Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1920/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Süleymanov Loğman Srac oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1, onun vəkili X5 və Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdeh tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında istifadə edilməklə gediş-gəliş yolunun açılmasına və həmin yolun üzərində cavabdeh tərəfindən faktiki vərəsəlik qaydasında qəbul edilmiş, (X3 adına qeydə alınmış) qanunsuz inşa edilmiş tikilinin cavabdehin özünün hesabına sökülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 qətnaməsi ilə (sədrlik edən F.Mirzəquliyev) iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi məhkəmə qətnaməsində göstərilir ki, iş üzrə əvvəlki iddiada göstərilən cavabdeh vəfat etmiş və onun vərəsəsi olaraq hazırki Cavabdeh onun varisi olaraq tanınmışdır və ölmüş şəxsə münasibətdə iddia tələbinə baxıla bilməz. Bələdiyyəyə aid torpaq sahəsi isə yalnız piyada keçidi üçün nəzərdə tutulmuşdur. Hazırda isə cavabdehlər subyektiv olaraq iddia tələbinə cavab verməli şəxslərdir. Cavabdeh iddiaya qarşı yazılı etirazı kollegiyaya ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29104)-224/2022 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçıların yaşayış sahəsinə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında yol verilmişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-673/2018 saylı qətnaməsi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər avtomaşın yolu hesab edilməyən torpaq sahəsində tikilmişdir.Mübahisələndirilən tikililərin iddiaçılara aidiyyətinin olması, eləcə də qonşuluq hüquq münasibətlərinin pozulması halı müəyyən edilmir. Göründüyü kimi, iddiaçıların qaldırdığı iddia tələbinin hər iki hissəsi ilə bağlı preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnamələri mövcuddur. İddiaçı2 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki, yoldan onun evinə qədər olan məsafə təxminən 25-30 metrdir və həmin yol cavabdehlər tərəfindən tutulmuşdur. Bələdiyyə mülkiyyətində olan yoldan ona servitut verilsə də, bu kifayət etmir. Cavabdehin həyətindən yolun açılması üçün isə həmin tikililər sökülməlidir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. İddiaçı1 vəkili X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, 1971-ci ildə gəlin gəlmiş və həmin vaxtdan hazırda iddiaçı tərəfin sökülməsini xahiş etdiyi tikili mövcud olmuşdur. İddiaçının öz istifadə etdiyi yolu vardır və bələdiyyə torpaq sahəsinə də servitut almışdır. İddiaçılar zəruri xərclər çəkməklə yolu işlək qaydaya sala bilərlər, lakin etmirlər. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ev İddiaçı2 tam, torpaq sahəsi isə onun və digərlərinin ümumi birgə mülkiyyət hüququ kimi qeydə alınmışdır. X6 və Ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 saylı qərarı ilə Gədəbəy şəhərində yerləşən 499,58 kvm torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29104)-224/2022 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-964/2020 saylı qətnaməsi “Gədəbəy şəhər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün servitut verilməsinin təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, iddiaçılar İddiaçı2 və X8 qızınən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu üçün Gədəbəy şəhər bələdiyyəsinin mülkiyyətində olan 65 kv.m torpaq sahəsindən servitut verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-109/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X2 qarşı fərdi yaşayış evinə gedən avtomobil yolunun ətrafında inşa edilmiş tikililərin sökülməsi tələbinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-673/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-673/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçıların yaşayış sahəsinə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında yol verilmişdir və iddiaçılar zəruri xərclər çəkməklə yolu inşa edə bilərlər. İddiaçılar cavabdehin sahibliyində olan torpaq sahəsindən servitut qaydasında yol verilməsi üçün əsas ola biləcək halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə də iddia tələbləri təmin edilməməldirlər. Məhkəmənin bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, cavabdehin sahibliyində olan torpaq sahəsindən iddiaçılara yol verilməsi heç bir halda, cavabdehin sahibliyində olan tikililərin sökülməsi, ona maddi zərərin vurulması və əmlak hüquqlarının hədsiz pozulması ilə nəticələnməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.5-ci maddəsinə əsasən, mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, servitut müqaviləsi əslində tərəflərin razılaşması ilə notariat qaydasında bağlanılan müqavilə olmaqla, yalnız həmin müqaviləyə görə haqqın miqdarı barədə razılaşmaya gəlmək mümkün olmadıqda, haqqın miqdarı məhkəmənin qərarı ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, tərəflər arasında servitut müqaviləsi üçün tərəflərin razılaşması yoxdur. Belə olan halda, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İddiaçılar isə, cavabdeh tərəfindən faktiki vərəsəlik qaydasında qəbul edilmiş, qanunsuz inşa edilmiş tikilinin cavabdehin özünün hesabına sökülməsi ilə servitut verilməsini xahiş etmişlər. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə isə, tərəflər arasında servitutla bağlı razılaşma olmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsinin tələbinə riayət etməklə, məhkəmə qaydasında zəruri yol və ya keçid tələb edə bilər ki, iddiaçılar belə tələb irəli sürməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29104)-224/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və X1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu üçün Gədəbəy şəhər bələdiyyəsinin mülkiyyətində olan 65 kv.m torpaq sahəsindən servitut verilməsi qət edilmişdir. qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(042)-219/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1920/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1920/2023
28.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver