Məhkəmə qərarları › İş №2(104)-1926/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1926/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1926/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-238/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 6000 manat məbləğində pulun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-238/2023 saylı qətnaməsi ilə (sədrlik edən Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-238/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, faktiki olaraq nəzarətçi kimi işlədiyi üçün cavabdehlər işlədiyi səkkiz ayın nəzarətçi əmək haqqını ona ödəməmişdir. Buna görə də onun tələbi əsaslıdır. Hətta Gədəbəy rayon prokurorluğunun 11 noyabr 2022-ci il tarixli qərarında onun X1 səkkiz ay işləməyi öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin hakimi isə bütün bunları nəzərə almamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, cavabdehləri uzun müddətdir ki, tanıyır və onlarla normal münasibəti olmuşdur. Cavabdeh1 X2 rəisi vəzifəsində işləmişdir. O, X1 işə düzəlmək üçün Cavabdeh1 müraciət etmiş, Cavabdeh1 ona yaxın günlərdə işə qəbul edəcəyini vəd etmiş, ona işə başlamasını təklif etmişdir. O, işə qəbul ediləcəyinə inandığı üçün nəzarətçi kimi işləməyə başlamış və səkkiz ay ərizində nəzarətçi kimi işləmiş, lakin, onu işə qəbul etməmişlər. Cavabdehlər ona işə qəbul haqqında əmr verilənə qədər işləməsini təklif etdikləri üçün o, əmək haqqı almasa da işləməkdə davam etmişdir. Həmin müddətdə nəzarətçilərin əmək haqqısı 530-630 manat arasında olmuşdur. O, cavabdehlərə artıq başqa bir iş tapdığı üçün işdən çıxmaq istədiyini bildirmiş, lakin cavabdehlər ona işləməyə davam etməsini təklif etmiş və işə götürüləcəyini bildirmişlər. Lakin onu işə qəbul etməmişlər. Bununla əlaqədar, yəni onun faktiki işlədiyi 8 ay üçün, cavabdehlər ona cəmi 6000 manat əmək haqqı ödəməli olduqları halda, etməmişlər və məhkəmə isə həmin haka düzgün qiymət verməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-238/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 2016-2019-cu illərdə Gədəbəy EŞ-də müdir, 2019-2020-ci illərdə Qazax EŞdə rəis, 2020-2023-cü illərdə Gədəbəy EŞ-də rəis işləmişdir. X2 rəisi vəzifəsində işləmişdir. İddiaçı işə düzəlmək üçün ona müraciət etmiş, o, yalnız “Azərişıq ASC-nin işə qəbul etmək səlahiyyətinin olduğunu ona bildirmiş, sənədlərini hazırlayıb həmin orqana təqdim etməsini təklif etmişdir. İddiaçı bununla razılaşmış və işin xüsusiyyətlərini öyrənmək, işə qəbul zamanı verilən suallara cavab verə bilmək üçün bir neçə gün nəzarətçilərin yanında işə çıxmaq istədiyini bildirmişdir. O, etiraz etməmiş, iddiaçı bir neçə gün öz təşəbbüsü ilə nəzarətçilərin yanında işə çıxmışdır. O, və digər cavabdeh iddiaçıya bunun müqabilində əmək haqqı veriləcəyini vəd etməmişlər. İddiaçı könüllü olaraq, nəzarətçilərlə birlikdə işi öyrənmək üçün işə çıxmışdır. Lakin iddiaçı işə qəbul edilməmiş, bundan sonra şikayətlər etməyə başlamışdır.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-238/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, Cavabdeh1 ilə oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, X1 satış rəisi işləmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-238/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi . Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-238/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. İş materiallarından görünür ki, iddianı rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin tapşırıq müqaviləsi üzrə mülki münasibətləri tənzim edən 777-ci maddəsini tətbiq etmiş və bununla da, hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan norma tətbiq edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385-386-cı maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 238/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 faktiki işlədiyi 8 ay üçün cəmi 6000 manat əmək haqqı tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı X1 rəsmi qaydada işləməmiş, aralarında heç bir əmək müqaviləsi olmamiş və bu hal özünün izahatı ilə də, təsdiq edilir. Belə olan halda, onun iddia etdiyi faktiki işlədiyi 8 ay üçün 6000 manat məbləğində əmək haqqı tələbinin qanuni əsasları yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X1 işləməsi əsası ilə əmək haqqı tələb etməyi iddia edirsə, belə olan halda, iddia tələbi hazırki iddiaya cavab verməli olan şəxs "xxxx"ASC -nin X4 Təchizat və Satışı İdarəsinə qarşı irəli sürə bilərdi. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 6000 manat məbləğində pulun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 387, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-238/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar