Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1899/2024 24.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4284/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan 4800 manat məbləğində kredit almışdır. Kredit alan müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 3138.53 manat əsas borc, 680.93 manat faiz borcu, 97.21 manat cərimə borcu olmaqla, cəmi 3916.67 manat borcu yaranmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4284/2023 saylı qətnaməsi ilə (sədrlik edən Elsun Əhmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh 3138.53 manat əsas borc, 680.93 manat faiz borcu, 97.21 manat cərimə borcu olmaqla, cəmi 3916.67 (üç min doqquz yüz on altı manat altmış yeddi qəpik) borc və 59.57 (əlli doqquz manat əlli yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4284/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, rəsmi olaraq Kabel idarəsində işləyir və rəsmi əmək haqqı alır. Əmək haqqı aldığı üçün ona taksik kartları verilmişdir. O, həmin taksit kartı ilə 1500 manat dəyərində soyuducu almış, lakin xx.xx.2022-ci il tarixidə saat 12:12-də onun ***-***-**-** mobil nömrəsinə 8117 nömrəsindən pulun çıxması ilə bağlı və karta aid məlumatların ***-***-**-** mobil nömrəsinə dəyişdirildiyi qeyd olunmuşdur. Buna baxmayaraq, o, xx.xx.2022-ci il tarixdə saat 12:40 radələrində Unibanka yaxınlaşmış, bank əməkdaşları onun kartına aid məlumatlara baxmış və onun kartı ilə 4 dəfə 50-60 manat məbləğlərində online alış veriş edildiyini və saat 12:28 radələrində onun U card kartından 2900 manat məbləğində pulun başqa bir Kapital kartına köçürüldüyünü demişlər. Bu barədə onun heç bir məlumatı olmadığını banka bildirmiş və onlar Polis şöbəsinə müraciət etməyi məsləhət bilmişlər. xx.xx.2022-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə müraciət edərək, müraciəti əsasında araşdırılma aparılmış, bank məlumatlarının dəyişdirildiyi nömrə ilə əlaqə saxlanılmış, həmin nömrəyə aid olan şəxsin Qola qəsəbəsində yaşadığını, lakin həmin şəxslə əlaqə saxladıqları zaman onun bu işlə bağlı heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə isə iş üçün əhəmiyyətli olan sübutları nəzərə almadan, cavabdeh tərəfindən çıxarılmamış pulları ondan tələb etmiş və həmçinin onun iştirakı olmadan baxmışdır. Bu səbəbdən də, o, öz hüquqlarını müdafiə edə bilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, görsətdi ki, ona verilmiş taksit kartınnan çıxarılmış olan pullar onun tərəfindən çıxarılmamışdır. Belə ki, o, rəsmi olaraq işlədiyinə görə ona taksit kartı verilmiş və taksit kartının məbləği isə 4800 manat olmuşdur. Həmin taksit kartı vasitəsi ilə o, alış veriş etmiş, sonradan ona mesaj gələrək onun kartınnan pul çıxarılmış olduğunu görmüş və Polisə müraciət etmişdir. Hazırda araşdırılma aparılır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4284/2023 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4284/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 28 dekabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh "xxxx" ASC-dən kredit götürmüşdür. 28 dekabr 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki Cavabdeh 12 ay ərzində ödəmək şərti ilə kreditor tərəfindən borc alana illik 25% ödənilməsi şərti ilə verilmiş 4800 manat məbləğində krediti "xxxx" ASC-yə ödəməli idi. Maliyyə arayışlarından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə 3138.53 manat əsas borc, 680.93 manat faiz borcu, 97.21 manat cərimə borcu olmaqla, cəmi 3916.67 manat borcu mövcuddur. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 21.04.202-ci il tarixli, 1026sBRDb/22 nömrəli kredit müqaviləsinə əsasən, “Bank” tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixinədək illik 25% faiz ödəmək şərtilə 4800 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit borcunu müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq qaytarmaq barədə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçının banka 3138.53 azn əsas, 680.93 azn faiz, 97.21 azn cərimə borcu qalmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ona aid kartda olan pulun başqa şəxs tərəfindən çıxarıldığını gösətrmişdir. Cavabdeh şikayəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə cinayət işi açılmışdır. Göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə əsas borc üzrə 3138.53 manat, faiz borc üzrə 680.93 manat, cərimə borc üzrə 97.21 manat, kamisyon haqqı isə borc üzrə 0 manat təşkil edir. Beləliklə, Cavabdeh cəmi 3916.67 manat borclu qalmışdır. Cavabdeh ona aid kartda olan pulun başqa şəxs tərəfindən çıxarılmasına dair apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. Cavabdeh izah olunur ki, ona aid kartda olan pulun çıxarılmasında təqsirli olan şəxslər müəyyən edildikdən sonra, ona qarşı iddia hüququ yaranacaqdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4284/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4284/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1899/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1899/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver