Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1900/2023 12.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14 000 manat pulun və 132 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Cavabdehla əvvəllər münasibətləri çox yaxşı olmuş, 2019-cu ilin yay aylarında onunla istirahətdə olarkən birlikdə cücə yetişdirməyi təklif etmiş, ilkin olaraq lazımi avadanlıqları alınması, sonda cücələrin satışından hər birinin 1000-1500 manat gəlir əldə etməsi nəzərdə tutulmuşdur. O, işə başlamaq üçün cavabdehə 4000 manat pul vermiş, cavabdeh isə öz növbəsində 4000 manat pul qoyacağını bildirmişdir. 8000 manat puldan cücələrin saxlanılması üçün yem, müəyyən avadanlıqlar, işıq pulu, işçi pulu və sair xərclər çıxılmalı idi. Sifariş verdikləri cücələri Samux rayonu ərazisində təsərrüfat yeri tapıb orada yetişdirməli idilər. Bir müddət sonra Natiq ona zəng edərək təsərrüfat sahibi ilə qiymətdə razılaşmadığını, bu səbəbdən də həmin cücələri cavabdehin qardaşı Tofiqin Samux rayonu ərazisində yerləşən təsərrüfatında yerləşdirəcəklərini bildirmiş, o da məcburiyyətdən razılaşmalı olmuşdur. O, həmin təsərrüfata baş çəkmək istədiyini bildirdikdə Natiq qardaşının qaraqabaq adam olduğunu əsas gətirərək onun təsərrüfata girməyinə maneçilik törətmiş, bir müddət sonra Natiq cücələrin öldüyünü bildirmişdir. Cücələri görmək istədiyini bildirdikdə cavabdeh onları zibilə atdığını, 4000 manat puldan 2000 manat pul qaldığını və yeni partiya cücə almaq üçün 1000 manat əlavə pul lazım olduğunu bildirmişdir. O isə bu dəfə də cücələr məhv olarsa heç yaxşı olmayacağını, cavabdeh isə onun narahat olmamasını, bu partiya cücələrin yaxşı olacağını bildirmişdir. O, yenidən Natiqə 1000 manat pul vermiş, bundan sonra Natiq 4725 ədəd cücə sifariş etmişdir. Həmin cücələrin təsərrüfata gəlməsini şəxsən görmüş, cücələrə Mustafa adlı şəxs aylıq 300 manat müqabilində qulluq etmişdir. İkinci, partiya cücələri sifariş etdikdən bir müddət sonra təxminən 2019-cu ilin oktyabr ayında Natiq ondan hind quşları balası almaq üçün 1500 manat pul istəmiş, Natiqin bildirməsinə görə 1500 manat da, özü qoyub ümumilikdə 3000 manat puldan müəyyən yem və sair xərclər çıxılmaqla hind quşları yetişdirməli idi. O, cavabdehlə razılaşaraq 1500 manat pulu ona vermiş, bundan bir müddət sonra Natiq söz verdiyi hind quşlarını almadığı üçün ondan bunun səbəbini soruşmuş, Natiq hər dəfə müxtəlif bəhanələr gətirərək pulun onda olmasını, lazım olarsa 1500 manat pulun qaytarılacağını bildirmişdir. 2019-cu ilin sonlarında, 2-ci partiya cücələr hələ satılmamış Natiq ondan 3000 manat borc pul istəmiş, pulun özünə lazım olacağını və onların işlərinə heç bir aidiyyəti olmadığını, tez bir zamanda isə həmin borcu qaytaracağını bildirmişdir. O, cavabdehə inanaraq 3000 manat borc vermiş, borcu verərkən orada Mustafa da şahid olmuşdur. 2019-cu ilin dekabr ayında 2-ci partiya cücələr satılmış, həmin satışdan 5501 manat gəlir əldə edilmişdir. Həmin gəlirin yarısı ona çatmalı olduğu halda Natiq zərərli çıxdığını bildirərək ona hər hansı vəsait verməmişdir. Bu dəfə də onunla razılaşmalı olmuş, Natiq həmin gəlirdən 1615 ədəd cücə sifariş vermiş və ondan həmin sifariş üçün pul almamışdır. Həmin cücələr fermaya gətirilmiş, 2020-ci ilin yanvar ayında Natiq ondan cücələrə yem almaq üçün 2500 manat pul istəmişdir. Həmin vəsaiti Natiqə fermada olarkən vermiş, həmin cücələr 2020-ci ilin fevral ayında satılmışdır. Həmin satışdan 780 manat gəlir əldə edilmişdir. Natiq isə ona pul verməyərək, ona çatası gəlirin özündə olduğunu, üzərini düzəldib yenidən cücə almaq lazım olduğunu bildirmişdir. O, yenə Natiqlə razılaşmalı olmuş, 2020-ci ilin fevral ayının ortalarında fermada olarkən cücə almaq üçün 2000 manat pul vermişdir. Natiq həmin pula 2000 ədəd cücə sifariş vermiş və həmin cücələr real olaraq fermaya gətirilmişdir. Həmin cücələr 2020-ci ilin mart ayının sonlarında satılmış və satışdan 3936 manat xalis gəlir əldə edilmişdir. Həmin pulu alıcı tam vermədiyi üçün nisyə qaydada satış olmuş və Natiq pulu tam aldıqdan sonra onun payına düşən hissəni qaytaracağını daha sonra isə satışdan ziyanla çıxdığını və ona 650 manat çatacağını bildirmişdir. Bundan sonra Natiqin onu aldatdığına tam əmin olmuş və ondan şikayət etmişdir. Araşdırma nəticəsində onun əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.Qocayev) iddia qismən təmin edilmiş, Cavabdeh 12483 (on iki min dörd yüz səksən üç) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumunun əvəzi qismində 117,50 manat (bir yüz on yeddi manat əlli qəpik) pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə, o cümlədən cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olmaması, şərikli işlə bağlı görülən işlərdə onların hər ikisinin işin üstündə durmasını, iddiaçının özünün bütün işlərə nəzarət etməsini, sonuncu partiyada cücələrin qırılması və məhz bu səbəbdən onların qazanc əldə edə bilməməsini, tərəflərin bu işə başlayarkən həm qazanca, həm də ziyana şərik olmaları barədə razılaşmalarını nəzərə almamışdır. Məhkəmə tərəflərin şərikli iş görməsi nəticəsinə gəlsə də, maddi hüquq normasını düzgün tətbiuq etməmişdir. Əslində mübahisəyə MM-nin 11.1-ci maddəsinə uyğun oolaraq qanunun analogiyasından istifadə etməklə, həmin Məcəllənin 64.1, 64.8, 65.3.1 və 74-cü maddəıərini tətbiq edilməli idi. Bundan başqa, məhkəməyə təqdim edilən cinayət işinin başlanmasının rədd olunması barədə araşdırılma aparılarkən izahatı alınmış təsərrüfatda fəhlə işləmiş X1 partiya ilə bağlı verdiyi izahatında göstərmişdir ki, cücələrin kütləvi məhv olması prosesi dayanmadan irəliləmişdir. Həmin cücələr 2020-ci ilin mart-aprel aylarında satılarkən cücələrin demək olar ki, hamısı məhv olmuşdur. Həmin partiyada Natiq və Hüseynəli ziyanla çıxmışdırlar. Bundan sonra isə o, həmin təsərrüfatdan ayrılaraq evinə qayıtmışdır. Eyni zamanda araşdırma zamanı həm də məhkəmə prosesində izahatı alınmış baytar həkim X6 izahatında bildirmişdir ki, tanışı Cavabdeh 2019-cu ilin yay aylarından 2020-ci ilin may ayınadək ona məxsus olan baytarlıq aptekindən cücələr üçün müəyyən dərman preparatları almış, həmin dərmanların satışından Hüseynəli və Natiqin ona müəyyən məbləğdə borcu qalmış, onun özü isə Samux rayonunda yerləşən həmin fermaqya gedib orada cücələri müayinə və müalicəsini aparmışdır. Buna baxmayaraq o, həmin cücələrin xəstəlik nəticəsində kütləvi məhv olmasının qarşısını ala bilməmiş, cücələrin məhv olmasının şahidi olmuşdur. Həmçinin İddiaçı tərəfindən təqdim edilmiş dəftərdə olan yazıların sübut kimi qəbul edilməsi prosessual hüquq normalarına ziddir. Belə ki, həmin dəftər cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən yazılmışdır və həmin yazıların reallığı əks etdirməməklə təhrif edilmişdir.Eyni zamanda istintaq zamanı iddiaçının yaşadığı Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən yaşayış evinin zirzəmisinə baxış keçirilmiş və baxış zamanı 2 ədəd neftlə qızdırılan dəmir soba, 1 ədəd odun sobası, çoxsaylı plastik su və yem qabları, 1 ədəd vintilyasına pəri, sobalar üçün dəmir borular, rezin borular, dəmir verdlərəi, 1 ədəd 1000 litrlik həcmdə plastik su çəni aşkar edilmişdir.Baxış zamanı X5 bidirmişdir ki, həmin əşyaların hamısı 2019-cu ilin yay aylarından başlayaraq cücə təsərrüfatı üçün alınmışdır. Həmin əşyaların alınması üçün Ağası və Hüseynəlinin ona vermiş olduğu puldan, həmçinin özünə məxsus puldan xərcləmişdir.Hadisə yerinə baxış zamanı protokol tərtib edilmiş və materiala əlavə edilmişdir.Hazırda həmin materiallar mövcuddur və onların dəyəri təxminən 5000-6000 manat dəyərindədir. Həmçinin, bu müddət ərzində onun əmək haqqına, dərmanlarına, istiliyə və sair xərcləri çıxmışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, 2017-ci ildə Hüseynəli ilə X9 limanında tanış olmuş, 2019-cu ilin yay aylarında Hüseynəli ona birlikdə şərikli cücə böyüdüb satmaq haqqında təklif irəli sürmüş və aralarında razılıq əldə edilmişdir. 1-ci partiya işə başlamaq üçün hərəsi 4000 manat pul qoymuş, 1 ədəd cücəni 80 qəpik olmaqla, 2000 ədəd cücə almışlar. Ümumilikdə cücələrin alınması yem, istilik və s. işlərə 8000 manat pul xərcləmişlər. Həmin cücələri sifariş etdikdən sonra saxlamağa yer tapa bilmədiklərindən qardaşı Tofiqin Samux rayonunda olan fermasına yerləşdirmiş, bundan sonra qardaşı Tofiqin fermasında xəstəlik nəticəsində 1000 ədəd cücələri ölmüşdür. Qalan 1000 ədəd cücənin birini 4 manatdan satmış, satışdan 4000 manat əldə etmiş və hərəsi 2000 manat ziyan etmişlər. Bundan sonra 2019cu ilin payız aylarında bir də yenə cücə gətirmələri barədə razılaşmışlar. Bunun üçün Samux rayonunda Mehman adlı şəxsdən ferma tapıb aylıq 300 manata fermanı icarəyə götürmüş, 2-ci partiyada Ağası ilə Hüseynəli onunla şərik olmuşlar. O, Ağası ilə telefonla danışıb belə bir iş olduğunu və əgər istəsə qoşula biləcəyini bildirmişdir. O, Ağası və Hüseynəli hərəsi 10000 manat pul qoymuş, ümumilikdə 30000 manat pul olmuşdur. Onlar 29.737 manat pul xərcləmiş, 1ədədi 80 qəpikdən 4725 ədəd cücə almış, bundan 55-i ölmüş, 4670 cücə qalmışdır. Cücələrin ədədini 7 manatdan satmış və 33157 manat pul çıxmışdır. 3420 manat qazanc olmuş, 1100 manat Ağasıya vermişdir. Hüseynəli ilə qazancı bölməmələri və təsərrüfatı böyütmələri barədə razılığa gəlmişlər. Ardınca 3-cü partiya 4961 cücənin 1 ədədini 85 qəpikdən almış, saxlanmasına və s. xərclərinə görə 27191 manat xərcləmişlər. Cücələrdən 161 ədədi ölmüş, satışdan cəmi 31007 manat pul götürmüşlər ki, 3816 manat pul əldə olmuşdur ki, hər adama 848 manat pul düşmüş, lakin yenə ziyanlıq çəkdikləri üçün, heç kim pul götürməmişdir. 4-cü partiya 8000 broyler cücə sifariş etmiş, 7612 ədəd cücə çıxmış, 1 ədədini 95 qəpikdən almışlar. 33007 manat xərc olmuş, həmin vaxtı pandemiya olduğundan fermaya tez-tez gedə bilməmişlər. Həmin ərəfədə xəstəlik düşdüyündən cücələr kütləvi məhv olmağa başlamış, çarəsi tapılmamışdır. Cücələrin hamısı ölmüş, 84 ədəd cücə qalmış, satışdan 289 manat pul çıxmış, bundan sonra da işi dayandırmışlar. Onların məqsədi şərikli işləyib qazancı bölmək olmuşdur. Ölən cücələri sənədləşdirməmiş, cücələri zibilliyə atmışdır. Fermada işçiləri Mustafa olmuş, ayda 400 manat əmək haqqı almış, 2 ay işləyib, arada bir ay işləməmiş, sonra yenə gəlib işləmişdir. Onlar ziyanla işləmiş və hər dəfə iddiaçı bu ziyanlığı qəbul etsə də, yenidən cücəyə baxmağı təklif etmiş və hər dəfə də onunla razılaşıb cücələrə baxsalar da, ziyanla işləmişlər. İdiaçı isə hazırda onların razılaşmalarından kənara çıxaraq, şərikliyə qoyduğu pulu tələb edir, halbu ki, hər partiyadan sonra ümumi ziyanlıqla razılaşmışdır. Məhkəmə isə həmin halları nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi olan vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hisədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 1968 (min doqquz yüz altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdehlər apellyasiya şikayətinin dəlillərində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişlər. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Gəncə Şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 15 iyul 2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, X2 və İddiaçı ərizələri əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. cavabdehə məxsus qeyd dəftərindəki məlumatlardan görünür ki, cavabdeh 2-ci partiyada 4725 ədəd cücədən 55 ədəd cücənin öldüyü, 4670 ədəd cücəni 7,10 manata satıb 33157 manat pul götürdüklərini, həmin məbləğdən 29737 manat xərclər çıxıldıqdan sonra 3420 manat qazanc əldə etdiklərini qeyd etmişdir. cavabdehə məxsus 19 oktyabr tarixli hesablamadan görünür ki, üçüncü partiyada 4961 ədəd cücə alınmış, bunlardan 161 ədəd cücə ölmüş, 27191 manat xərc olmuş, 4800 ədəd cücənin satışından 31007 manat məbləğində pul əldə olunmuş, xalis qazanc 3816 manat göstərilmişdir. Qazancdan 1270 manat qızdırıcı sobanın qiymətı çıxıldıqdan sonra qazanc 2546 manat göstərilmişdir. cavabdehə məxsus hesablamadan görünür ki, 22.02...-30.03... tarixədək, hər gün ölən cücələrin miqdarı müəyyən edilməklə, cəmi 4528 cücə ölmüşdür. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildə iddiaçı ilə cavabdeh şərikli olaraq cücə yetişdirmək və əldə edilən qazancı yarı bölmək barədə razılığa gəlmişlər. Tərəflər arasında şifahi olaraq sadə şəriklik müqaviləsi bağlanmışdır. Mübahisəsiz qaydada müəyyən edilmişdir ki, bu razılığa uyğun olaraq hər iki tərəf 4000 manat olmaqla, cəmi 8000 manat məbləğində pul qoymuş, həmin pula cücə almaq, təsərrüfat üçün yer tapmaq, avadanlıqlar, yem və s. tələbatları ödəmək nəzərdə tutulmuşdur... Tərəflər arasında şəriklik münasibətlərinə 2020ci ilin mart ayında son qoyulmuşdur. İddiaçı cavabdehə karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq təsərrüfatı saxlamağın çətinliyi barədə məlumat verdiyini və pulu bölməyi təklif etdiyini, cavabdehin isə pulu bölməkdən imtina etdiyini bildirir. Cavabdeh isə təsərrüfatın dağılmasının səbəbini müflis olma ilə izah edir. Şəriklik münasibətlərinə son qoyulduqda maya qalığı və qazanc bölünməlidir. Müflis olma halında isə bu, sübuta yetirilməlidir. Belə ki, cavabdeh təsərrüfatın müflis olması nəticəsində onun şəriki olan iddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığını iddia edir... Cavabdeh ümumilikdə iddiaçı tərəfindən təsərrüfata 11500 manat pul qoyulduğunu təsdiq edir... İddiaçı ümumilikdə cavabdehə birlikdə 4 partiya cücə saxladıqlarını və birinci partiyadan qazanc olmasını iddia etməməklə yanaşı, qalan partiyalardan müvafiq olaraq 5500 manat, 1353 manat və 3936 manat gəlir əldə etdiklərini iddia etmişdir. Cavabdeh isə iddiaçı ilə ümumilikdə 4 partiya cücə saxladıqlarını, birinci partiyada zərər etdiklərini, ikinci və üçüncü partiyalarda müvafiq olaraq bütün xərclər çıxıldıqdan sonra 3420 manat və 3816 manat gəlir əldə etdiklərini, üçüncü partiyanın gəlirindən 1270 manata əlavə qızdırıcı aldıqlarını, dördüncü partiyada isə ümumiyyətlə bütün cücələrin qırıldığını və heç bir gəlirin əldə olunmadığını, bütün pulların sərf olunduğunu bildirmişdir... Yekunda müəyyən olunur ki, sonuncu partiyaya qədər cavabdehin əlində iddiaçıya məxsus olan 12483 manat pul olmuşdur. Bundan yuxarıda hesablandığı kimi 9500 manat maya qalığı, 1710 manat (3420/2) və 1273 manat ((3816-1270)/2) isə xalis gəlirdən iddiaçıya düşən hissədir... Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2019-cu ildə iddiaçı ilə cavabdeh şərikli olaraq cücə yetişdirmək və əldə edilən qazancı yarı bölmək barədə razılığa gəlmişlər ki, bununla da, onlar arasında tam şifahi olaraq sadə şəriklik müqaviləsı bağlanılmışdır. Eyni zamanda mübahisənin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 385, 386, 389, 390, 425, 427, 442, 448 və 556-cı maddələrinə istinad etmidir. Halbu ki, mülki qanunvericilikdə şəriklik müqaviləsi deyilən anlayış yoxdur və mübahisənin maddi-hüquqi əsası kimi istinad edilən Azərbaycan Respublikası MM-nin 385, 386, 389, 390, 425, 427, 442, 448 və 556-cı maddələri tərəflər arasında öhdəlik münasibətlərini, öhdəliyin icrası, icra edilməməsi və bununla bağlı məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası MM-nin 11.1-ci maddələrinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 64.1.Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. 64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. 69.1. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. 72.1. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. 74.1. Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir. 77.1. Tam ortaqlıq iştirakçısının ixtiyarı var ki, ortaqlıqda iştirakdan imtina etdiyini bildirərək ortaqlıqdan çıxsın. 77.2. İştirakçı tam ortaqlıqda iştirakdan imtina etdiyini ortaqlıqdan faktik çıxmasına ən geci altı ay qalmış bildirməlidir. 77.3. Ortaqlıqdan çıxmaq hüququndan imtina haqqında ortaqlıq iştirakçıları arasında razılaşma əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin şərikli olaraq cücə yetişdirmək və əldə edilən qazancı yarı bölmək barədə razılığa gəlmələri, bununla bağlı, bərabər paylarda pul qoymaları ilə bağlı münasibətlər mülki qanunvericiliklə tənzimlənmədiyindən, hazırkı münasibətlərə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni tam ortaqlıqla bağlı yuxarıda qeyd edilən normalar tətbiq edilməlidir. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, ümumiyyətlə tərəflər tam ortaqlıqla birgə 4 partiya cücə saxlamışlar. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutlar, o cümlədən işdə iştirak edən şəxslərin izahatları qanunun tələbinə görə mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etməli, həmin sübutların tamlığı, obyektivliyi, mötəbərliyi şübhə altında olmamalıdır. İş üzrə əhəmiyyət kəsb edən hallar o halda mötəbər sübut hesab olunur ki, həmin sübutların məzmununu təşkil edən məlumatlar işin həqiqi hallarına uyğun olsun. Hansı ki həmin hallar məhkəmənin iş üzrə obyektiv nəticəyə gəlməsi və son nəticədə ədalətli qərar qəbul etməsi üçün zəmin rolunu oynayır. İşin həqiqi hallarına qiymət verilməməsi isə qəbul ediləcək məhkəmə aktının mötəbərliyini və obyektivliyini şübhə altına alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası iddianın qanunauyğun həlli baxımından ilk növbədə iddiaçının dəlillərinə hüquqi qiymət verməyi əhəmiyyətli hesab edir. Belə ki, istər iddia ərizəsində irəli sürülən arqumentlərdə, istərsə də, iddiaçının Gəncə Şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 15 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əksini tapan izahatında göstərmişdir ki, şəriklilik razılaşmasından sonra, o, işə başlamaq üçün cavabdehə 4000 manat pul vermiş, cavabdeh isə öz növbəsində 4000 manat pul qoyacağını bildirmiş, 8000 manat puldan cücələrin saxlanılması üçün yem, müəyyən avadanlıqlar, işıq pulu, işçi pulu və sair xərclər çıxılmalı idi... Bir müddət sonra Natiq cücələrin öldüyünü bildirmiş, 4000 manat puldan 2000 manat pul qaldığını və yeni partiya cücə almaq üçün 1000 manat əlavə pul lazım olduğunu bildirmiş, o, razılaşmış və yenidən Natiqə 1000 manat pul vermiş, sonra 1500 manat pulu ona vermiş, 2019-cu ilin dekabr ayında 2-ci partiya cücələr satılmış, həmin satışdan 5501 manat gəlir əldə edilmişdir. Həmin gəlirin yarısı ona çatmalı olduğu halda Natiq zərərlə çıxdığını bildirərək ona hər hansı vəsait verməmiş, bu dəfə də onunla razılaşmalı olmuş, Natiq həmin gəlirdən 1615 ədəd cücə sifariş vermiş və ondan həmin sifariş üçün pul almamışdır. Həmin cücələr fermaya gətirilmiş, 2020-ci ilin yanvar ayında Natiq ondan cücələrə yem almaq üçün 2500 manat pul istəmişdir. Həmin vəsaiti Natiqə fermada olarkən vermiş, həmin cücələr 2020-ci ilin fevral ayında satılmışdır. Həmin satışdan 780 manat gəlir əldə edilmişdir. Natiq isə ona pul verməyərək, ona çatası gəlirin özündə olduğunu, üzərini düzəldib yenidən cücə almaq lazım olduğunu bildirmişdir. O, yenə Natiqlə razılaşmalı olmuş, 2020-ci ilin fevral ayının ortalarında fermada olarkən cücə almaq üçün 2000 manat pul vermişdir. Natiq həmin pula 2000 ədəd cücə sifariş vermiş və həmin cücələr real olaraq fermaya gətirilmişdir. Həmin cücələr 2020-ci ilin mart ayının sonlarında satılmış və satışdan 3936 manat xalis gəlir əldə edilmişdir. Həmin pulu alıcı tam vermədiyi üçün nisyə qaydada satış olmuş və Natiq pulu tam aldıqdan sonra onun payına düşən hissəni qaytaracağını daha sonra isə satışdan ziyanla çıxdığını və ona 650 manat çatacağını bildirmişdir. Lakin Natiq həminn pulu da ona verməmişdir. Göründüyü kimi, iddiaçının bildirdiyinə görə, hər partiya cücə baxımı ziyanla başa gəlmiş və hər dəfə də, iddiaçı cavabdehlə razılaşaraq, ziyanlığı qəbul etmiş və heç bir mübahisəsi olmamışdır. İddiaçı 2020-ci ilin mart ayının sonlarında satışdan 3936 manat xalis gəlir əldə etməsini göstərmiş, cavabdeh tərəf isə öz izahatında göstərmişdir ki, 3-cü partiya 4961 cücənin 1 ədədini 85 qəpikdən almış, saxlanmasına və s. xərclərinə görə 27191 manat xərcləmişlər. Cücələrdən 151 ədədi ölmüş, satışdan cəmi 31007 manat pul əldə olmuşdur ki, 3816 manat pul əldə olmuşdur ki, hər adama 848 manat pul düşmüş, lakin yenə ziyanlıq çəkdikləri üçün, heç kim pul götürməmişdir. 4-cü partiya 8000 broyler cücə sifariş etmiş, 7612 ədəd cücə çıxmış, 1 ədədini 95 qəpikdən almışlar. 33007 manat xərc olmuş, həmin vaxtı pandemiya olduğundan fermaya tez-tez gedə bilməmişlər. Həmin ərəfədə xəstəlik düşdüyündən cücələr kütləvi məhv olmağa başlamış, çarəsi tapılmamışdır. Cücələrin hamısı ölmüş, 84 ədəd cücə qalmış, satışdan 289 manat pul çıxmış, bundan sonra da işi dayandırmışlar. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Elman Məmmədov cücələrin ölməsi faktını təsdiq etmiş və baytar həkim kimi onun aptekindən dərman ləvazımatının alınmasını bildirmişdir. Göründüyü kimi, iddiçı birgə şərikliklə bağlı ziyanlıqla razılaşmış, sonda isə şərikliyə qoyduğu pulu və əldə edilmiş gəlirdən payını tələb edir. Halbu ki, iddiaçı tərəf tam ortaqlıq bitdikdən sonra, hər hansı məbləğdə gəlir əldə edilməsi ilə bağlı mötəbər sübut növü təqdim edə bilməmişdir. İddiaçı tərəf üçüncü partiyada çəkilmiş xərclər çıxıldıqdan sonra, 3936 manat gəlir qaldığını göstərmiş, cavabdeh tərəf həmin məbləği qismən, yəni 3816 manat hissəsində qəbul etsə də, yenidən 4-cü partiya 8000 broyler cücə sifariş etmələrini, 7612 ədəd cücəni 1 ədədini 95 qəpikdən almalarını, 33007 manat xərc olmasını, həmin vaxtı pandemiya olduğundan fermaya tez-tez gedə bilməmələrini, həmin ərəfədə xəstəlik düşdüyündən cücələrin kütləvi məhv olmasını, cəmi 84 ədəd cücə qalmasını, satışdan 289 manat pul çıxmasını və bundan sonra da işi dayandırmalarını bildirmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər sona qədər tam ortaqlıqla işləmişlər və iddiaçının sonuncu partiya cücələrin saxlanılmasında iştirak etməməsi öz təsdiqini tapmır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, tam ortaqlıq iştirakçısı ortaqlıqda iştirakdan çıxa bilər, lakin iştirakçı tam ortaqlıqda iştirakdan imtina etdiyini və ortaqlıqdan faktik çıxmasını bildirməlidir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, sonuncu partiyadan əvvəlki partiya üzrə iddiaçının qeyd etdiyi 3936 manat gəlir məbləği tərəflər arasında bölüşdürülməli və 1968 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən, mübahisənin maddi hüquqi əsaslarınlı düzgün müəyyın etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hisədə yeni qətnamə qəbul edilməli, Cavabdeh 1968 (min doqquz yüz altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın təmin olunan hissəsində qiyməti beş min manatdan az olduğu üçün bu həmin qətnamədən cavabdeh tərəf kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1359/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 1968 (min doqquz yüz altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəf qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1900/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1900/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver