Məhkəmə qərarları › İş №2(104)-1886/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1886/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1886/2025 27.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: maddi zərərin ödənilməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdeh(lər)) qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2599/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçıya xx.xx.2022-ci il tarixdə 2 dərəcəli əlillik verilmişdir.

2. xx.xx.2025-ci il tarixli, 3-17-4/2-H-11687/2025 nömrəli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş müayinəsi əsasında barəsində “Əlillik əlaməti təyin edilməməsi” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişi və İddiaçı müraciəti əsasında xx.xx.2025-ci il tarixdə aparılmış müayinə nəticəsində əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2025-ci il tarixindən “Əlillik əlaməti təyin edilməməsi” barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin qərəzli əmmələri nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 6200 manat məbləğində pulun və 83 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qayadada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və X3 qonşuları olmaqla ər-arvaddırlar. 3-cü cavabdeh- Cavabdeh3 da həmkəndlidir. Onlardan, X2 Rabitəbankdan götürdüyü kredit üzrə zamini olmuşdu. Ancaq, əsas borclu olaraq Gülpara Fətullayeva banka olan kredit borcunu qəsdən ödəməməsinə görə zamin olaraq onun əlillik üzrə pensiyandan tutulmuşdur. Nəticədə o cavabdehdən onun əvəzinə banka ödədiyi pulunu tələb etsə də verməmiş, ona görə həmin cavabdehə qarşı Şəmkir rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etməyinə görə həmin vaxtdan onunla münaqişəli vəziyyətdədir. Əri, 2-ci cavabdeh də əsassız bəhanələrlə onu və ailə üzvlərini evinin qarşısına küçə söyüşləri ilə söyüb təhqir edərək şərəf və ləyaqətini alçaldır. 3-cü cavabdeh isǝ sudan istifadə Birliyinin əməkdaşı olaraq 5 ədəd subartezian quyularına nəzərətçi kimi kənd sakinlərinə su verməklə məşğuldur. Onun həyətyanı torpağına və içməli suyunu da onun verməli olmasına baxmayaraq min bir əziyyətlə ona su vermir. Cavabdehlər Cavabdeh2 və X1 Polad Sabir oğlu birləşərək onun Gülpara Fətuüllayevadan kredit pulunu tələb etməyinə görə onun 2022-ci ildən xəstəliyi ilə əlaqədar təyin edilmiş 2-ci qrup əlilliyinə görə ayda 220 (iki yüz iyirmi) manat pensiyanın kəsilməsinə səbəb olmuşlar. Yəni, həmin cavabdehlər onun barəsində DSMF-na rəsmi şikayətlər etməklə bərabər həmin idarənin rəhbərliyinin də qəbulunda olaraq onun xəstə olmamağını, əsassız pensiya almağını bildirmişlər. Nəticədə 2024-cü ilin sentyabr ayından pensiya kəsilmişdir. Bununla da onunun xx.xx.2027- ci ilədək almalı olduğu pensiya kəsildiyindən, 6200 (altı min iki yüz) manat məbləğində ona maddi ziyan vuruldu. O, ağır maddi çətinlik şəraitində yaşayır, himayəsində 3 azyaşlı uşaqları olmaqla bir qızı da əlildir. Cavabdehlərin qərəzli əməlləri nəticəsində ona vurulan maddi ziyanın ödənilməsini onlardan tələb etsə də nəticəsi olmamışdır. Ona görə cavabdehlərə qarşı məlum iddianı qaldırmalı olmuşdur.

5. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2017-ci ildə cavabdehlərin götürdüyü kreditə zamin durmuşdur. Lakin, cavabdehlər kredit borcunu ödəmədiyindən, banka olan ödənişlər onun pensiya kartından tutulmuşdur. Sonradan həmin məbləğin geri qaytarılması üçün məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə ödədiyi pul geri qaytarılmışdır. Lakin cavabdehlər qisas almaq məqsədilə onun barəsində müxtəlif orqanlara şikayətlər etmiş, nəticə etibarilə onun əlillik dərəcəsi də ləğv edilmişdir. Buna görə hesab etmişdir ki, iddia əsaslıdır və təmin olunmalıdır.

6. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmşdir ki, 2017-ci ildə kredit götürmüş və qonşusu İddiaçı həmin kreditə zamin durmuşdur. O, müəyyən müddət ərzində kredit ödənişlərini etmiş, lakin sonradan məlum olmuşdur ki, iddiaçı ona aylıq ödəniş məbləğini olduğundan artıq göstərmiş və əlavə pul almışdır. Bu səbəbdən də o, İddiaçı hansı məbləğdə pensiyasında tutulma aparılması öyrənmək üçün müraciətlər etmişdir. Əlillik dərəcəsindən məhrum etmək onun səlahiyyətində olmadığından, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.

7. Cavabdeh2 iddianı qəbul etməyərək öz izahatında bildirmişdir ki, İddiaçı iddiası əsassızdır. Belə ki, onun əlillik dərəcəsindən məhrum edilməsi ilə bağlı müraciətlər etməmişdir. Eyni zamanda həmin məsələ onların səlahiyyətində deyil, bu barədə qərarı yalnız müvafiq tibbi-sosial ekspert komissiyası qəbul etmişdir.

8. Cavabdehə Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(076)-2599/2025 nömrəli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 2022-ci ildə İİ dərəcəli əlillik təyin edilmiş, lakin 2024-cü ildə aparılmış təkrar müayinə nəticəsində onun əlillik dərəcəsi ləğv edilmişdir. İddiaçı öz izahatında əlillik dərəcəsindən məhrum edilməsini cavabdehlərin hərəkətləri ilə əlaqələndirmiş, lakin məhkəmə araşdırması gedişində bu faktı təsdiq edən heç bir inandırıcı sübut təqdim etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən şübhə doğuran əlilli təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanıldığından İddiaçı barəsində də araşdırılma aparılmışdır. Əlillik dərəcəsinin ləğvi yalnız müvafiq səlahiyyətli orqanın qərarı əsasında mümkündür və bu qərar inzibati akt xarakteri daşıyır. Belə olduğu halda, həmin qərardan narazı qalan şəxs qanunvericilikdə nəzərdə tutulmuş inzibati qaydada şikayət vermək hüququna malik idi.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qətnamə qəbul edilərkən Mülki Məcəllənin 1096.1. maddəsinin tələbi pozulmuşdur, qanunun tələblərinə riayət edilməməsi onda ifadə olunmuşdur ki, cavabdehləri qanunsuz əməllərinə düzgün hüquqi qiymət verməmiş, ona vurulmuş zərərin ödnilməsi barədə iddiası əsassız olaraq təmin edilməmişdir. Məhkəmə onu təqdim etdiyi, gətirdiyi arqumentlərin heç birini araşdırmamış və bu hallara nəyinki qiymət verməmiş, heç onun dediklərini qətnaməsində hər hansı bir hissəsində də qeyd etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehlərdən, Cavabdeh2 və X3, qonşuları olmaqla ər-arvaddırlar. 3-cü cavabdeh- Cavabdeh3 da həmkəndlimdir. Onlardan, X2 “Rabitəbank”dan götürdüyü kredit üzrə zamini olmuşdu. Ancaq, əsas borclu olaraq Gülpara Fətullayeva banka olan kredit borcunu qəsdən ödəməməsinə görə zamin olaraq borc onun əlillik üzrə pensiyandan tutulmuşdur. Nəticədə o cavabdehdən onun əvəzinə banka ödədiyi pulunu tələb etsə də verməmiş, ona görə həmin cavabdehə qarşı iddia qaldıraraq pulunu tələb etməyinə görə həmin vaxtdan onunla münaqişəli vəziyyətdə idi. Cavabdehlər Cavabdeh2 və X1 Polad Sabir oğlu birləşərək onun Gülpara Fətullayevadan kredit pulunu tələb etməyinə görə onun 2022-ci ildən xəstəliyi ilə əlaqədar təyin edilmiş 2-ci qrup əlilliyinə görə ayda 220 (iki yüz iyirmi) manat pensiyanın kəsilməsinə səbəb olmuşlar. Yəni, həmin cavabdehlər onun barəsində DSMF-yə rəsmi şikayətlər etməklə bərabər həmin idarənin rəhbərliyinin də qəbulunda olaraq onun xəstə olmamağını, əsassız pensiya almağını bildirmişlər. Nəticədə 2024-cü ilin sentyabr ayından pensiyam kəsilmişdir. Bununla da onun xx.xx.2027-ci ilədək almalı olduğu pensiyası kəsildiyindən, 6200 (altı min iki yüz) manat məbləğində ona maddi ziyan vurulmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə qonşu olmuşlar. Belə ki, iddiaçının pensiyası saxta olduğu üçün DSMF tərəfindən onun pensiyası dayandırılmışdır. O, bununla bağlı Sahil Babayevə müraciət etmişdir. Həmin halı təsdiqləyən hüquq mühafizə orqanın qərarları da olmuşdur. Eyni zamanda, iddiaçı onların kredit götürməyinə görə zamin durmuşdur və daha sonra isə məhkəmə qətnaməsilə onlardan zamin olan iddiaçıya reqres qaydasında pul tutulmuşdur. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

37. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2599/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

44. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

45. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

46. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya maddi zərərin dəyməsinin məhz cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməməsi barəsində düzgün nəticəyə gəlmişdir.

47. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

48. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

49. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

50. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

51. Belə ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3- 17-4/2-H-11687/2025 nömrəli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş müayinəsi əsasında barəsində “Əlillik əlaməti təyin edilməməsi” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişi və İddiaçı müraciəti əsasında xx.xx.2025-ci il tarixdə aparılmış müayinə nəticəsində əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2025-ci il tarixindən “Əlillik əlaməti təyin edilməməsi” barədə qərar qəbul edilmişdir.

52. Həmin sənəddən göründüyü kimi, iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş tibbi müayinə nəticəsində “Əlillik əlaməti təyin edilməməsi” barədə qərar qəbul edilmiş, sonrakı dövrdə – xx.xx.2025-ci il tarixdə aparılmış təkrar tibbi müayinə nəticəsində isə əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2025-ci il tarixdən etibarən yenidən “Əlillik əlaməti təyin edilməməsi” barədə qərar qəbul edilmişdir.

53. Beləliklə, təqdim edilmiş rəsmi sənədlərdən və iş materiallarından aydın olur ki, iddiaçının pensiyasının dayandırılması barədə qərar tibbi ekspert komissiyasının apardığı qiymətləndirmənin nəticəsi olaraq qəbul edilmişdir.

54. Məhkəmə iclasında Cavabdeh1 iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin yoxlanılması ilə bağlı sosial təminat orqanının rəhbərinə müraciət etdiyini bildirmişdir və iddiaçının məhz bu hala istinad edərək ona ödənilməli olan pensiya məbləğini cavabdehlərdən tələb edir.

55. Cavabdehin müraciət etməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ. hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır....

56. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası haqqında Qanunun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 1.2-ci maddəsinə əsasən, vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

57. 3.0.3, 3.0.4 və 3.0.5-ci maddələrinə əsaən, təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət, ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.

58. Göründüyü kimi, hər bir Azərbaycan Respublikası vətəndaşının dövlət orqanlarına müraciət etmək hüququ vardır ki, qanunvericiliyin tələblərin pozulması və ya hər hansı neqativ hallarla bağlı müvafiq orqanlara məlumat verilməsi hər bir şəxsin vətəndaşlıq borcudur.

59. Hazırki işin araşdırlması zamanı müəyyən edildiyi kimi, Cavabdeh1 sosial təminat orqanına müraciət etmiş və bundan sonra iddiaçıya təyin edilmiş əlillik dərəcəsi yeni şəhadətləndirmə nəticəsində ləğv edilmişdir.

60. İddiaçı bu hala istinad edərək ona ödənilməli olan pensiya məbləğini zərər olaraq cavabdehlərdən tələb edir ki, bunda da haqlı olmamışdır. Belə ki, əlillik və pensiya ödənişi cavabdeh tərəfindən deyil, buna məsul dövlət orqanının qərarına əsasən dayandırılmışdır.

61. İddiaçı bununla bağlı inzibati məhkəmə icraatı qaydasında sosial təminat orqanına qarşı müvafiq qərarlarının ləğvi və əlillik dərəcəsinin, habelə pensiya ödənişinin bərpası ilə bağlı iddia iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Həmin məhkəmə araşdırması zamanı sosial təminat orqanının qərarları ləğv olunacağı təqdirdə iddiaçı ona ödənilməli olan pensiya məbləğini ala biləcəkdir.

62. Əlilliyin qanuniliyi ilə bağlı müraciət edən şəxs buna məsul qurumun hərəkətlərinə görə məsuliyyət daşımır, müraciət etmək hər bir vətəndaşın hüququdur ki, bu halda cavabdehin və ya cavabdehlərin hərəkətləri nəticəsində hər hansı maddi ziyanın vurulmasından söhbət gedə bilməz.

63. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə delikt məsuliyyətinin yaranması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud deyildir. Təqdim olunmuş rəsmi sənədlərdən göründüyü kimi, bu hal rəsmi tibbi qiymətləndirmə nəticəsində əlillik əlamətinin mövcud olmaması səbəbindən baş vermişdir.

64. Bu əsaslarla məhkəmə belə qənaətə gəlir ki, iddiaçının maddi ziyanın cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulması barədə iddia tələbi sübuta yetirilməmiş, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrində nəzərdə tutulan delikt məsuliyyətinin tətbiqi üçün zəruri hüquqi əsaslar mövcud deyildir.

65. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

66. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

69. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2599/2025nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar