Məhkəmə qərarları › İş №2(104)-1912/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1912/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1912/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(061)-07/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin sübutları:

1. xx.xx.2018-ci il tarixli, 55-1***-******* Kredit (istehlak kreditləri) müqaviləsinə əlavədən məlum olur ki, borcalan İddiaçı xx.xx.2018-ci il tarixdə 30 ay müddətinə, illik 35 faiz olmaqla 4000 AZN məbləğində kredit verilmişdir.

2. İddiaçı Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli yazılı izahatının təsdiq edilmiş surətindən görünür ki, o, Cavabdeh nootbuk kompeterə görə ona ümumilikdə 4050 manat pul ödədiyini qeyd etmişdir.

3. Cavabdeh Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli yazılı izahatının təsdiq edilmiş surətindən görünür ki, o, Asus markalı Notebooka görə İddiaçı 1500 manat borcu olduğunu, həmin borcu 06 aya, yəni 2022-ci ilin aprel ayına kimi ödəyəcəyini qeyd etmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, iddianı qismən qəbul etdiyini, iddiaçıya borca görə 1500 manat pulu və ödənilmiş dövlət rüsumunu hissə-hissə ödəməyə razı olduğunu bildirmiş, qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

5. İşə əlavə olunmuş DİSK-dəki səs yazısından görünür ki, İddiaçı ilə Cavabdeh arasında aparılmış telefon danışığında İddiaçı Cavabdeh xitabən “ata-ata gedirsən”, “2022-ci ildə axırıncı məhkəmə olacaq”, “Şahinə 80 manat benzin vurmuşam”; Cavabdeh İddiaçı xitabən “sənlə mənim aramda nə söhbət varki”, “2018-ci ildən səninlə işi dayandırmışam”, “Şahin mənə görə gəlməmişdi” bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh qarşı iddia və iddianın həcminin artırılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh köhnə qalan puldan 2500 manat, Tərtər rayonuna iki dəfə gəlməyinə (bir dəfə məhkəməyə və bir dəfə də nootbuku almağa gəlməyinə) görə yol xərcinə görə 200 manat, Şahini göndərdiyi üç yol xərcinə görə 100 manat, məhkəmə xərcinə (dövlət rüsumuna) görə 45 manat, silmək istədiyi 990+200 manat borcun, ümümilikdə 3945 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər proqramis kimi tanıdığı Cavabdeh ondan dəfələrlə xahiş edərək, adına kompyutor götürülməsini istəmiş və sonda, o, razılıq vermişdir. Onun adına xx.xx.2018-ci il tarixdə kreditlə ASUS X1 15 markalı notbuk götürülmüş və aralarında razılaşmıdılar ki, krediti Arif ödəyəcəkdir. Bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Arif krediti gecikdirir və ,o, ona iradını bildirmişdir. Sonradan isə Arif krediti tamam ödəməmiş və həmin kredit borcu onun üzərində qalmışdır. O da məcbur olub həmin krediti özü ödəyərək tam şəkildə bağlamışdır. Hətta bununla bağlı 17-ci Polis Bölməsinə müraciətində olmuş, orada isə Arif izahatında pulu qaytaracağını bildirmişdir. Hazırda onun tərəfindən 2500 manat kredit ödənişi olmuş və ona külli miqdarda ziyan dəymişdir. Hesab edir ki, cavabdehin hərəkətləri və özbaşınalığı nəticəsində ona külli miqdarda zərər dəymişdir.

8. Tərtər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(061)-07/2023 nömrəli qətnaməsi (hakim T.Qubadov) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh borca görə 1500 manat, dövlət rüsumuna görə 45 manat, cəmi 1545 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-07/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulduğundan Tərtər rayon Məhkəməsinin 2(061)-07/2023 nömrəli qətnaməsini ləğv olunmalıdır. Belə ki, iddianın əsaslığını təsdiq edən sübütlar tərəfindən məhkəməyə təqdim edilsə də məhkəmə əsassız olaraq iddianın sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Cavabdeh ziyanı ödəmək yerinə qeyd edilən illər ərzində ona vebsaytlar hazırlayıb verdiyini bildirmişdir. Halbuki, vebsayt ona vaxtında təhvil vermədiyindən vebsayt üçün ondan 1200 azn ödənilməli məbləği silmişdir. Lakin Cavabdeh söz versədə ödəmədiyi kredit borcları yığılaraq onun tərəfindən ödənilmişdir. Burada açıq şəkildə görünür ki, cavabdeh bəhanələrlə ona dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Xahiş edir cavabdehin ödədiyi ödənişlərin qəbzlərin sürətini məhkəməyə təqdim etsin.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

14. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü Cavabdeh vebsaytı ona vaxtında təhvil verməməsi nəticəsində 1200 manat borcunun olması, kredit borclarının yığılaraq onun tərəfindən ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən faktları, yəni həqiqətən də cavabdehin ona ödənilməmiş puldan 2500 manat və vebsyata görə 1200 manat məbləğində borcu olmasını təsdiq edən yazılı və mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, hazırki məhkəmə iclasında da təqdim etməmişdir.

15. İş materiallarında olan Cavabdeh Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli yazılı izahatının təsdiq edilmiş surətindən aydın olur ki, həmin izahatında o, Asus markalı Notebooka görə İddiaçı 1500 manat borcu olduğunu, həmin borcu 6 aya, yəni 2022-ci ilin aprel ayına kimi ödəyəcəyini, həmçinin İddiaçı məxsus olan vebsaytı xx.xx.2021-ci il tarixədək təhvil verəcəyini bildirmişdir.

16. Məhkəmə kollegiyası həmin izahatı hazırkı mübahisənin həllində mötəbər sübut kimi qiymətləndirir.

17. Bundan başqa iddiaçı apellyasiya şikayətində məhkəmə xərci qismində özünün və ya şahidlərin yol xərci üçün 300 manat pul xərcləməsi qeyd etsə də, bununla bağlı dа hər hansı mötəbər sübut təqdim etməmişdir.

18. Halbuki mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir).

19. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

20. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

21. Beləliklə, iddiaçı cavadehin ona 3700 manat borcu qalmasını iddia etsə də, işin həmin hallarını təsdiq edən heç bir mötəbər sübut növünü birinci instansiya məhkəməsinə və məhkəmə kollegiyasına təqdim etməmiş və həmin hallar işdə olan sübutlarla öz təsdiqini tapmamışdır.

22. Belə ki, iddiaçı tərəfin dəlilləri onun izahatından başqa, heç bir sübut növü ilə öz təsdiqini tapmır və məhkəmə araşdırılması nəticəsində həmin halın məzmununu təşkil edən məlumatların işin həqiqi halına uyğun gəlmədiyi müəyyən olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(061)-07/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar