Məhkəmə qərarları › İş №2(104)-1891/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1891/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1891/2025 15.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək cinayətin törədilməsinə aidiyyəti olmadığı halda, ibtidai istintaq və məhkəmə orqanları tərəfindən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, 10 gün inzibati həbs olunmağı, ölkədən getmək hüququnun məhdudlaşdırılması, uzun illər haqqının bərpa etməsi üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məhkəmələrdə mülki qaydada və cinayət işinin getməsi nəticəsində ona vurulmuş fiziki zərərin əvəzi olaraq 20.000 manat fiziki və 41,125,70 manat maddi olmaqla, cəmi 61.125,70 (altmış bir min bir yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının dövlət büdcəsindən xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim F.Abdullayev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair 2(021)-2527/2025 saylı mülki işin aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərdən görünür ki, o, Bərdə rayonu Şorəlli kəndində yaşayır. Belə olan halda, Qanunun tələbinə görə iddiaçının seçməyi əsasında iddia tələbinə Bərdə rayonunda baxılmalı olduğu halda, işə baxan məhkəmə qanunsuz və əsassız olaraq onun iddia ərizəsini və təqdim etdiyi sənədləri baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərmişdir. Belə olan halda, artıq vaxt və maddi xərc çəkməklə Bakı şəhərinə gedib-gəlməlidir. Qanunu qəbul edənlər onlar kimi kasıbları və əzilmişərin hüquqlarını qorumaq üçün belə bir maddə əlavə etmişlər. Ancaq hazırki qərardad onun kimiləri əziyyətə salmaqdan başqa bir şey deyildir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-2527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə müqayisəli şəkildə tədqiq edib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin inzibati binası ünvan 1 ünvan Bakı şəhəri Nəsimi rayon inzibati ərazi vahidinə aiddir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. MPM-in 36.7-ci maddəsinin məzmunundan göründüyü kimi qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq bütün iddialar yox, əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Hazırkı halda iddiaçının tələbi qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması ilə bağlı yox, ona vurulmuş fiziki və maddi zərərin pulda ifadə olunan əvəzinin xeyrinə tutulması ilə bağlıdır. Şikayətin dəlillərindən görünür ki, iddiaçı hazırkı iddia ilə Bərdə Rayon Məhkəməsinə müraciət etməsinin səbəbini yolun uzaq olması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, ümumi qaydaya görə iddia cavabdehin və ya onlardan birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-də ümumi qaydadan istisnalar da nəzərdə tutulmuşdur ki, iddiaçının hazırkı iddia tələbi ona özünün yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ verən işlər kateqoriyasına aid deyildir. Hazırki halda mübahisə vurulmuş zərərin əvəzinin əvəzinin ödənilməsi ilə bağlıdır ki, iddiaçının Bərdə rayonunda yaşaması mübahisənin mahiyyətini dəyişdirmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mülki işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri əsassız olduğuna görə təmin edilməməli və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-266, 398, 399- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2527/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar