Məhkəmə qərarları › İş №2(104)-1937/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1937/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1937/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Mamedov Rəşad Ziyaviddin oğlu oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(013)-874/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. xx.xx.2022-ci il tarixli, 204 nömrəli nisyə-satış müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən «Satan» 1 ədəd (paltaryuyan LG model:F2J6Hs8s S/N 111RWGX2J159) malı satır. «ALAN» (İddiaçı) isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini «Satan»a ödəyir.

2. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən «Satan» dəyəri 963,00 manat olan məhsulu, 9 ay müddətində «Alan»a nisyə satır, «Alan» isə malı qəbul edib, ödəniş cədvəlinə əsasən müəyyən edilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür.

3. Ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2022-ci il tarixli, 204 saylı müqaviləyə əsasən İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək hər ay 107 manat, cəmi 963 manat ödəməsi nəzərdə tutulub.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 (bir min) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşı oğludur. 2022-ci ildə Şamilin xahişi ilə mağazadan adına kreditlə 1000 manat dəyərində paltaryuyan maşın almışdır. Şamil onun aldığı paltaryuyan maşını götürüb satmış və pulu ehtiyaclarına sərf etmişdir. Hazırda mağazaya olan borcunu ödəyə bilmədiyini və tələb etməsinə baxmayaraq Şamilin onun pulunu qaytarmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(013)-874/2023 nömrəli qətnaməsi ilə (hakim M.Nifətliyev) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq borcu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

10. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə nəlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nisyə şəkildə paltaryuyan maşın alaraq qardaşı oğlu-hazırki iş üzrə Cavabdeh verdiyini, əvəzində sonuncunun 1000 manat pul ödəmədiyini iddia etmiş və tələbinin əsası kimi 02 dekabr 2022-ci il tarixli, 204 nömrəli nisyə satış müqaviləsini təqdim etmişdir.

15. Qeyd edilən müqavilədə İddiaçı “EVİM” mağazasından 1 ədəd LG model paltaryuyan maşınını 953 manata alması, məhz həmin müqavilə üzrə öhdəliyin iddiaçı tərəfindən icra olunacağı müəyyən edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsaslandığı müqavilə nisyə alğısatqı müqaviləsi olmuş, iddiaçı ilə mağaza arasında bağlanmışdır. Müqavilədən hazırki tələb üzrə cavabdehin hər hansı borc öhdəliyi daşıması müəyyən edilməmişdir.

17. Bununla yanaşı iddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətinə qeyd olunan əşyanın cavabdehə verilməsini və ya cavabdehin müqavilədə nəzərdə tutulan öhdəliyi icra etməsininə dair öhdəlik götürməsini təsdiq edən hər hansı bir sübutut təqdim etməmişdir.

18. Belə olduqda məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının tələbi əsassızdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(013)-874/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar