Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-189/2023 03.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(023)-497/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonunun Ağköynək kəndində yerləşən cavabdehin mülkiyyətində olan evdə yaşayış sahəsindən istifadə qaydalarına uyğun olaraq yaşadıqları otağın elektrik enerjisi və məişət qazı ilə təmin edilməsi ilə bağlı cavabdeh tərəfindən maneənin (qanunsuz hərəkətlərin) aradan qaldırılaraq yaşadıqları otağın elektrik enerjisi və məişət qazı ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 may 1973-cü ildə Qazax rayonunun Ağköynək kəndində doğulmuşdur. Uşaqlığını mübahisəli evdə yaşamış və 2005-ci ildə ailə qurduqdan sonra da həmin evdə yaşamağa davam etmişdir. İki uşağı vardır. Hazırda ailəsi ilə birgə mübahisəli evin həyətyanı sahəsində tikilmiş otağında yaşayır. Ailəsi ilə birgə yaşaması üçün başqa yaşayış sahəsi yoxdur. Atası, iş üzrə cavabdeh heç bir əsas göstərmədən onun yaşadığı otağın qaz xəttini kəsmiş və hazırda ailəsi qazdan istifadə edə bilmir. Bununla da onunla yaşayan uşaqlarının normal şəraitdə yaşamasına cavabdeh imkan vermir. Həmin otağa ayrıca qaz və elektrik xətti çəkilməsi üçün texniki imkanlar vardır. Atası hər zaman mübahisə yaranan kimi elektrik xəttini də kəsir. Bundan əlavə kommunal xərclərin ödənilməsi ilə bağlı problemlərin yaranmaması və qanunsuz olaraq onun xəttinin kəsilməməsi üçün abonent kimi əlavə sayğacların qoyulmasına razıdır. Ailəsi ilə həmin evdə normal yaşaması üçün maneələr aradan qaldırılmalıdır. Bundan başqa o və ailə üzvləri sanitar qovşaqdan (hamam və ayaqyolundan) istifadə edə bilmirlər. Bu hərəkətlərlə cavabdeh onların evdə normal yaşamalarına maneələr yaratmaqda davam edir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(023)-497/2022saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(023)-497/2022saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışıdr ki, məhkəmə heç bir araşdırma aparmamış, məhkəmə iclaslarını təxirə salmaqla işi uzatmışdır. Məhkəmə qətnaməsində iddianı rədd etməsini əsaslandırmamışdır. Belə ki, cavabdeh məhkəmə iclasında izahat verib bildirmişdir ki, “həqiqətən Qaz İdarəsinin və Elektrik şəbəkəsinin əməkdaşları gəlmiş, mən razılıq vermədim deyə qazı və işığı çəkmədilər.” Məhkəmə isə qeyd etmişdir ki, iddiaçı bununla bağlı sübut təqdim etməmişdir. İşdə olan sübutlar: JN-680 seriyalı, KOD 50102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X2, X3, X4, X5 və X1 Qazax rayonu, Ağköynək kəndində 0.11 ha torpaq sahəsi verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu İddiaçı artıq evdən çıxıb getmiş və başqa ünvanda yaşamaqdadır. Onun göstərdikləri yalandır. Belə ki, iddiaçı komunal xidmətlərdən istifadə etsə də, qaz və elektrik sərfiyyatına görə pul onun tərəfindən ödənilmiş, lakin oğlu ona və anasına baxmamış, həmçinin ödənişlərin həyata keçirilməsində heç bir maddi dəstək olmamış, əksinə onlara qarşı övlada uyğun olmayan hərəkətlər etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Bununla yanaşı iddiaçı ilə telefon əlaqəsi saxlanılmış və iddiaçı artıq mübahisəli evdə yaşamadığını və həmin evdən çıxdığını, bununla da mübahisənin artıq mahiyyətinin qalmadığını və məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan respublikasının Mənzil Məcəlləsi: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: 2.1. Yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması” qaydaları: 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin0 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Qazax Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(023)-497/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində qeyd etdiyi, cavabdehlə eyni həyətdə yaşadıqları otağa qaz və elektrik xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti üzrə təşkilatlara müraciət etməsi, cavabdehin buna razılığının olmaması, həmçinin cavabdeh tərəfindən qaz və elektrik xəttinin çəkilməsinə maneənin yaradılmasına dair hər hansı bir sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, tərəflər arasında mübahisə eyni ünvanda ayrı təsərrüfatlarda yaşayan şəxslərin komunal xidmətlərdən istifadə edilməsi və istifadəyə uyğun olaraq onun dəyərinin ödənilməməsi ilə bağlı olmuşdur ki, iddiaçı qaz və elektrik təchizatı müəssisələrinə müraciət etməsi və yaşadığı ünvanda qaz və elektrik sayğaclarının ayrıca quraşdırılmasının texniki şərtlərə uyğun olması ilə bağlı həmin müəssisələrin müvafiq rəylərinin olması, o cümlədən cavabdehin mübahisənin bu qaydada həll edilməsinə imkan verməməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlə eyni ünvanda, lakin ayrı otaqlarda (evdə) və ailə təsərrüfatlarında yaşadığı təqdirdə komunal xidmətlərin ödənilməsi ilə bağlı müvafiq razılığa gəlmədikləri halda yaşadığı evin (otağın) cavabdehin qaz və elektrik təchizatı şəbəkəsindən ayrıca şəkildə təmin edilməsi üçün aidiyyəti üzrə qaz və elektrik təchizatı müəssisələrinə müraciət etməli, həmin müəssisələrin texniki şərtlərlə bağlı müvafiq rəyi olduqda, cavabdeh isə buna imkan vermədiyi halda, cavabdeh tərəfindən qaz və elektrik təchizatı şəbəkəsindən ayrıca isitfadəyə edilən manelənin aradan qaldırılması tələbini irəli sürməkdə haqlı ola bilərdi. Digər tərəfdən istifadə edilmiş komunal xidmətlərin haqqının ödənilməsi ilə bağlı mübahisə yaranmaması üçün yuxarıda qeyd olunan Qaydalarda göstərildiyi kimi subabonent qismində müqavilənin bağlanması da mümükündür. Bundan başqa məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının məhkəmə iclaslarına gəlməməsinin səbəbləri ilə əlaqədar iddiaçı ilə telefon əlaqəsi saxlanılmış, lakin iddiaçı artıq mübahisəli evdə yaşamadığını və həmin evdən çıxdığını, bununla da mübahisənin artıq mahiyyətinin qalmadığını və məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir ki, bu faktı məhkəmə iclasında iştirak edən cavadbeh də təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı olmaqla, apellyasiya şikayəti əsassız olmuşdur. Buna görə də Qazax Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(023)-497/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Qazax Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(023)-497/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(023)-497/2022saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.