Məhkəmə qərarları › İş №2(104)-1910/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1910/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1910/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(125)-2625/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 08 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər 3 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 3M-174 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 12800 manat məbləğində borc pul verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür;

2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 185453 nömrəli qəbzdən görünür ki, hüquqi xidmət göstərilməsinə görə X1 tərəfindən 80 manat məbləğində ödəniş edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aldanaraq mənimsədiyi ümumilikdə 12800 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pulun və iddia ərizəsinin tərtibi üçün hüquqi xidmətə görə 80 manat məbləğində pulun Cavabdeh alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birlikdə Göygöl rayonu Pənahlılar kəndində yerləşən məktəbdə müəllim işləmiş və yaxşı münasibətləri olmuşdur. Cavabdeh ondan borc pul istəmiş, kredit götürməsini və hər ay ödəyəcəyini demişdir. Notariusa gedərək cavabdehə 12800 manat məbləğində borc verməsinə dair müqavilə bağlamışdırlar. Lakin bu günədək cavabdeh borcundan ödəniş etməmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(125)-2625/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, Cavabdeh 12800 (on iki min səkkiz yüz) manat pul, hüquqi yardıma görə ödənilmiş 80 (səksən) manat və 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1 və 739.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya olan borcundan ödənişlər etmişdir. Borcun qaytarılmasına dair də qəbzləri vardır. Bundan başqa, işə onun iştirakı olmadan baxılmışdır ki, bununla da MPM-də təsbit edilmiş hüquqları pozulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh öz adına banklarda gecikməli krediti olduğunu söyləmiş və onun adına kredit götürülməsini təklif etmişdir. O da cavabdehin təklifi ilə razılaşaraq bankdan kredit götürüb cavabdehə vermişdir. Cavabdeh bankdan götürdüyü krediti ödəmədiyindən məcbur qalıb kredit ödənişini hər ay özü ödəməli olmuşdur. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdeh götürdüyü borcdan bir dəfə belə olsun ödəniş etməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhər 3 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 3M- 174 reyestr nömrəli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 12800 manat məbləğində borc pul verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, borc alan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağdakıları qeyd edir.

29. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan (cavabdeh) kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

30. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində işə onun iştirakı olmadan baxıldığını göstərsə də, lakin iş materialları ilə müəyyən olunmuşdur ki, məhkəmə iclasına dair bildiriş cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsilə ona işə baxılması barədə xəbərdarlıq edilmişdir (bax işin 42- 43-cü vərəqləri).

31. Məhkəmə kollegiyası həmçinin göstərir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində aldığı vəsaitin bir qismini iddiaçıya qaytarmış olduğunu bildirsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

32. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

35. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(125)-2625/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar