Məhkəmə qərarları › İş №2(104)-1936/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1936/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1936/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 İlham oğluna qarşı mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İlk iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı, ilk iş üzrə cavabdeh, digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, həmçinin ikinci iş üzrə Cavabdeh3 İlham oğlunun iştirakı ilə, İlk iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə, digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 İlham oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(013)-1177/2024 nömrəli qətnaməsindən ilk iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı, həmçinin ilk iş üzrə cavabdeh, digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 03 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Ağdam rayon Polis şöbəsinə müraciəti üzrə aparılan araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, onun əvvəldən İddiaçı 3800 manat borcu olmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şəriki Cavabdeh2 ilə birlikdə İddiaçı 1700 ədəd cücə alıb ona 7600 manat pul vermişdir. Sonradan cücələr xəstə olaraq ölməyə başlamış, bu barədə İddiaçı bildirərək cücələri geri götürüb pul qaytarmasını dedikdə sonuncu cücələri götürməmiş, lakin pulu verəcəyini söyləmişdir.

2. İddiaçı Ağdam rayon Polis şöbəsinə müraciəti üzrə aparılan araşdırma zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, onun əvvəldən İddiaçı 3800 manat borcu olmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şəriki Cavabdeh1 ilə birlikdə İddiaçı 1700 ədəd cücə alıb ona 7600 manat pul vermişdir. Sonradan cücələr xəstə olaraq ölməyə başlamış, bu barədə İddiaçı bildirərək cücələri geri götürüb pul qaytarmasını dedikdə sonuncu cücələri götürməmiş, lakin pulu verəcəyini söyləmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İlk iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 16340 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 da cavabdehlər İddiaçı və Cavabdeh3 İlham oğluna qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 7650 manat, ödənilmiş dövlət rüsumu əvəzində 97 manat və vəkilə ödənilmiş məbləğə görə 300 manat alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Tərtər Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 İlham oğluna qarşı pul tələbinə dair mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işlə bir icraatda baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir.

6. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1177/2024 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

7. İlk iş üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məcburi köçkün kimi Ağdam rayonu Əfətli kəndində məskunlaşaraq özünə iki ədəd sex düzəldib ev quşları (toyuq-cücə) ticarəti ilə məşğul olur. Cavabdeh3 İlham oğlu onun əridir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək ondan nisyə olaraq hər birinin qiyməti 5,5 manat olan 2280 ədəd çolpa almış və pulu xx.xx.2024-cü il tarixə qədər ödəyəcəklərinə söz vermişlər. 2024-cü ilin mart ayı olmuş, lakin cavabdehlər onun pulunu ödəməmişlər. Buna qədər Orxan və Aqilin ona nisyə apardıqları mala görə 3800 manat borcu qalmışdır. Çolpaların Cavabdeh1 və Cavabdeh2 nisyə satılmasında Tural Allahverdiyev və Rəşad Mirzəyev iştirak etmişlər.

8. Digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tələblərini onunla əsaslandırmışlar ki, ailələrinin tələbatlarını ödəmək məqsədilə ev quşları (toyuq-cücə) ticarəti ilə məşğul olur. Həmin quşları cavabdeh İddiaçı və onun əri Cavabdeh3 İlham oğlundan almışdır. Ən son xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə İddiaçı hissəhissə 1700 ədəd toyuq almışlar və həmin alqı-satqıya görə 7650 manat vəsait ödəmişlər. Aldıqları toyuqlardan 500 ədədini satmışlar. Lakin, toyuqları satdıqları kənd sakinləri qısa müddət sonra onlara zəng edərək toyuqların tələf olduğunu bildirmişlər. Eyni zamanda, cavabdehlərdən almış olduğu digər 1200 ədəd toyuq da yavaş-yavaş xəstələnərək tələf olmuşdur. Bu barədə cavabdehlərə müraciət edərək 1700 ədəd toyuğun alqı-satqısına görə ödədiyi 7650 manat vəsaitin qaytarılmasını tələb etsə də, lakin müsbət nəticə olmamışdır.

9. İlk iş üzrə İddiaçı təşəbbüsü ilə şahid qismində X3 ifadəsində bildirmişdir ki, «Pasha Holding» də yem satışı üzrə Ağcabədi, Ağdam və.s rayonlar üzrə nümayəndə işləyir. Müxtəlif cücə sexlərinə, o cümlədən İddiaçı sexinə nisyə olaraq yem satır. Hazırda Xəyalənin yemə görə ona 22600 manat borcu var. Ona borcu olan şəxslər kimlərəsə nisyə xeyli yem satarkən alqı-satqıya onu da dəvət edirlər. Bu səbəbdən İddiaçı, Aqilə və Orxana nisyə çolpa satarkən onu da çağırmışlar. Aqil və Orxan Xəyaləyə köhnədən qalan borca görə onun yanında 900 manat vermiş və çoxlu sayda nisyə çolpa aparmışlar. Aqil və Orxanın aldıqları çolpaların sayını bilməmiş, lakin onlar çolpanın hamısını aparacaqlarını demişlər. Xəyalənin satdığı çolpalar xəstə olmamışlar.

10. Digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Aqil və Orxanı çolpa alverçisi kimi tanıyır. Aqil və Orxandan birinin qiyməti 4,8 manat olan 300 ədəd çolpa almışdır. Həmin çolpalar xəstə olduğu üçün qırılmışlar. Bu səbəbdən Aqil və Orxan onun çolpa almaq üçün verdiyi pulun yarısını qaytarmış, yarısını isə sonra qaytaracaqlarını demişlər.

11. Digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Aqil və Orxandan birinin qiyməti 4,8 manat olan 320 ədəd çolpa almışdır. Həmin çolpalar xəstə olduğu üçün qırılmışlar. Bu səbəbdən Aqil və Orxan onun çolpa almaq üçün verdiyi puldan 500 manat qaytarmış, qalan məbləği isə hazırkı məhkəmə işi qurtarandan sonra qaytaracaqlarını demişlər.

12. Ağdam Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(013)-1177/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11400 (on bir min dörd yüz) manat alınaraq İddiaçı verilməsi; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124 (yüz iyirmi dörd) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutulması; İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddiasının qalan 4940 (dörd min doqquz yüz qırx) manat tələbinə dair hissəsinin rədd edilməsi; Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 İlham oğluna qarşı 7650 manat, ödənilmiş dövlət rüsumu əvəzində 97 manat və vəkilə ödənilmiş məbləğə görə 300 manat tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 529.1, 529.3, 567, 600.1, 608, 609.1, 609.2, 609.3, 609.4, 609.5, 612.1, 612.1.1, 612.1.3, 612.2, 612.3, 613.1, 617.1, 617.2, 617.3, 617.4, 624.1 və 624.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

14. İlk iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Digər iş üzrə iddiaçılar, ilk iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsi, onların iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. İlk iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlərlə aralarında olan razılaşmaya görə bir ədəd toyuğu 5,50 manat qiymətlə onlara satmışdır. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, 1 ədəd toyuğun satış dəyəri 4,50 manat olmuşdur. Halbuki, heç bazarda 4,50 manata toyuq satışı yoxdur.

17. Digər iş üzrə iddiaçılar, ilk iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh İddiaçı onlara məxsus 7650 manat pulu mənimsəmişdir. Onlarda olan səs yazısı və video görüntü olan CD disk mötəbər sübutdur. Məhkəmə iclasında dindirilmiş şahidlər də verdikləri ifadələrində onlardan toyuq aldıqdan bir neçə gün sonra toyuqların tələf olduğunu bildirmişlər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlərə 5,50 manat dəyərində 2280 ədəd toyuq nisyə şəkildə satmış, lakin sonuncular heç bir ödəniş etməmişlər. Əvvəllər cavabdehlərin 9000 manat borcları olmuş, həmin borcdan hissə-hissə ödənişlər etmişlər və 3800 manat borcları qalmışdır. Əgər cavabdehlərə satdığı toyuqlar xəstə idisə, bir hissə aparılan toyuqlar tələf oldusa, cavabdehlər niyə növbəti dəfə ondan toyuq alıb aparırdılar. Cavabdehlər özləri məhkəməyə gəlib bu suala cavab vermirlər. Özünün alqı-satqıları qeyd etdiyi dəftəri vardır. Cavabdehlərə 3 aylıq toyuq vermişdir. Hamıya bəllidir ki, elə toyuqlar adətən hansı qiymətə olur. Satılan toyuqların dəyərinin 4,80 manat olduğunu deyən şahidlər isə cavabdeh tərəfin təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahidlərdir. Cavabdeh tərəfin təqdim etdiyi CD diskdəki səs yazısı onunla başqa şəxs arasında qeydə alınmışdır. Həmin danışığın cavabdehlərə heç bir aidiyyəti yoxdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bilirmişdir ki, 1 il müddətdir cavabdehlərlə ticarət edirlər. 2280 ədəd toyuğu 2024-cü ilin fevral-mart ayları ərzində hissə-hissə cavabdehlərə satmışdır.

20. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iş üzrə cavabdehlər, digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil nümayəndəsi olduğu şəxslər tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı iddiası sübut olunmur, dindirillmiş şahid ifadələri isə mötəbər sübut hesab edilməməlidir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehdən cəmi 1750 ədəd toyuq almışlar və aldıqları toyuqların pulunu vermişlər. Onlar toyuğun birini 4,50 manata alıb, 4.80 manat qiymətə başqa-başqa şəxslərə satmışlar. İddiaçılardan toyuq alan şəxs məhkəmədə şahid kimi ifadə verərək bildirmişdir ki, toyuqlar xəstə olub. Bundan başqa, iddiaçılar cavabdehdən aldığı toyuqların dəyərini nağd ödəmirdilərsə, sonuncu niyə onlara yenidən nisyə mal verirdi. İddiaçılar polis şöbəsində aparılan araşdırma zamanı cavabdehə 3800 manat borcları qaldığını etiraf etmişlər, lakin sonra həmin borcu qaytarmışlar. Məhkəməyə təqdim etdikləri CD diskdə olan səs yazısında cavabdeh İddiaçı özü etiraf edir ki, satdığı toyuqlar xəstədir, həmçinin bunu əks etdirən görüntü də vardır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, 1750 ədəd toyuq üçün ödənilməsi ilə bağlı heç bir sübut təqdim edə bilmirlər.

21. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlərin toyuq sexində tələf olan toyuqlar onun tərəfindən satılmamışdır. Cavabdeh tərəfin təqdim etdiyi CD diskdəki səs yazısı isə onunla Bakir adlı şəxs arasında toyuqlarla əlaqədar qeydə alınmış danışığıdır. Həmin toyuqlar isə başqa şəxsə satılmış körpə cücələr olmuşdur ki, cavabdeh tərəfin təqdim etdiyi CD diskdəki səs yazısında da məhz həmin cücələrin hansı səbəbdən tələf olması barədə danışıq gedir. O, 1 ay ərzində hissə-hissə cavabdehlərə toyuq satmışdır. Əgər cavabdehlər apardıqları gündən toyuqlar tələf olurdusa, sual yaranırkı onlar növbəti dəfə niyə toyuq alıb aparırdılar. İddiaçı sonda məhkəmə kollegiyasından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iş üzrə cavabdehlər, digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil nümayəndəsi olduğu şəxslər tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etmədiyini qeyd etməklə əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, tələf olmuş toyuqların görüntüsünü əks etdirən video yazının hansı tarixdə qeydə alındığını bilmir. Ancaq, həmin tələf olan toyuqlar nümayəndəsi olduğu şəxslərin cavabdeh Xəyal Əlizadədən aldığı toyuqlar olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, nümayəndəsi olduğu şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən digər iş üzrə Cavabdeh3 İlham oğlu da iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilk iş üzrə cavabdehlər, digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Onlar məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə ev quşlarının (toyuq) nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Sonuncular İddiaçı müxtəlif vaxtlarda ev quşları (toyuq) nisyə almışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı nisyə aldıqları ev quşlarının dəyərinin bir hissəsini ödəmiş, qalan məbləği isə ödəməmişlər. Ona görə də sonuncu hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Cavabdeh1 və Cavabdeh2 də cavabdeh İddiaçı aldıqları cəmi dəyəri 7650 manat olan 1700 ədəd ev quşunun (toyuq) xəstəlik ucbatından tələf olduğunu əsas gətirərək həmin toyuqların alqı-satqısına görə ödədikləri vəsaitin qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişlər.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

43. İlk öncə qeyd edilməlidir ki, iş üzrə iki iddia tələbi mövcuddur. Hər iki iddia ev quşlarının alqı-satqısına görə ödənilməli vəsaitlə bağlı yaranan mübahisədir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə İddiaçı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif vaxtlarda ev quşları (toyuq) nisyə şəkildə satılmışdır. Nisyə satılmış ev quşlarının sayı və dəyəri ilə bağlı da tərəflər arasında mübahisə vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün iş materiallarındakı sənədlər, habelə tərəflərin izahatı əlaqəli şəkildə tədqiq edilməlidir.

45. Bu hüquqi mövqe «Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Avropa Məhkəməsi həmin qərarında göstərmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

46. İlk növbədə araşdırılmalı məsələ İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hansı sayda və qiymətə ev quşları (toyuq) nisyə satılmasının müəyyən edilməsidir.

47. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, cavabdehlərin əvvəldən İddiaçı 3800 manat borcları olmuşdur. Onlar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində də İddiaçı cəmi dəyəri 7600 manat olan 1700 ədəd toyuq almışlar.

48. Bu hal İddiaçı Ağdam rayon Polis şöbəsinə müraciəti üzrə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatla öz təsdiqini tapmışdır (bax bu qətnamənin 1-2-ci bəndləri).

49. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Ağdam rayon Polis Şöbəsinə müraciət etmiş, müraciət üzrə araşdırma aparılmış və məsələnin mülki xarakterli olduğu müəyyən edildiyindən polis şöbəsi araşdırmanı yekunlaşdıraraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, İddiaçı cavabdehlərə satdığı toyuğun dəyərinin 5,50 manata olmasını və toyuqlarının sayının 2280 ədəd olmasını iddia etsə də, lakin cavabdehlərə satılmış toyuğun məhz göstərilən dəyərdə və sayda olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında da cavabdeh tərəfin verdiyi izahatla bu hal öz təsdiqini tapmamışdır.

51. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 (3800+7600=11400) ümumilikdə 11400 manat dəyərində toyuq satılmışdır.

52. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı məsələ - nisyə satılmış toyuqların dəyərindən cavabdehlər tərəfindən hər hansı ödəniş edilib-edilməməsinin müəyyən edilməsidir.

53. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlərə 11400 manat dəyərində toyuq satması işdəki sübutlarla öz təsdiqini tapır; həmin toyuqların alqısatqısına görə hər hansı məbləğin ödənilməsini sübut etmək yükü isə cavabdehlərin (alıcıların) üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun verilməsinə dair müvafiq qəbzlər, müqavilə və s.) sübut edilməlidir.

54. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı aldıqları 1700 ədəd toyuğun cəmi dəyəri olan 7600 manatı iddiaçıya ödədiklərini bildirsələr də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bundan başqa, yuxarıda da göstərildiyi kimi İddiaçı Ağdam rayon Polis şöbəsinə müraciəti üzrə aparılan araşdırma zamanı cavabdehlər iddiaçıya əvvəldən 3800 manat borclu olduqlarını bildirmişlər. Cavabdehlərin etibarnamə üzrə nümayəndəsi (vəkil) apellyasiya baxışı zamanı verdiyi izahatında həmin məbləğin iddiaçıya ödənildiyini bildirsə də, lakin bu barədə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

55. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

56. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

58. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişlər.

59. Bundan başqa digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tələblərində İddiaçı aldıqları toyuqların xəstəlik ucbatından tələf olması barədə arqument irəli sürsələr də, lakin onlar bu barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişlər. İddiaçılar bu dəlillərin əsası kimi birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X1 və X2 ifadələrinə istinad etsələr də, lakin kollegiya hesab edir ki, həmin şahid ifadələri işin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz.

60. Belə ki, adları qeyd olunan şahidlər verdikləri ifadədə iddiaçıdan aldıqları toyuqların xəstəlik ucbatından tələf olduğunu bildirsələr də, lakin toyuqların iddiaçılardan alınan vaxt xəstə olub-olmaması, habelə toyuqların iddiaçılardan alındığı vaxtdan nə qədər müddət sonra xəstəliyə düşməsi barədə işin həlli üçün üçün mühüm əhəmiyyət kəsb edən məlumatlar şahid ifadələrində yer almamışdır. Ona görə də məhkəmə kollegiyası şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirməmişdir.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında tərəflərin iştirakı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən təqdim edilmiş CD diskdəki səs yazısı və video görüntü tədqiq edilmişdir. Səs yazısının tədqiqi zamanı müəyyən edilmişdir ki, səs yazısı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında deyil də, sonuncu ilə Bakir adlı şəxs arasında qeydə alınmışdır. Digər tərəfdən, həmin səs yazısısında ümumiyyətlə cavabdeh İddiaçı tərəfindən iddiaçılara satılmış toyuqlardan da bəhs edilməmişdir. Həmçinin CD diskdəki video yazı tədqiq edilmiş və müəyyən edilmişdir ki, video görüntüdə cavabdehlərə məxsus toyuq sexində toyuqların bir qisminin tələf olması görünür. İddiaçı tərəf həmin toyuqların cavabdeh İddiaçı alınmış toyuqlar olduğunu iddia etsə də, lakin bu barədə sübut təqdim etməmişlər. Cavabdeh tərəf isə izahatında həmin toyuqların onlar tərəfindən Cavabdeh1 və Cavabdeh2 satılmış toyuqlar olmadığını bildirmişdir. Bununla belə, həmin video yazının hansı tarixdə qeydə alınması barədə sədrlik edən tərəfindən iddiaçıların nümayəndəsinə (vəkil) sual verilsə də, lakin nümayəndə verilən suala cavab olaraq video görüntünün hansı tarixdə qeydə alındığından məlumatı olmadığını bildirmişdir. Bundan başqa, nəzərdən qaçırılmamalıdır ki, digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı arasında toyuqların alqı-satqısı olsa da, lakin digər iş üzrə iddiaçıların özləri də toyuq ticarəti, habelə təsərrüfatı ilə məşğul olan şəxslərdir. Yəni, digər iş üzrə iddiaçılara məxsus toyuq sexində yalnız İddiaçı aldıqları ümumi dəyəri 7600 manat olan 1700 ədəd toyuq olmamışdır ki, video görüntüdəki tələf olmuş toyuqların da məhz həmin toyuqlar olması zənn edilsin. Əksinə, iddiaçıların özünün toyuq ticarəti və təsərrüfatı ilə məşğul olması öz-özlüyündə video görüntüdəki tələf olmuş toyuqların yalnız İddiaçı tərəfindən satılan toyuqlar olması ehtimalı aradan qaldırır. Digər tərəfdən, sözügedən video yazının hansı tarixdə qeydə alındığı da bəlli deyildir ki, bu hal video görüntüdəki tələf olmuş toyuqların məhz cavabdeh İddiaçı alınmış toyuqlar olması qənaətinə gəlməyə əsas versin.

62. Digər tərəfdən məsələnin obyektiv həlli baxımından diqqət yetirilməli haldır ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı aldıqları cəmi dəyəri 7600 manat olan 1700 ədəd toyuğun hər birinin xəstəlik ucbatından tələf olduqlarını bildirsələr də, lakin toyuqların hansı xəstəliyə yoluxduğunu belə açıqlamamışlar. Eyni zamanda, iddiaçılar toyuqların məhz cavabdeh İddiaçı alındığı vaxtdan xəstə olduqlarını iddia etsələr də, lakin onların bu dəlili hər hansı baytarmütəxəssis rəyinə deyil də, iddiaçıların öz mülahizələrinə əsaslanmışdır.

63. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlk iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı, həmçinin ilk iş üzrə cavabdeh, digər iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(013)-1177/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar