Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1875/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(013)-2058/2019 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(013)-2058/2019 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddianın təmin edilməsi, Cavabdeh 530,3 manat əsas və 30 manat ödənilmi. dovlət rusumu - cəmi 560,30 manat pulun tutularaq "xxxx" MMCnın xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(013)-2058/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin faktiki hallarına uyğun yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Samsung” markalı telefon üçün 530,30 manat ödənilməmiş hissə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 864 manat dəyərində 08 ay müddətinə “Samsung” markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 530,30 manat ödənilməmiş borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normaları səhv təfsir və tətbiq edilmişdir. Belə ki, Ağdam Rayon Məhkəməsinin icraatında olmuş pul tələbinə dair işdən cavabdehin ümumiyyətlə xəbəri olmamışdır. O, 04 oktyabr 2019-cu il tarixdən etibarən Rusiya Federasiyasında yaşayır. Apellyasiya şikayətinə əlavə edilmiş xarici pasportdan da göründüyü kimi mən xx.xx.2019cu iltarixdə Rusiya Federasiyasına getmişdir. 2024-cü ildə məlumatı olmuşdur ki, barəsində məhkəmə qərarı əsasında məcburi icra tədbirləri həyata keçirilmişdir. Barəsində həyata keçirilən icra tədbirləri və həmin tədbirlərin həyata keçirilməsinə əsas olan məhkəmə qərarlarının surətinin rəsmi qaydada onlara təqdim edilməsi üçün tərəflərindən 29 aprel 2024-cü il tarixli vəkil sorğusu ilə Abşeron Rayon İcra Şöbəsinə müraciət olunmuşdur. Vəkil sorğusuna rəsmi qaydada cavab verilməmiş və məhkəmə qərarlarının surəti onlara təqdim olunmamışdır. Lakin məhkəmə mübahisəsinə baxmış məhkəmənin adı, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktının nömrəsi və tarixi haqqında şifahi qaydada onlara məlumat verilmişdir. Bundan sonra tərəflərindən Ağdam Rayon Məhkəməsinə müraciət olunmuş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu iltarixli, 2(013)-2058/2019 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixində rəsmi qaydada onlara poçt vasitəsilə göndərilmişdir. Cavabdehlə iddiaçı "xxxx" arasında heç bir müqavilə bağlanmamış və o müqavilə əsasında telefon əldə etməmişdir. Müqavilənin bağlanması üçün onun şəxsi imzası, yaxud da ki, etibarnamə əsasında müqavilə münasibətlərində onun adından iştirak edə bilən şəxsin imzası olmalıdır. O, müqavilə bağlanması üçün heç kimə etibarnamə verməmiş və yaxud özü müqavilə bağlamamış, telefon əldə etməmişdir. Lakin Ağdam Rayon Məhkəməsi telefon alqı-satqısı barədə müqavilənin həqiqətən onun tərəfindən bağlanıb-bağlanmadığını müəyyənləşdirmədən iddiaçının iddia tələbini təmin etmişdir. Belə olan halda alqı-satqı müqaviləsinin bağlanmasından belə xəbəri olmayan şəxsdən 560.3 manat pul tutulmasının qət edilməsi əsassız və qanunsuzdur. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ağdam Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(013)-2058/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərərındən Cavabdeh 08 ay müddətinə, hər ay 83 manat ödəmək şərti ilə 864 manat dəyərində “Samsung” markalı mobil telefon kreditlə verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh həmin müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 83,0 manat, xx.xx.2018-ci il tarixdə isə 35,0 manat ödəniş etmiş, daha sonra isə heç bir ödəniş etməmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC-yə 530,30 manat borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 864 manat dəyərində 08 ay müddətinə “Samsung” markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 530,30 manat ödənilməmiş borcu yaranmışdır həmçinin, "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini tam şəkildə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, çəkişmə prinsipinə əməl edilmədən, iddiaçının mənafeyi nəzərə alınaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki işə birinci instansiya məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından və iş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən də göründüyü kimi, Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı etirazını və ona əlavə edilmiş sənədləri, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəmə təqdim olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh isə iddiaya qarşı heç bir etiraz təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini, eləcə də məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarılmasına dair dəlilini əsassız sayır. Çünki cavabdeh verdiyi şikayətdə məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarıldığını göstərilmiş olsa da, həmin şikayətə dəlilini təsdiq edən sübut əlavə edilməmişdir. Cavabdehin iddiaçı ilə müqavilə bağlamaması, iddiaçıdan telefon almaması dəlilinə gəldikdə kollegiya həmin dəlili də əsassız sayır. Ona görə ki, işdən göründüyü kimi cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş, ilkin ödəniş etmiş, telefonu aldıqdan sonra isə daha iki dəfə ödəniş etmişdir. Yəni cavabdehin həmin dəlili əsaslı deyildir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(013)-2058/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(104)-1875/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1875/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver