Məhkəmə qərarları › İş №2(104)-19/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-19/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-19/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(044)-57 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(044)-57/2018 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi qismən təmin edilərək: - cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə 30.955,79 ABŞ dolları əsas borc, 7.767,67 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə olmaqla, cəmi 38.728,46 ABŞ dolları məbləğdə pulun ödəniş vaxtına manatın məzənnəsi üzrə; - 006KK**********01 saylı kredit razılaşması üzrə 2.929,20 ABŞ dolları əsas borc, 531.17 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə olmaqla, cəmi 3.465,37 ABŞ dolları məbləğdə pulun ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pul və 21 manat xidmət haqqının İddiaçı2 QSC-nin xeyrinə tutulması; - tələbin ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinə yönəldilməsi; - ilkin satış qiyməti 65.000 manat məbləğində qiymətləndirilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cəmi 42.193,83 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pul və 21 manat xidmət haqqının İddiaçı2 QSC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmiş, həmçinin iş üzrə 145 manat məhkəmə ekspertizası xərci Cavabdeh1 aid edilmişdir. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnaməni ləğv etməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin digər Cavabdeh4 apellyasiya şikayəti verərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(044)-57/2018 saylı qətnaməsini qismən ləğv edərək iş üzrə onun adından bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməklə iddianın ona aid hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı2 QSC iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək: - cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə 30.955,79 ABŞ dolları əsas borc, 7.767,67 ABŞ dolları faiz borcu, 14.067,29 ABŞ dolları cərimə olmaqla, cəmi 52.790,75 ABŞ dolları, 006KK**********01 saylı kredit razılaşması üzrə 2.929,20 ABŞ dolları əsas borc, 531,17 ABŞ dolları faiz borcu, 1.233,52 ABŞ dolları cərimə olmaqla, cəmi 4.693,89 ABŞ dolları, ümumilikdə 57.484,64 ABŞ dollarının, ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pulun və 21 manat xidmət haqqının tutulması; - tələbin Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 27A saylı fərdi yaşayış evinə yönəldilməsin, həmin əmlakın açıq hərracdan satılması və 57.484,64 ABŞ dolları məbləğundə borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat pulun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi; - hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9 müştərək qaydada tutulması; - Gəncə şəhəri Nizami rayonu Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh1 mülkiyyətində olan 27A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və İddiaçı2 QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə 05 sentyabr 2012-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış və 04 iyul 2014-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən 30 ay müddətinə qaytarmaq şərtilə 43.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evi banka ipoteka qoyulmuş və həmin mülk bankın hesabına ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsinin təmini kimi bank ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh1 xx.xx.2015-ci il tarixli 06R000017828s saylı razılaşma ilə, 04 iyul 2014-cü il tarixdə bağlanmış kredit razılaşması üzrə ödəniş planına dəyişiklik etmişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 arasında 24 noyabr 2014-cü il tarixdə imzalanmış 006KK**********01 saylı razılaşmasına əsasən Cavabdeh1 12 ay müddətinə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Bank tərəfindən cavabdehlərə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Gəncə şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı2 QSC ilə Cavabdeh4 arasında bağlanmış 04 iyul 2014-cü il tarixli 06S000007304 saylı və İddiaçı2 QSC ilə Cavabdeh5 arasında bağlanmış 05 sentyabr 2012-ci il tarixli 06S000018366 saylı zaminlik müqavilələrinin etibarsız hesab edilməsini xahiş etdiklərindən və həmin iddia ərizəsi məhkəmənin icraatına qəbul edildiyinə görə hazırkı iş üzrə icraat məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə dayandırılmış, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qəbul edildikdən sonra iş üzrə icraat təzələnmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə 30.955,79 ABŞ dolları əsas borc və 7.767,67 ABŞ dolları faiz borcunun tutulmasına aid hissədə əsassızdır, kredit müqaviləsində nəzərdə tutulmuş müddəaya uyğun deyildir. Tələb olunan faiz məbləği süni olaraq şişirdilmişdir. Onun banka pul ödəmədiyi aylar üçün bu qədər faizin yaranması qeyri-mümkündür. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilir ki, 24 noyabr 2014-cü il tarixli 006KK**********01 saylı kredit razılışması üzrə hesabdan çıxarış olmadığına görə bu müqavilə üzrə tədqiqat aparıla bilməmişdir. Göründüyü kimi, həmin rəydə qoyulmuş suallara tam cavab verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər. Bundan başqa, ipoteka predmeti olan evin satış qiymətinin 65.000 manat müəyyən olunması ilə razılaşmır. Çünki həmin ev yaxşı yerdə yerləşir, böyük evdir və qiyməti 150.000-170.000 manat həddindədir. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 04 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmamışdır, həmin müqavilənin bağlanmasında iştirak etməmişdir, familiyasının qarşısındakı imza ona məxsus deyildir. Məhkəmə iclasında iştirak etmədiyinə görə münasibət bildirmək imkanında olmamışdır. Prosessual məsələlər və apellyasiya şikayətinə dair izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, cavabdehlərdən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməlidir. Məhkmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi iddia tələbi qismən təmin edilmiş olsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin əsaslılığını cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri həddində yoxlayır. Belə ki, iş materiallarında olan kreditor İddiaçı2 QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, tərəflər İddiaçı2 QSC-dən Cavabdeh1 120 ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit verilməsi üçün kredit xətti açılması barədə razılığa gəlmişlər. Həmin müqavilənin 1.3-cü bəndində əksini tapmış razılığa görə, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İş materiallarında olan kreditor İddiaçı2 QSC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, kreditor tərəfindən Cavabdeh1 30 ay müddətinə qaytarmaq şərti ilə 43.000 ABŞ dolları məbləğdə pul verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan kreditor İddiaçı2 QSC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, kreditor tərəfindən Cavabdeh1 12 ay müddətinə qaytarmaq şərti ilə 3.000 ABŞ dolları məbləğdə pul verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 06S000007304 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 İddiaçı2 QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh5, Cavabdeh3, Cavabdeh9 İddiaçı2 QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında tam məsuliyyəti öz üzərilərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan kreditor İddiaçı2 QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 16 mart 2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında müqavilədən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə kreditin ödəniş planına dəyişikliklər edərək yeni ödəniş planı tərtib etmişlər. Həmin ödəniş planına görə cari balans 33643,78 ABŞ dolları müəyyən olunmuş, həmin borcun 06 aprel 2015-ci il tarixdən başlanmaqla, hər ay 916,93 ABŞ dolları ödənilməklə, 04 mart 2020-ci il tarixədək tam qaytarılması barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan kreditor İddiaçı2 QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 006M**********59 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evi banka ipoteka qoyulmuşdur. İpoteka qoyulan evin dəyəri qarşılıqlı razılıq əsasında 49.410,90 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixli 06L000003366 saylı kredit xətti müqaviləsi üzrə 500.000 ABŞ dolları məbləğdə öhdəliyin təminatı olaraq Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi 3-cü döngədə yerləşən 27A saylı evin İddiaçı2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Ç-398/2017 saylı "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinin bazar dəyəri 65000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 001-03/20 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evinin bazar dəyəri xx.xx.2019-cu il tarixə 74.000,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 28736 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materillarından göründüyü kimi Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, “kreditin statusu” vərəqəsi məlumatları, ödəniş qəbzləri: 04 iyul 2014-cü il tarixli 06R000017828 saylı kredit razılaşması: xx.xx.2015-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu, xx.xx.2017-ci il tarixə (iddia tarixinə) 38.363,23 ABŞ dolları (əsas borc 31.155,06 ABŞ dolları, faiz borcu 7.208,17 ABŞ dolları), 24 noyabr 2014-cü il tarixli 006KK**********01 saylı kredit razılaşması üzrə hesabdan çıxarış olmadığından, bu müqavilə üzrə tədqiqat aparıla bilməmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş və Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Cavabdeh1 məxsus olan əmlakın qiymətləndirilməsinə dair rəydə Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 74000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş və Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Cavabdeh1 məxsus olan əmlakın qiymətləndirilməsinə dair rəydə Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 65000 manat müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli 2(044)163/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh4 və Cavabdeh5 cavabdehlər Cavabdeh1, İddiaçı2 QSC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə 05 sentyabr 2012-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış və 04 iyul 2014-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən 30 ay müddətinə qaytarmaq şərtilə 43.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov 3-cü döngədə 0.0298 ha torpaq sahəsi üzərində yerləşən 27A saylı fərdi yaşayış evi banka ipoteka qoyulmuş və həmin mülk bankın hesabına ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsinin təmini kimi bank ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh1 xx.xx.2015-ci il tarixli 06R000017828s saylı razılaşma ilə, 04 iyul 2014-cü il tarixdə bağlanmış kredit razılaşması üzrə ödəniş planına dəyişiklik etmişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 arasında 24 noyabr 2014-cü il tarixdə imzalanmış 006KK**********01 saylı razılaşmasına əsasən Cavabdeh1 12 ay müddətinə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Bank tərəfindən cavabdehlərə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 onlarla bank arasında bağlanmış zaminlik müqaviləsini ayrıca icraat qaydasında mübahisələndirmiş, lakin onların iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 05 sentyabr 2012-ci il tarixli 06R000017828 saylı kredit xətti müqaviləsinin və həmin müqavilə çərçivəsində bağlanmış 04 iyul 2014-cü il tarixli 006KK**********01 saylı və xx.xx.2015-ci il tarixli 06R000017828s saylı kredit razılaşmalarının yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin əsas borc hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin edilməsi ilə razılaşsa da, lakin əsas borca hesablanmış faiz borcu hissəsində yuxarıda göstərilən qaydada təmin edilməsi ilə razılaşmır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə 04 iyul 2014-cü il tarixli 06R000017828 saylı kredit razılaşması: xx.xx.2015-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu, xx.xx.2017-ci il tarixə (iddia tarixinə) 38.363,23 ABŞ dolları (əsas borc 31.155,06 ABŞ dolları, faiz borcu 7.208,17 ABŞ dolları) olduğu müəyyən edilmişdir. Kollegiya məhkəmə-mühasibatlıq eksperizasının rəyinə daha mötəbər sübut kimi yanaşır və mübahisəni həll edərkən həmin halı nəzərə alır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək qətnamə 04 iyul 2014-cü il tarixli 06R000017828 saylı kredit razılaşması üzrə yaranmış faiz borcu hissəsində dəyişdirilərək faiz borcu 7208 ABŞ dolları miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cərimə (dəbbə pulu) öhdəliyin icra edilməsinin vasitələrindən biri kimi çıxış edir və məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən borcun geçikdirilməsinə görə 06R000017828 saylı kredit razılaşması üzrə 14.067,29 ABŞ dolları və 006KK**********01 saylı kredit razılaşması üzrə 1.233,52 ABŞ dolları miqdarında cərimənin ödənilməsini xahiş etmiş, məhkəmə tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği 5 ABŞ dollarınadək azaltmışdır ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyinə görə məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qətnamə ilə tutmanın ipoteka predmetinə yöldilməsinə dair hissəsi ilə də razılaşır. Belə ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə yaranmış borcun ödənilməsi üçün tutmanı kredit borcunun qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəltməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan daşınmaz əmlakın bazar qiyməti və ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilərək bazar dəyəri 65000 manat, müəyyən edilmiş, cavabdeh tərəf həmin qiyməti reallığa uyğun hesab etməyərək yenidən qiymətləndirilməsini xahiş etmiş və məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş qiymətləndirici tərəfindən həmin əmlakın ilkin satış qiyməti (likvid dəyəri) 65.000 manat həddində müəyyən edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə dair dəlili isə cavabdehin formal mülahizəsidir. Çünki məhkəmə kollegiyası tərəfindən də təkrar qiymətləndirmə təyin edilmiş, verilmiş rəylə hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 65.000 manat olduğu müəyyən edilmişdir. Cavabdehin özü isə məhkəməyə ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh4 apellyasiya şikayətinə gəldikdə isə kollegiya qeyd edir ki, Cavabdeh4 şikayətində işdəki zaminlik müqaviləsini mübahisələndirmiş, eyni zamanda həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə ayrıca iddia ərizəsi ilə müraciət etmiş, lakin onun iddia tələbi təmin edilməmiş, həmin qətnamə isə qanuni qüvvəsini almışdır. Bu səbəbdən də kollegiya Cavabdeh4 apellyasiya şikayətinin dəlili üzrə araşdırma aparılmasını zəruri saymır və hesab edir ki, onun apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsin əəsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(044)-57/2018 saylı qətnaməsi 06R000017828 saylı kredit razılaşması üzrə faiz borcunun məbləği hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(044)-57/2018 saylı qətnaməsi - cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə 30.955,79 ABŞ dolları əsas borc, 7.767,67 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə olmaqla, cəmi 38.728,46 ABŞ dolları borcun tutularaq İddiaçı2 QSC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 müştərək qaydada 06R000017828 saylı kredit razılaşması üzrə 30.955,79 ABŞ dolları əsas borc, 7208,17 ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə olmaqla, cəmi 38.168,96 ABŞ dolları borcun tutularaq qətnamənin icra edildiyi günə manata olan məzənnəsi ilə İddiaçı2 QSC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar