Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1921/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(030)-13/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 6362,38 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur;
2. Xəbərdarlıqdan görünür ki, kreditor tərəfindən borcalana borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli 9/1454 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilən pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka 6277,05 manat əsas və 707,91 manat faiz borcu hesablanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi üzrə 6252,55 manat əsas və 786,91 manat faiz borcu olmaqla, cəmi 7093,46 manat kredit borcu və ödənilmiş 90,39 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 6362,38 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin 01 mart 2023-cü il tarixə banka 6252,55 manat əsas və 786,91 manat faiz borcu olmaqla, cəmi 7093,46 manat kredit borcu yaranmışdır.
6. Daşkəsən Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(030)-13/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi üzrə 6277,05 manat əsas və 707,91 manat faiz borcu olmaqla, cəmi 6984,96 (altı min doqquz yüz səksən dörd manat doxsan altı qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun 89,69 (səksən doqquz manat altmış doqquz qəpik) manatı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi; “Məhkəmə Ekspertizası Mərkəzi“-nə ödənilməli olan 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh aid edilməsi; Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Ekspertiza xərci, SAP (XİİS) hesabı, Adı: X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “Tibbi-Sosial Ekspert Komissiyası” tərəfindən müayinədən keçirildikdən sonra ona əlillik təyin edilməsindən imtina olunmuşdur. Bu səbəbdən də kredit borcunu ödəyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə kredit borcu restrukturizasiya olunaraq kreditin müddəti 83 ay məbləği 6362,38 manat, faiz dərəcəsi isə illik 20 faiz olmuşdur. Sonuncu kredit müqaviləsinə əsasən qohum-əqrəbadan borc alaraq 4 ay, yəni 2022-ci ilin may-avqust ayları üzrə ödənişləri etmişdir. Maddi vəziyyəti çox ağır olduğundan acınacaqlı vəziyyətdə yaşayır və krediti ödəyə bilmir. Hazırda nə əsas, nə də ki, əlavə şişirdilmiş faiz borcunu ödəməyə imkanı yoxdur. Kredit borcuna görə banka ödənişləri olmuşdur və bank həmin ödənişləri nəzərə almamış, əsas və faiz borclarını da düzgün hesablamamışdır. Məhkəmə isə belə nəticəyə gəlmişdir ki, bank əsas və faiz borclarını düzgün hesablamışdır. Bu səbəbdən qətnamənin əsas borc və faiz borcunun məbləği ilə razı deyil.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qənamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə göndərilərək işə nümayəndələrinin iştirakı olmadan baxılmaqla apellyasiya şikayətinin təmin olunmamasıı, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
27. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “Cavabdeh 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi üzrə 6277,05 manat əsas və 707,91 manat faiz borcu olmaqla, cəmi 6984,96 (altı min doqquz yüz səksən dörd manat doxsan altı qəpik) manat kredit borcu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissədə dəyişdirilməli, Cavabdeh 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi üzrə 6252,55 manat əsas və 707,91 manat faiz borcu olmaqla, cəmi 6960,46 (altı min doqquz yüz altmış manat qırx altı qəpik) manat kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 6362,38 manat kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Bu səbəbdən də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
30. İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası kimi 22 aprel 2022-ci il tarixli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir, apellyator isə kredit borcunun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir.
31. İşin hallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin kreditora əsas və faiz borcu yaranmışdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə borcun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
33. Nəzərə almaq lazımdır ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
34. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
35. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli 9/1454 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən banka ödənilən pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka 6277,05 manat əsas və 707,91 manat faiz borcu hesablanmışdır.
36. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
37. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
38. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. Apellyasiya şikayətində əsas və faiz borcunun düzgün hesablanmadığı göstərilsə də, lakin tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyildir.
39. Lakin, kredit müqaviləsi üzrə əsas borcun ekspert rəyində göstərilən məbləğdə cavabdehdən tutulması yolverilməzdir. Ona görə ki, iddiaçı bank kredit müqaviləsi üzrə cavabdehdən 6252,55 manat əsas borc tələb etmişdir. Ekspertiza tədqiqatı nəticəsində isə əsas borcun məbləği iddiaçının tələbindən artıq məbləğdə, yəni 6277,05 manat müəyyən olunmuşdur.
40. Mülki prosessual qanunvericiliyə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM maddə 218.3).
41. Hazırkı işdə tələbdən kənara çıxmanın müstəsna halı mövcud deyildir. Bu səbəbdən məhkəmənin iddiaçının verdiyi tələbdən kənara çıxaraq borcalandan kreditorun tələbindən artıq məbləğdə əsas borc tutması düzgün hesab edilə bilməz.
42. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə 6277,05 əsas borcun müəyyən edilməsi hissədə dəyişdirilməli və əsas borcun məbləği 6252,55 manat məbləğində müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə əsas borcun məbləği dəyişdirildiyindən cəmi borc məbləği hissədə də qətnamə dəyişdirilərək kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulan cəmi borc məbləği 6960,46 manat məbləğində müəyyən edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(030)-13/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi üzrə 6277,05 manat əsas və 707,91 manat faiz borcu olmaqla, cəmi 6984,96 (altı min doqquz yüz səksən dörd manat doxsan altı qəpik) manat kredit borcu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissədə dəyişdirilsin. Cavabdeh 22 aprel 2022-ci il tarixli RGTK5105560A184 nömrəli kredit müqaviləsi üzrə 6252,55 (altı min iki yüz əlli iki manat əlli beş qəpik) manat əsas və 707,91 (yeddi yüz yeddi manat doxsan bir qəpik) manat faiz borcu olmaqla, cəmi 6960,46 (altı min doqquz yüz altmış manat qırx altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.