Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1900/2024 05.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-3443/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 05 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, borcverən İddiaçı, borcalan Cavabdeh kimi qeyd edilmiş müqaviləyə əsasən borc verən borc alan ilə 5500 manat faizsiz və xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə aralarında kredit müqaviləsi bağlanmışdır;
2. Cavabdeh əl yazısı və imzası ilə yazılmış xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş sənəddən görünür ki, Qədirov X1 Vüsal Tofiq oğlundan 10000 manat pul almış və borc aldığı pulu mart ayına kimi qaytarmaq öhdəliyini üzərinə götürmüşdür;
3. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, borcverən İddiaçı, borcalan Cavabdeh kimi qeyd edilmiş müqaviləyə əsasən borcverən borcalan ilə 20.000 manat faizsiz və xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə aralarında müqavilə bağlanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5500 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 20000 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 manat, cəmi 35500 manat borc pulun, 5000 manat dəbbə pulunun və 210 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli borc müqavilələri bağlanmış, lakin Cavabdeh dəfələrlə borcun qaytarılması barədə müraciət olunsa da, o, borcunu qaytarmamışdır. Borclu hər dəfə yalan vədlər vermişdir ki, borcunu qaytaracaqdır. Lakin, Cavabdeh süründürməçiliyə yol verməklə, borcu qaytarmaqdan qərəzli olaraq yayınır. Cavabdeh ondan 3 dəfəyə cəmi 35500 manat borc pul almışdır. Lakin, ona dəfələrlə işin düzəlmədiyini, heç olmasa pulunu qaytarmasını bildirsə də, yenə də onun pulunu qaytarmamışdır, hazırda da qaytarmaqdan imtina edir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr irəli sürür.
6. Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-3443/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilərək, Cavabdeh 35500 manat məbləğində borc pul, 100 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə cəmi 35600 manat pul vəsaiti və 200 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilməsi; Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin iddiaçıya aid edilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 405.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 462.2, 467 və 739.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilmişdir. Halbuki, səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməmiş və məhkəmə baxışının başqa vaxta təxirə salınması barədə məhkəməyə teleqram göndərmişdir. İddiaçı götürdüyü borcu ödəməkdən heç vaxt imtina etməmişdir və imkanı daxilində borcundan ödənişlər etmişdir. Lakin, səhhətində pisləşmə yarandığı üçün iddiaçıya olan borcunu tam ödəyə bilməmişdir. Bundan əlavə, İddiaçı qətnamədə göstərilən məbləğdə borcu qalmamışdır. İddiaçıya inandığı üçün borcunu ödəyərkən ondan ödəniş barədə qəbz almamışdır. Qətnamədə iddiaçının öz tələblərinin əsası kimi istinad etməli olduğu hallar göstərilməmişdir. Baxış zamanı iddiaçının hansı sübutla 35500 manat ziyana məruz qalması aydınlaşdırılmamışdır. Məhkəmə yanlız iddiaçının təqdim etdiyi müqaviləyə əsaslanmışdır. Həmçinin məhkəmə iddiaçının kredit borcunu ödəmədiyi üçün ona ziyan vurmağı barədə verdiyi izahatına əsaslanmışdır. Onun iştirakı olmadan işə baxıldığına görə onun verəcəyi izahat digər sübutlarla bərabər yoxlanılıb qiymətləndirilməmişdir. Bununla da çəkişmə prinsipi pozulmuşdur. İşin obyektiv həlli üçün digər sübutlar araşdırılmamışdır. Əlavə şahidlər müəyyən edilib dindirilməmişdir. Ümumiyyətlə, məhkəmənin qətnamədə hansı sübutlara əsaslanması qeyd edilməmiş, 35500 manat məbləğində ziyan və 100 manat dəbbə pulunu necə müəyyən etməsi məlum deyildir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10 Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli borc müqavilələri bağlanmış və həmin müqavilələr əsasında cavabdehə ümumilikdə 35500 manat borc pul vermişdir. Lakin, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməmiş və borcu ödəməkdən yayınmışdır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh götürdüyü borcdan ödəniş etməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəməyə teleqram göndərərək səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin teleqramına əsasən əvvəlki iclasını təxirə salınmasını və işin baxılması müddətini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
27. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 100 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı xeyrinə verilməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə “Cavabdeh ümumilikdə cəmi 35600 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilməsi” hissədə dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə tutulmalı ümumi məbləğ 35500 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, borc verən İddiaçı borc alan Cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 3M-1854 reyestr nömrəli kredit müqaviləsinə əsasən 5500 manat, Bakı şəhəri 19 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 3M-1022 reyestr nömrəli kredit müqaviləsinə əsasən 20000 manat borc vermişdir. Bundan başqa, borc alan Cavabdeh xx.xx.2022-ci il tarixdə borc verən İddiaçı 10000 manat pul almışdır. Beləliklə, borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh ümumilikdə 35500 manat borc verilmiş, borc alan da öz nəvbəsində həmin borc məbləğini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, borc alan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə iddiaçı (borc verən) hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağdakıları qeyd edir.
31. İşin halları əsasında müəyyən olunmuşdur ki, borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh ümumilikdə 35500 manat borc verilmiş, lakin borcalan (cavabdeh) kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Apellyator da borcun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.
32. Məhkəmə kollegiyası göstərir ki, iddiaçının cavabdehə 35500 manat borc pul verməsi işdəki sübutların məcmusu ilə öz təsdiqini tapır və iddiaçının bununla bağlı xüsusi sübutetmə vasitələrindən istifadə etməsinə zərurət olmamışdır; həmin puldan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.
33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
34. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
36. Lakin, cavabdeh tərəf bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
37. Şərh olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kredit müqavilələri üzrə borca verilmiş 35500 manat vəsaitin cavabdeh (borcalan) Cavabdeh iddiaçı (borc verən) İddiaçı xeyrinə tutulması qanuni əsaslara söykənir.
38. Lakin, İddiaçı cavabdeh Aftandir Qədirovdan kredit müqaviləsi üzrə dəbbə pulu tələb etməkdə haqlı deyildir. Kollegiya bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir.
39. Cərimə məbləği ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
40. Həmin Məcəllənin 463.1-ci maddəsində deyilir ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
41. Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
42. Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərindən aydın olur ki, tərəflər arasında müqavilə ilə müəyyənləşdirilmiş razılaşma olduqda dəbbə pulu tutulması mümkündür.
43. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqavilələrindən isə görünür ki, dəbbə pulu barədə şərt mövcud deyildir. Belə olan halda kredit müqavilələri üzrə cavabdehdən dəbbə pulu tutulması yolverilməzdir. Birinci instansiya məhkəməsi isə kredit müqavilələri üzrə dəbbə pulu tutulması hissədə iddia tələbini qismən təmin edərək həmin hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 100 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı xeyrinə verilməsi” hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.
44. Gəldiyi qənaətə uyğun olaraq kollegiya həmçinin hesab edir ki, kredit müqavilələri üzrə dəbbə pulu tutulması hissədə qətnamə ləğv edildiyindən cəmi borc məbləği hissədə də, qətnamə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalı ümumi borc məbləği 35500 (otuz beş min beş yüz) manat müəyyən edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-3443/2023 nömrəli qətnaməsi “Cavabdeh 100 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı xeyrinə verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə “Cavabdeh ümumilikdə cəmi 35600 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilməsi” hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulmalı ümumi məbləğ 35500 (otuz beş min beş yüz) manat müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.