Məhkəmə qərarları › İş №2(104)-1888/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1888/2024

19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1888/2024 19.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-772/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qarşı Ağdam Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(013)-1988/2023 saylı qətnaməsinə əsasən 150 (yüz əlli) manat alınan alimentin məbləği dəyişdirilərək, himayəsində olan xx.xx.2020ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya sessiyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-772/2024 saylı qətnaməsi ilə (sədrlik edən Kamil Rzayev) hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh1 alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 dövlət rüsumu olaraq 40 (qırx) manat 40 (qırx) qəpiyin alınaraq dövlət nəfinə ödənilməsi, Cavabdeh1 mediyasiya sessiyasında ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-772/2024 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin iddianın təmin edilməyən hissəsində maddi hüquq normaları düzgün tətbiq edilməmiş və nəzərə alınmamışdır ki, uşaqlar üçün yaşaypış miniumu 235 manatdır. Lakin məhkəmə iddianı qismən təmin edərək, uşaqların Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərci kimi müəyyən edilən 235 manat əvəzinə 170 manat aliment tutulması barədə qətnamə çıxartmış və bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-772/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlaılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: doğum haqqında şəhadəatnamənin surətindən görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1988/2023 saylı qətnaməsinin surətindən görünür ki iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 aralarında bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın İddiaçı yanında saxlanması, xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Məhəmməd Əlyevdən hər ay 150 manat alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin alimentə aid olan hissəsinin dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə alimentin artırılması tələbi ilə bağlı mediasiya şurasına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərə bildirişlər göndərilmişdir. Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməyən tərəf olmuşdur. İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. İddiaçı apellyasiya şikayətindən görünür ki, o, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-772/2024 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətin dəlillərində iddianın təmin edilməyən hissəsini mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: doğum haqqında şəhadəatnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə anadan olmuş X2 atası Cavabdeh1, atası İddiaçıdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1988/2023 saylı qətnaməsinin surətindən görünür ki iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 aralarında bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın İddiaçı yanında saxlanması, xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Məhəmməd Əlyevdən hər ay 150 manat alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin alimentə aid olan hissəsinin dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə alimentin artırılması tələbi ilə bağlı mediasiya şurasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə tərəflərə bildirişlər göndərilmiş, Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməyən tərəf olmuşdur. İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından xx.xx.2020-ci ildə X3 adlı uşaqları anadan olmuşdur.Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1988/2023 saylı qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh1 aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın İddiaçı yanında saxlanması, xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Məhəmməd Əlyevdən hər ay 150 manat alimentin tutularaq İddiaçı verilməsi müəyyən olumuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. “2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Zeynəb adlı uşağın saxlanılması üçün ödənilən alimentin uşağın saxlanılmasına kifayət etməməsini, iddia tələbini qismən təmin edərək, alimentin miqdarını qismən artırmaqla, hər ay 170 manat həddində sabit pul məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərir ki, uşaqların Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərci kimi 235 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə 170 manat aliment tutulması barədə qətnamə çıxartmış və bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri ilə bağlı, qeyd edir ki, o, həm iddia ərizəsinə, həm apellyasiya şikayətində cavabdehin yüksək gəlirlərə malik olmasına dair heç bir sübut növü əlavə etməmişdir. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, alimentin məbləği müəyyən edilərkən onların da maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən, aliment ödəməyən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Aliment ödəyən şəxsin maddi imkanı üçün ödənilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına zəmin yaradacaqdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1988/2023 saylı qətnaməsi ilə,xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Məhəmməd Əlyevdən hər ay 150 manat alimentin tutularaq İddiaçı verilməsi qət olunduqdan sonra, həmin qətnamənin qəbulundan sonra qısa müddət keçmiş və iddiaçı tərəf bu müddətdə cavabdehin maddi vəziyyətində yaxşıya doğru dəyişiklik olmasına dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-772/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, alimentin artırıldığı məbləğin bir il ərzində olan məcmusu ilə iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-772/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar