Məhkəmə qərarları › İş №2(104)-1927/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1927/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1927/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mənzilin təmirinə çəkilmiş xərcin qaytarılması tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(052)-99/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 01 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Naftalan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 158 nömrəli arayışdan görünür ki, X2 ilə İddiaçı xx.xx.2000-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 27, mənzil 70-in təmirinə xərclədiyi 35000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X3 ilə 1999-cu ildə ailə quraraq, Naftalan şəhəri, Habil Əliyev küçəsi ev 27-də yerləşən 70 nömrəli mənzilə gəlin köçmüşdür. Mənzilə köçən zaman cavabdeh ona bildirmişdir ki, gəlin köçdüyü ev ona veriləcəkdir. O, mənzilin ona veriləcəyini hesab etdiyi üçün 2014-cü il tarixdə həmin mənzili təmir etdirmək qərarına gəlmişdir. Evi 5 otaqlı mənzilə düzəltdirmiş, yeni döşəmə örtüyü vurdurmuş, elektrik sistemini yenidən çəkdirmiş, divarları təmir etdirmiş, evin tavanına alçipan vurdurmuş, sanitariya qovşağını tam dəyişmiş, mətbəxi böyütmüş və yeni balkon yığdırmışdır. Yəni ki, mənzili tam şəkildə təmir etdirmişdir. O, təmirlə bağlı ümumilikdə 35000 manat xərcləmişdir. Daha sonra cavabdeh 2023-cü ilin may ayında ona bildirmişdir ki, mənzili satıb pulun 50000 manatını ona verəcəkdir. O da, cavabdehin sözünə inanaraq mənzilin satılmasına razılıq vermişdir. Mənzil satıldıqdan sonra isə cavabdeh ona demişdir ki, onlara heç bir pul vermir, yeni alınacaq evi isə öz adına alır və onlara orada yaşamağa icazə verəcəkdir. Nəticədə cavabdeh onları aldadaraq qeydiyyatda olduqları mənzilin satılması üçün onlardan razılıq almış, evi satmış və onlara pul verməmişdir. Beləliklə onun Naftalan şəhəri, H.Əliyev küçəsi ev 27 mənzil 70-in təmirinə çəkdiyi xərclər cavabdehdən məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır.

4. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş Şahid2 izahat verərək bildirdi ki, o, fərdi qaydada ustalıq edir. İddiaçı onun qohumudur. O, 2014-cü ildə usta kimi iddiaçının yaşadığı mənzildə işləmiş və sanitariya qovşağını təmir etmişdir. İddiaçı onun qohumu olduğu üçün təmirlə bağlı ondan əziyyət haqqı almamışdır. Lakin, təmirin bütün xərclərini iddiaçının çəkdiyinin şahidi olmuşdur. Hətta iddiaçı həmin il təmirlə bağlı banklardan kreditlə pullar götürmüş, o da, kredit ilə bağlı iddiaçıya zamin durmuşdur. Təmir zamanı iddiaçının həyat yoldaşını və digər şəxsləri ümumiyyətlə görməmişdir. Bütün xərclər iddiaçı tərəfindən çəkilmişdir.

5. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, iddiaçını şəhər sakini kimi tanıyır. O, 2014-cü ildən başlayaraq 2016-2017-ci illərədək iddiaçının yaşadığı evin otaqlarını hissə-hissə olmaqla təmir etmişdir. Belə ki, iddiaçının maddi imkanı zəif olduğundan evi hissə-hissə olmaqla, bir neçə il ərzində təmir etdirmişdir. Təmirlə bağlı çəkilən xərcləri, eləcə də ona usta kimi verilən pulları iddiaçı qarşılamışdır. Evin təmiri zamanı yalnız iddiaçı ilə əlaqə saxlamış, lazım olan malmaterialları iddiaçıya demişdir. Təmir üçün alınan materiallara hansı məbləğdə pul xərcləndiyini bilmir. Lakin, iddiaçı şəxsən özü ona 2500 manat əziyyət haqqı ödəmişdir.

6. Naftalan Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(052)-99/2024 nömrəli qətnaməsi ilə (hakim Ayaz Səlimov) İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasının rədd edilməsi; İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçıapellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə onun izahatını və şahidlərin ifadələrini nəzərə almamış, həmçinin digər şahidlərin və sübutların təqdim olunmasına imkan verməmişdir. Cavabdeh əri X1 anasıdır, yəni onun qaynanasıdır. Əvəzlə 1999-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş və Naftalan şəhəri H.Əliyev küçəsi ev 27-də yerləşən 70 nömrəli mənzilə gəlin köçmüşdür. Övladları da həmin evdə anadan olub, böyümüşlər. Həmin evə gəlin köçəndən sonra orada yalnız qaynatası, qaynanası, əri və uşaqları yaşamışlar. Ailə quran gündən qaynatası və qaynanası onlara bildirmişlər ki, bu mənzil onlara, yəni Əvəzlə ona məxsusdur, başqa mənzil almaq üçün fikirləşmək lazım deyil. Onlar da buna əmin olub başqa mənzil almaq barədə fikirləşməmişlər və həmin mənzilə vəsait qoymağı, yəni əsaslı təmir etməyi, yenidən quraşdırmağı, avadanlığı dəyişdirməyi qərara almışlar. Qeyd edir ki, ailə quran vaxtdan əri Əvəz Əmiraslanov, o və uşaqları həmin mənzildə qeydiyyatdadırlar. Mübahisəli həmin mənzil 4 otaqdan ibarət şəraitsiz, təmiri çox pis vəziyyətdə idi və artıq uşaqlar böyüdüyü üçün uşaqlarla mənzildə yaşamaq çox çətin idi. Ona görə də mənzili təmir etdirib, yenidən quraşdırmağı qərara almışdır. Çünki, ailədə yalnız o işləyib qazanc gətirirmiş. 2014-cü ildə təmirə başlamamışdan əvvəl yenə qaynanası və qaynatasından mənzilə vəsait qoymaq istədiyini bildirib evin həqiqətən onlara verilməsini və gələcəkdə hansı anlaşılmazlıq olub-olmayacağını soruşmuşdur. Həm qaynanası, həm də qaynatası bir daha onu əmin etmişlər ki, “mənzil sizindir və yeni mənzil almaq barədə fikirləşmədən vəsait qoya bilərsiniz”. Beləliklə, cavabdehlə onun arasında razılaşma baş vermiş və cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, evə vəsait qoyduqdan sonra mənzil onlara məxsus olacaqdır. Mənzildə yaşadığına görə deyil, məhz mənzilin ona və ailə üzvlərinə məxsus olacağına əmin olduğu üçün mənzilə 35000 manat vəsait qoymuşdur. Lakin, təmir işləri qurtarandan sonra cavabdeh mənzili satıb, nikahı pozulmuş qızına ev alacağını bildirmişdir. Qalan pulu isə ev almaq üçün onlara verəcəyini bildirmişdir. O da bununla razılaşmışdır. Lakin, ev satılandan sonra cavabdeh nə onlara ev almaq üçün pul vermiş, nə də evə qoyduğu vəsaiti, yəni 35000 manatı verməmiş və özünə başqa mənzil almışdır. Hazırda isə uşaqları ilə kirayədə yaşamağa məcbur olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, mübahisəli evə 1999-cu ildə köçmüşdür və həmin vaxt ev təmirsiz vəziyyətdə olmuşdur. Uşaqlar doğulduqdan sonra qaynatası evin onların olduğunu bildirdiyinə görə evi təmir etdirmişlər. Sonra baldızlarından biri boşanmış, həmin vaxt qaynanası evin həmin baldızının olacağını bildirmişdir. Daha sonra isə qaynanası onu aldatmışdır ki, guya evi satıb pulun yarısını ona verəcək. Qaynanası bu vədi verdiyinə görə evin satılmasına razılıq barədə ərizə vermişdir. Yeni ev alınsa da, lakin qaynanası həmin evi öz adına rəsmiləşdirmiş, onları isə evdən qovmuşdur. İndi isə uşaqları ilə birlikdə kirayədə yaşayır. 35000 manat pulu cavabdehə bir dəfəyə verməmişdir, həmin vəsait az-az xərclənmişdir. Əri heç vaxt işləməmişdir, özü işləyib evə qazanc gətirmişdir. Qaynana və qaynatası evin təmirinə şifahi razılıq vermişlər, evin ona veriləcəyini zənn edib evi təmir etdirmişdir. Evi 73000 manata satılmışdır və qaynanası ona bildirmişdir ki, özlərinə almaq üçün ev axtarın. O da ev tapmış və oraya köçmüşdür, lakin alqı-satqının rəsmiləşdirilmə mərhələsində qaynanası söz verdiyi 50000 manat pulu vermədiyinə görə ev ala bilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə tərəflər arasında öhdəlik hüquq münasibətləri olmaması əsası ilə iddianı rədd etmişdir. Halbuki, iddiaçı qaynanası və qaynatası ilə dəfələrlə söhbət apardıqdan sonra evin ona və ailəsinə veriləcəyi barədə vədlərə görə evi təmir etdirmişdir. Yəni, cavabdehin verdiyi vədə görə iddiaçı evin gələcəkdə ona məxsus olacağını zənn etmiş və evin təmirinə vəsait sərf etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tibb bacısı işləmişdir və satılan mübahisəli ev beş uşaqlı valideyn olduğuna görə ona verilmişdir. Ev ona verilən zaman suvaqlı vəziyyətdə olmuşdur. Həmin evi özü təmir etdirmişdir. İddiaçı 25 ildir ki, onun gəlinidir. Qızlarından biri boşanıb evə gəldikdən sonra iddiaçı onu evi satmağa məcbur etmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, evi 73000 manata satmış və 50000 manata yeni ev almışdır. Alqı-satqı zamanı evin kimin adına rəsmiləşdirilməsi üstündə problem yaranmışdır. Gəlini olan iddiaçıya təklif etmişdir ki, gəlsin, yeni aldığı iki otaqlı evdə onunla birlikdə yaşasın. Lakin, iddiaçı onu təhqir etmişdir. Evi gəlininin adına keçirəcəyi barədə və sonuncuya vəd verməmişdir. O vəfat edəndə ev yenə də onlara qalacaq. Həmçinin suala cavab olaraq cavabdeh bildirmişdir ki, mübahisə predmeti olan evi özü və digər oğlu ilə birlikdə təmir etdirmiş və iddiaçıya həmin evi onlara gələcəkdə verəcəyi barədə hər hansı söz verməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

17. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, Naftalan şəhəri, Habil Əliyev küçəsi ev 27-də yerləşən 70 nömrəli mənzilə gəlin köçmüşdür. Mənzilə köçən zaman cavabdeh ona bildirmişdir ki, gəlin köçdüyü ev ona veriləcəkdir. O, mənzilin ona veriləcəyini hesab etdiyi üçün 2014-cü ildə mənzili təmir etdirmək qərarına gəlmişdir. Öz vəsaiti hesabına mənzildə yenidən qurma işləri gördürmüş və əsaslı təmir işləri həyata keçirtmişdir. Ümumilikdə 35000 manat xərcləmişdir. Daha sonra cavabdeh 2023-cü ilin may ayında ona bildirmişdir ki, mənzili satıb pulun 50000 manatını ona verəcəkdir. O da, cavabdehin sözünə inanaraq mənzilin satılmasına razılıq vermişdir. Mənzil satıldıqdan sonra isə cavabdeh ona demişdir ki, onlara heç bir pul vermir, yeni alınacaq evi isə öz adına alır və onlara orada yaşamağa icazə verəcəkdir. Nəticədə cavabdeh onları aldadaraq qeydiyyatda olduqları mənzilin satılması üçün onlardan razılıq almış, evi satmış və onlara pul verməmişdir. Beləliklə onun Naftalan şəhəri, H.Əliyev küçəsi ev 27 mənzil 70-in təmirinə çəkdiyi xərclər cavabdehdən məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır.

29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 ilə yaxın müddətdə gəlin köçərək yaşamış olduğu Cavabdeh (qaynanasına) məxsus olan mənzildə təmir-tikinti işləri aparmışdır. İddiaçı sözügedən mənzildə iddiasında qeyd etdiyi kimi, müəyyən təmir işləri aparmış olsa da belə, bu zaman mülkiyyətçi ilə aralarında hər-hansı öhdəlik-hüquq münasibətləri olmamış, cavabdeh onu bu işlərə cəlb etməmişdir. Əgər İddiaçı könüllü olaraq öz yaşadığı və qaynanasına məxsus mənzildə lazımi şəraitin olmaması səbəbindən təmir işləri aparmışsa, bu hissədə Cavabdeh, yəni mülkiyyətçinin öhdəliyi yaranmamışdır.

30. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

32. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.

33. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur və.s.

34. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehin “mənzili gələcəkdə sizə verəcəm” vədinə görə mənzildə təmir və yenidən qurma işləri apardığını iddia etsə də, lakin cavabdehin ona belə bir vəd vermiş sübuta yetirilmir.

35. Cavabdeh da apellyasiya baxışı zamanı sədrlik edənin sualına cavab olaraq, evi iddiaçının adına keçirəcəyi barədə sonuncuya vəd vermədiyini bildirmişdir.

36. Göstərilən halları nəzərə alaq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının öz vəsaiti hesabına mənzildə təmir işləri həyata keçirtmiş olması öz təsdiqini tapdığı halda belə, yenə də iddiaçı ilə mənzilin mülkiyyətçisi arasında hər-hansı öhdəlik hüquq münasibətləri olmamışdır. Çünki, mənzilin mülkiyyətçisi iddiaçını bu işə cəlb etməmişdir. İddiaçı könüllü olaraq mənzildə təmir işləri həyata keçirtmişsə, bu halda mənzilin mülkiyyətçisinin iddiaçı qarşısında öhdəliyi yaranmamışdır.

37. Kollegiya qeyd edir ki, cavabdeh Nuriyyə Paşayeva hazırkı halda əsassız varlanan şəxs deyildir. Bu baxımdan da iddia tələbi əsassızdır.

38. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(052)-99/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar