Məhkəmə qərarları › İş №2(104)-1924/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1924/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1924/2025 03.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul tələbi, sübutetmə yükü Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2644/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Şəmkir RİHB-nin Zəyəm Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatda durur və həmin kənddə yaşayır. Onun adına ev təsərrüfatlarının uçotu kitabında 0,15 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsindən bağ kimi istifadə edir.

2. A 354017 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəmkir Rayon AİK-in xx.xx.1998-ci il tarixli, 51 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 2198.32 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7485 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır, belə ki, o Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yaşayır, həmkəndlisidir. Onunla xurma meyvəsi alan vaxtdan münasibətləri yaranmışdır. Cavabdehlə qohumluğu və düşmənçəliyi yoxdur. Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində ailələrinə məxsus 0,15 ha həyətyanı torpaq sahəsində xurma bağı salıb, onu becərərək meyvəsini satmaqla ailələrini dolandırırlar. Cavabdeh 2022-ci il noyabr ayında ona müraciət edərək, xurma almaq istədiyini bildirmişdir. Cavabdeh əvvəlcə ona 200 manat beh vermiş və bildirmişdir ki, ondan aldığı xurmanı satandan sonra onun pulunu verəcəkdir. O, cavabdehə etibar etmiş və xurmanın hər bir yeşiyini 5 manatdan ona 1.557 yeşik xurma yığdırmışdır. Cavabdeh onunla razılaşmış, aldığı xurma meyvəsinin cəmi qiyməti 7.785 manat, 1.200 manat fəhlə pulu ilə birlikdə 8.985 manat ona borcu olduğunu bildirmişdir. Həmin ilin dekabr ayında 500 manatını ödəmiş və ona söz vermişdir ki, qalan 8.485 manatını isə qısa müddətdə ödəyəcəkdir. Cavabdeh 2023-cü ildə uşağı xəstə olanda ona borcundan 1.000 manat gətirib vermiş və demişdir ki, malın pulu gəlməmiş, gələndən sonra onun pulunu ödəyəcəkdir. Bir neçə aydan sonra ona zəng etmiş, cavabdeh ona söz vermişdir ki, 2-3 aya pulu gətirəcəkdir. Həmin vaxtdan dəfələrlə pulunu tələb etmiş, hər dəfə 2-3 aya pulu ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh hər dəfə bir bəhanə gətirərək, ona olan 7.485 manat pulu vermək istəməmişdir. Axırıncı dəfə Talıbdan pulunu istəyəndə demişdir ki, onun qalan pulunu verməsə ondan şikayət edəcəkdir, o isə ona demişdir ki, hara istəyirsən get şikayət et. Lakin, cavabdeh yenə də pulunu verməmişdir. Həmin vaxtdan dəfələrlə pulunu tələb etmiş, lakin, cavabdeh hər dəfə bir bəhanə gətirərək puluu veməmişdir. O, Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinə şikayət edib, bildirmişdir ki, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yaşayan X1 ondan xurma meyvəsi almış, 8.985 manat borcundan 1.500 manatını ödəmiş qalan 7.485 manatı vermək istəmir. Odur ki, xahiş etmişdir ki, onun pulunu alıb ona verilməsində ona köməkdarlıq etsinlər. Orada şikayəti əsasında araşdırma aparılmış və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur.

5. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, o, iddia tələbi ilə razı deyil və rədd edilməsini istəyir. Belə ki, həmin iddianın ona heç bir aiddiyyatı yoxdur. İddiaçının ona qarşı iddiası şər və böhtan xarakterlidir. 2021-ci ilin oktyabr ayında o Tovuz rayonunun Dönük Qırıqlı kəndindən olan Səbuhi və Şəmkir rayonunun Qədimqala kəndindən olan Elsevər adlı şəxsə həmkəndlisi, İddiaçı xurma olduğunu bildirmişdir. Həmin şəxslər kəndlərdən xurma yığıb satan şəxslərdir. İddiaçı 3 ay qabaq ona Səbuhi və Elsevər adlı şəxsləri soruşmuş o iddiaçıya həmin şəxslərin telefon nömrəsini vermişdir. İddiaçı ona heç bir qarşı iddiasının olduğunu bildirmədən hansısa hüquqşünas və ya vəkilə məsləhət edib haqsız, şər və böhtan olaraq ona qarşı iddia qaldırmışdır. Onun iddiaçı ilə alver barədə pul barədə heç bir söhbəti, sövdələşməsi və ya beh barədə heç bir danışığı olmamışdır. Yuxarıda adlarına çəkilən şəxslərin onların kəndində 20-25 nəfər adama həmçinin İddiaçı borcları olduğu üçün iddiaçı onlardan borcunu ala bilməyinin çətin olduğunu bilmiş ona qaşrı şər və böhtan xarakterli iddia qaldırmışdır. Ona görə də hesab edir ki iddiaçının ona qarşı iddia ərizəsində göstərdikləri xüsusatlar yalandır, heç bir mötəbər sübutu yoxdur, iddiası əsassızdır və rədd edilməlidir.

6. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Cavabdeh onların həmkəndlisidir. Cavabdeh iddiaçıdan nisyə bir yeşiyini 5 manatdan 1.500 yeşik xurma almışdır. Lakin cavabdeh iddiaçıya borclu olduğu pulu verməmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısının əridir. Cavabdeh onlardan xurma almışdır. Lakin xurmanın pulunu verməmişdir. Bir müddət sonra cavabdeh onun borcunu vermiş, lakin iddiaçıya borclu olduğu pulu verməmişdir. Cavabdehin iddiaçıya təxmini 7000 manat borcu qalmışdır. Onlar cavabdehi həmkənliləri kimi tanıyırlar.

10. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(076)-2644/2025 nömrəli qətnaməsi (hakim Nazlı Heydərova) ilə, iddianın təmin edilməsi, Cavabdeh 7.485 (yeddi min dörd yüz səksən beş) manat pul və 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan nisyə olmaqla bir yeşiyini 5 manatdan 1.500 qutu xurma almışdır. Cavabdeh borcundan bir qismini ödəniş etsə də, qalan 7.485 manat məbləğində borcunu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında tam icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 567, 600.1 və 600.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.3, 14.1, 14.2, 77.1, 106.3, 119.1, 216- 220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.

14. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2644/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Yuxarda sadalanan normalardan da göründüyü kimi, ilk olaraq iddiaçı iddia tələbinin əsaslığını sübut etməli və məhkəmə həmin sübutlara əsaslanmalıdır. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən heç bir möhtəbər sübuta əsaslanmamış, iddiaçının və vəkilinin verdiyi yalan izahatlarla kifayətlənmiş iddiası təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərdi ki, o, xurma ağacları əkib becərməklə məşğul olur. Cavabdeh 2022-ci il noyabr ayında ona müraciət edərək, xurma almaq istədiyini bildirmişdir. Aralarında olan razılığa görə xurmanın hər bir yeşiyini 5 manatdan ona 1.557 yeşik xurma verilmişdir. Cavabdeh 2022-ci il noyabr ayında ona müraciət edərək, xurma almaq istədiyini bildirmişdir. Cavabdeh əvvəlcə ona 200 manat beh vermiş və bildirmişdir ki, ondan aldığı xurmanı satandan sonra onun pulunu verəcəkdir. O, cavabdehə etibar etmiş və xurmanın hər bir yeşiyini 5 manatdan ona 1.557 yeşik xurma yığdırmışdır. Cavabdeh onunla razılaşmış, aldığı xurma meyvəsinin cəmi qiyməti 7.785 manat, 1.200 manat fəhlə pulu ilə birlikdə 8.985 manat ona borcu olduğunu bildirmişdir. Borcundan cəmi 1500 manat ödəmiş və qalan 7485 manat məbləğində borcu qalmışdır. Həmin alğı-satqı ilə bağlı mesajlaşma və ya digər yazışmaları yoxdur. Şahidlər onun qohumları olsa da bütün kənd bu iş barədə məlumatlıdır. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərdi ki, iddiaçı xurma ağacları əkib becərməklə məşğul olur. Cavabdeh 2022-ci il noyabr ayında iddiaçıya müraciət edərək, xurma almaq istədiyini bildirmişdir. Aralarında olan razılığa görə xurmanın hər bir yeşiyini 5 manatdan ona 1.557 yeşik xurma verilmişdir. Həmin ilin dekabr ayında cavabdeh borcdan 500 manatını ödəmiş və ona söz vermişdir ki, qalan 8.485 manatını isə qısa müddətdə ödəyəcəkdir. Cavabdeh 2023-cü ildə uşağı xəstə olanda iddiaçıya borcundan 1.000 manat gətirib vermiş, lakin qalan borcunu ödəməmişdir. Həmin halları şahidlər də təsdiq etmişdir və iddiaçının da yaxın qohumlarıdır. Eyni zamanda, həmin halı başqa şəxslərdə görmüşdür. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

21. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

22. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

30. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

31. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

32. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

46. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

47. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

52. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

53. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Bu səbəbdən də tərəflər arasında mövcud olmuş münasibətlərin həqiqi məzmununu müəyyən etmək mümkün olmamışdır.

54. İddiaçı şifahi alğı-satqı müqaviləsinə əsasən cavabdehin ondan nisyə olmaqla bir yeşiyini 5 manatdan 1.500 qutu xurma aldığını və cavabdeh borcundan bir qismini ödəniş etsə də, qalan 7.485 manat məbləğində borcunu ödəmədiyini iddia edir və buna görə də məhkəməyə müraciət etmişdir.

55. Məhkəmə sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

56. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

57. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

58. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

59. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

60. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

61. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

62. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cari iş üzrə iddiaçı cavabdehə xurma satdığını və cavabdehin həmin münasibətlərin nəticəsində ona 7485 manat məbləğində borcunun qaldığını iddia edir. Lakin qeyd edildiyi kimi bu halı təsdiq edən yazılı hər hansı sübut mövcud deyildir.

64. İddiaçı tələbini sübut etmək üçün sübut kimi iki nəfər şahidi (Şahid1 və Şahid2) təqdim etmişdir. Qeyd edilən şahidlərin ifadələrini birinci instansiya məhkəməsi onların verdiyi məlumatları sübut kimi qəbul etmişdir.

65. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları və birinci instansiya məhkəməsinin qətnaməsi tədqiq edilərkən, xüsusilə şahid ifadələrinin iddia tələbinin sübuta yetirilməsi baxımından qiymətləndirilməsi zəruri olmuşdur.

66. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

67. Nəzərə alınmalıdır ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarı).

68. Azərbaycan Respublikası MPM-nin 62-ci və 104.1-ci maddələrindən göründüyü kimi məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur.

69. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri kimi şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (qohumluq, iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.

70. İş materiallarından görünür ki, iddiaçı və onun nümayəndəsi alğı-satqı münasibətinin mövcud olduğunu bildirmiş, cavabdeh isə belə münasibətin olmadığını, iddianın əsassız və şər-böhtan xarakterli olduğunu göstərmişdir. Məhkəmədə dindirilmiş şahidlər – Şahid1 və Şahid2 – iddiaçının müvafiq şəkildə qardaşı və bacısının əri kimi qohumu olmaqla onunla yaxın ailə münasibətində olan şəxslərdir. Bu hal onların ifadələrinin obyektivliyinə birbaşa təsir edən məqam kimi dəyərləndirilməli və həmin ifadələrin təkbaşına sübut kimi qəbul edilməsi üçün məhkəmənin ehtiyatlı yanaşmasını tələb edir. Bu hal onların ifadələrinin obyektivliyinə birbaşa təsir edə bilən, onların işin nəticəsində maraqlı olmasını ehtimal etdirən hüquqi əhəmiyyətli məqamdır.

71. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələri digər sübutlarla yanaşı yoxlanılmalı və iş üzrə toplanmış obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Həmin norma ifadələrin verildiyi şəraitin, şahidin şəxsi marağının, tərəflərlə münasibətlərinin və ifadələrin obyektiv təbiətinin məhkəmə tərəfindən hərtərəfli qiymətləndirilməsini tələb edir.

72. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə yaxın qohum olan şahidlərin ifadələri iddiaçının mövqeyini tam şəkildə dəstəkləyən xarakter daşıyır, lakin bu ifadələrdə göstərilən hallar – tərəflər arasında alğı-satqı münasibətinin mövcudluğu, borcun məbləği və ödənişlərin aparılması – işdə təqdim edilmiş müstəqil yazılı və maddi sübutlarla təsdiq olunmamışdır. Tərəflər arasında bağlanmış iddia edilən alğı-satqı münasibətini və borcun mövcudluğunu müəyyən edən müqavilə, qəbz, ödəniş sənədləri, mesajlaşma və digər obyektiv sübutlar təqdim edilməmişdir.

73. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

74. İddiaçının sübutları da MPM-in 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar “əsaslı şübhədən kənar” sübut standartlarına uyğun deyildir.

75. Belə olan halda, MPM-in 106-cı maddəsi baxımından iddiaçı ilə qohum olan şahidlərin ifadələri təkbaşına iddiaçı ilə cavabdeh arasında alğı-satqıdan irəli gələn münasibətlərin və borcun mövcudluğunu sübuta yetirən mötəbər sübut deyildir. Çünki həmin ifadələrin təsdiq olunduğu başqa obyektiv sübutlar iş materiallarında mövcud deyil və şahidlər işin iddiaçının xeyrinə həll olunmasında maraqlıdırlar.

76. Cavabdeh tərəfindən münasibətin yaranmasını və borcun mövcudluğunu inkar edən izahatın olması, eyni zamanda iddiaçının iddiasını təsdiqləyən digər sübutların təqdim edilməməsi nəzərə alınaraq, apellyasiya məhkəməsi hesab edir ki, iddiaçının tələbinin sübut olunması üçün hüquqi əsaslar mövcud deyildir.

77. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə yaxın qohumluq münasibətində olan şahidlərin ifadələri iş üzrə iddia tələbinin əsasını sübuta yetirmək üçün kifayət etmir və mötəbər sübut kimi qiymətləndirilə bilməz.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

79. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

80. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

81. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

82. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

84. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

85. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

86. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası MPMin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

87. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2644/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “7485 manat pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 96 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar