,12 AZN (on üç min beş yüz otuz beş manat-12 qəpik) kredit borcu, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 131,09 AZN (bir yüz otuz bir manat-09 qəpik) məbləğində dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə- 45,76 AZN (qırx beş manat-76 qəpik) əsas borc və 117,28 AZN (bir yüz on yeddi manat-28 qəpik) faiz borcu tələbinə dair hissədə əsassız olduğundan həmin hissədə təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 385.1, 386.1, 442, 448.1, 465.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(040)-526/2025 saylı qətnaməsini apellyasiya icraatı qaydasında əsas borc hissəsində dəyişiklik edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair məhkəmədə iddia qaldırmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, o və zamini Cavabdeh1 İddiaçı QSC ilə bağladıqlarıı xx.xx.2023-cü il tarixli, 025A********** saylı kredit müqaviləsi və zaminlik müqaviləsi əsasında ödəniş planı üzrə hissəhissə qaytarmaq şərtiilə 15 200 manat kredit götürmüşdülər. İddiaçı təşkilat məhkəmədə iddia qaldırmaqla xx.xx.2023-cü il tarixli, 025A********** saylı kredit müqaviləsi üzrə 12179.16 manat məbləğində əsas kredit borcu, 1263.24 manat məbləğində faiz borcu və 255.76 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 13698.16 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Qeyd edir ki, sözügedən qətnamə ilə razı deyildir. İddiaçı təşkilat məhkəmədə iddia qaldırmaqla xx.xx.2023-cü il tarixli, 025A********** saylı kredit müqaviləsi və zaminlik müqaviləsinə əsasən kredit üzrə 12179.16 manat məbləğində əsas kredit borcu, 1263.24 manat məbləğində faiz borcu və 255.76 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 13698.16 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Onun vəsatəti əsasında Kəlbəcər rayon Məhkəməsi xx.xx.2025ci il tarixdə qərardad çıxararaq işi borcun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizasına göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti təqdim etdiyi bank proqramından çıxarışlar olmasına baxmayaraq işə qərəzli yanaşmış onun kreditinin qalıq borcunu düzgün hesablamamışdır. Ekspert iddia edir ki, onun banka 13.279.36 manat kredit borcu vardır. Bununla da, ekspertin işə necə qeyri peşəkar və qərəzli yanaşdığı görünür. Bildirir ki, ekspertin cavabı ilə razı deyildir hesablama düzgün və peşəkarcasına aparılmamışdır. O, təkrar vəsatət verərək borcun düzgün hesablanmadığını, özü bank əməkdaşına hesabladıb vəsatətinə əlavə edib qalıq borcunun nə qədər olduğunu hakimə sübut etməyə çalışsa da, hakim işə qərəzli yanaşmışdır. Hakim işə baxarkən qərəzli qərar çıxarmışdır və işi dəqiq araşdırmamışdır. Hakim işə baxarkən tələb edilən kredit borcunun onun tərəfindən bank proqramı əsasında ödənilən ödənişlərini nəzərə almamışdır. Bu səbəbdən də, Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-526/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin əsas borc hissəsində dəyişiklik edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinin əsassız olduğunu bildirirərək təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdeh tərəfə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
23. 39.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
24. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
25. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
26. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
27. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
37. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən yalnız əsas borc hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-526/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İşin hallarından görünür ki, Cavabdeh2 İddiaçı QSC-dən 28 mart 2023-cü il tarixdə 48 ay müddətinə 20 faiz dərəcəsi ilə 15200 manat kredit götürmək üçün müraciət etmiş və həmin şərtlərlə kreditin verilməsi qarşılıqlı razılaşdırılmış, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2023-cü il tarixli 025G**********01 saylı zaminlik müqaviləsindən ilə zamin borclunun kredit müqaviləsi iləndən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun kredit təşkilatına borcu yaranmışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin kreditora əsas və ona hesablanmış faiz borcu yaranmışdır. İddiaçı kredit təşkilatı isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunverciliyin tələbinə görə məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2 vəsatəti əsasında iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 23 may 2025-ci il tarixli 9/2647 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 18 dekabr 2024-cü il tarixə olan əsas borcu 12133,40 AZN və faiz borcu 1145,96 AZN olması müəyyən olunmuşdur.
44. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
45. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 025A********** saylı kredit müqaviləsinin şərtlərini əsas tutmuşdur.
46. Apellyasiya şikayətində kredit müqaviləsi üzrə əsas borcunun şişirdilmiş olduğu və iş üzrə məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin təqdim edilmiş bank proqramından çıxarışlar olmasına baxmayaraq işə qərəzli yanaşmaqla kreditin qalıq borcunun düzgün hesablanmaması göstərilsə də, tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə rəyin əsassız olmasına dəlalət edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyildir.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur.
48. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-526/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-526/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.