Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1886/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: istifadəyə verilən aktivlərin geri qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin Cavabdeh istifadəyə verilən aktivlərin geri qaytarılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-529/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3” tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli müqavilədən görünür ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Agentlik tərəfindən Cavabdeh 1(bir) baş qoç, 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində təhvil verilmişdir.
3. 21 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 1(bir) baş qoç və 20 (iyirmi) baş qoyun aşkar edilməmişdir.
4. 25 aprel 2023-cü il tarixli aktdan görünür ki, 25 aprel 2023-cü il tarixdə Ağstafa rayonu Poylu kəndində Cavabdeh evində baxış zamanı “X3” tərəfindən verilmiş aktivlər (heyvanlar) 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) quzu yerində aşkar edilmişdir. Artım müşahidə olunmuşdur.
5. Ağstafa RİHB Poylu kənd İəd üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 533/g nömrəli arayışından görünür ki, Cavabdeh Ağstafa rayonun Poylu kəndində daimi qeydiyyatdadır və yaşayır. Hal-hazırda onun təsərrüfatında 42 (qırx iki) baş xırda buynuzlu mal-qarası vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin Cavabdeh istifadəyə verilən aktivlərin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: 5Y4UF4G) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arasi sağlamlıq haqqinda baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 36310 birka nömrəli 1 (bir) baş qoç, 36044, 35292, 34689, 36138, 34875, 35270, 36159, 36488, 36052, 34790, 36185, 35501, 36373, 36466, 35492, 36446, 36545, 36580, 35608, 36573 birka nömrəli qoyun və 400 kq qarışıq yem natura şəklində ona verilmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 20 sentyabr 2021-ci il tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 22 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 21 fevral 2022-ci il tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 36310 birka nömrəli 1(bir) baş qoç, 36044, 35292, 34689, 36138, 34875, 35270, 36159, 36488, 36052, 34790, 36185, 35501, 36373, 36466, 35492, 36446, 36545, 36580, 35608, 36573 birka nömrəli qoyun aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 29 dekabr 2022-ci il tarixli, **********2 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Agentliyin hesabına köçürməlidir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-529/2023 nömrəli qətnaməsi (hakim Fəxri Məmmədov) ilə iddianın təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 216-220-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3” apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-529/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 20 sentyabr 2021-ci il tarixində 2021/ÖM-420 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 36310 birka nömrəli 1 (bir) baş qoç, 36044, 35292, 34689, 36138, 34875, 35270, 36159, 36488, 36052, 34790, 36185, 35501, 36373, 36466, 35492, 36446, 36545, 36580, 35608 və 36573 birka nömrəli qoyun və 400 kq qarışıq yem natura səklində verilmişdir. Cavabdeh qeyd edilən aktivləri təhvil təslim aktına imza edərək qəbul etmişdir. Cavabdehə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habel istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 21 fevral tarixli aralıq və 2022-ci il 19 dekabr tarixli yekun monitorinqi aktlarına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər aşkar edilməmişdir. Cavabdehə ünvanlanmış 2022-ci il 29 dekabr tarixli **********2 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. İş birinci instansiya məhkəməsinin icraatında olan zaman 25 aprel 2023-cü il tarixdə Agentliyin X1 filialının əməkdaşı tərəfindən monitorinq keçirilmişdir. Tərtib edilmiş aktda qeyd edilmişdir ki, baxış zamanı 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) baş quzu aşkar edilmişdir. Monitorinq zamanı foto və videoçəkiliş aparılmışdır. Foto və videoçəkilişdən müəyyən olunur ki, aşkar edilən 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) baş quzu Agentlik tərəfindən verilən aktivlər deyil. Çünki, aşkar edilən 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) baş quzunun heç birində birka mövcud deyil. Agentlik tərəfindən verilən aktivlərin hamısında birka olmuşdur. Cavabdeh aktivləri təhvil alan zaman təhvil təslim aktına imza edərək almışdır. Aşkar edilən aktivlərin birkaları olmadığı üçün sübut olunur ki, cavabdeh monitorinq aparan əməkdaşları və məhkəməni aldatmaq üçün monitorinq zamanı başqa şəxsə məxsus olan 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) baş quzunu həyətinə gətirmişdir. Bundan başqa, 25 aprel 2023-cü il tarixdə keçirilən monitorinq zamanı aşkar edilən 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) baş quzunun həqiqətən cavabdehə məxsus olduğunu və Agentlik tərəfindən verilmiş aktivlərində cavabdehdə olub-olmamasını bir daha müəyyən etmək üçün cavabdehin fəaliyyətini yenidən monitorinq etmək üçün xx.xx.2023-cü il tarixdə ona məxsus ***-***-**-** nömrəli telefon vasitəsi ilə əlaqə saxlanılmış və o monitorinqə şərait yaratmamışdır. Sözügedən hal xx.xx.2023-cü il tarixli “Monitorinqə şərait yaradılmaması barədə” Aktla rəsmiləşdirilmişdir. Qeyd edilən hal bir daha sübut edir ki zaman 25 aprel 2023-cü il tarixdə keçirilən monitorinq zamanı aşkar edilən 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) baş quzu cavabdehə məxsus olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Maddə 24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi.
18. Maddə 8.1. Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir.
“Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli qərarı
19. Maddə 8.1. Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir.
20. Maddə 8.2. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.
21. Maddə 8.3. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
35. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-529/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli müqaviləyə əsasən, Mərkəz tərəflər arasındakı təhvil təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından göründüyü kimi Agentlik tərəfindən Cavabdeh 1 (bir) baş qoç, 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində təhvil verilmişdir. 21 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 1(bir) baş qoç və 20 (iyirmi) baş qoyun aşkar edilməmişdir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 25 aprel 2023-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) quzu yerində aşkar edilmiş və artım müşahidə olunmuşdur.
40. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə verilmiş 1 (bir) baş qoç, 20 (iyirmi) baş qoyun cavabdeh tərəfindən satıldığını və sonuncunun sözügedən əmlakların qaytarmadığını bildirir. Bu halda isə sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
42. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
43. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
44. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
45. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Məhkəmə kollegiyası apellyatorun verilən əmlakların üzərində birkaların olması dəlili ilə bağlı qeyd edir ki, dəlil əsassızdır. Belə ki, tərəflər arasında bağlanan 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Agentlik tərəfindən Cavabdeh 1(bir) baş qoç, 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində təhvil verilmişdir. Göründüyü kimi, tərtib edilmiş aktda əmlakların ümumi sayı göstərilmiş, lakin iddiaçı tərəfindən göstərilən birka nömrələri həmin aktda qeyd olunmamışdır.
47. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
50. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
51. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-529/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.