Məhkəmə qərarları › İş №2(104)-1938/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1938/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1938/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(013)-2421/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(013)-2421/2021 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) İddiaçı Cavabdeh qarşı 3000 (üç min) manat tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(013)-2421/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 (üç min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, VAZ 21703 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixdən onun istifadəsində və sahibliyindədir. Həmin avtomobili 2018-ci ilin may ayında cavabdeh - Quzanlı qəsəbəsində Avtovağzalın yanında avtomobil təmiri sexi olan maşın ustası Cavabdeh təmir etmək üçün vermişdir. Danışıq belə olub ki, 1 ay 15 günə maşını təmir edib, rəngləyib tam hazır vəziyyətdə ona təhvil verəcək. Təmir üçün nəğd olaraq həmin gün Cavabdeh 1000 manat vermişdir. Bir müddət müxtəlif bəhanələr gətirərək onu get-gələ salmağa başladı. Elə oldu ki, həmin ərəfədə o, xəstələndi və uzun müddət müalicə olundu. Bu saat da yataq xəstəsidir. Ayaqları işləmir. Maşın 3 ildir cavabdehin həyətində yatıb qalıb. Başqa ustaya baxdırmışdır. O da deyib ki. maşın işləmədiyi üçün kolsaları yatıb. Kolsalamaq 500 manatdır. Maşın uzun müddət işləmədiyi üçün təkərləri və akkumlyatoru sıradan çıxıb, səsboğan çürüyüb, elektron beyin sistemi pozulub. Bundan başqa maşını vaxtında texniki baxışdan keçirə bilmədiyi üçün cərimələr hesablanıb. Ümumilikdə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 3000 manat məbləğində ziyan vurulub. Dəfələrlə Cavabdeh ona vurulmuş zərərin əvəzini tələb etsə də heç bir nəticəsi olmamışdır. Qanuni tələbinə əməl etmək əvəzinə onu hədələyir. Belə olan halda başqa çıxış yolu olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, hərtərəfli və tam hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin şikayət olunan qətnaməsininin əsaslandırıcı hissəsindən də göründüyü kimi Cavabdeh məhkəmə iclasında verdiyi izahatında avtomobili təmir etmək üçün ondan 1000 manat aldığını etiraf etmişdir. Həmin izahatından o da məlum olur ki, Cavabdeh avtomobili rəngləməyi öhdəsinə götürsə də, bu vaxtadək vədinə əməl etməmişdir. Hazırda da avtomobil Cavabdeh həyətində uzun müddət (6 il) hərkətsiz qaldığından istismara tam yararsız vəziyyətə düşmüşdür. O, uzun müddət xəstə olduğu üçün həmin qətnamədən apellyasiva şikayəti verə bilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini və Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(013)-2421/2021 qətnaməsinin ləğv edilməsi və iddiasının əsaslı olduğu üçün təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. əlavə olaraq göstərdi ki, cavabdeh ona 1000 manat yox, 850 manat pul vermişdir. Həmin pulun 250 manatı kraska alınması üçün, 600 manatı isə zəhmət haqqıdır. Maşın rənglənməmişdən əvvəl iddiaçı müəyyən detalları alıb çilingərə verməli, çilingər öz işini görüb qurtardıqdan sonra gəngləmə işi görülməlidir. O, iddiaçının ona verdiyi avtomobili rəngləmiş olsa da, iddiaçı avtomobili götürüb aparmır. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı avtoqəzaya düşmüş VAZ-21703 markalı ** BF *** markalı avtomobili təmir etmək üçün qonşuluğunda yaşayan Cavabdeh vermişdir. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Rəşad avtomobilin təmiri üçün ondan 1000 manat almış, lakin üç il keçməsinə baxmayaraq hazırki vaxta qədər avtomobili təmir etməmişdir. Avtomobili uzun illər ərzində Rəşadda qalmış və beləliklə müxtəlif hissələri köhnələrək xarab olmuşdur. İddiaçı Cavabdeh hərəkətləri nəticəsində ona 3000 manat ziyan dəydiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin iddiaçıya 3000 manat məbləğində borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında borc müqaviləsi bağlanmamış, iddiaçı ona 3000 manat məbləğidən ziyan dəydini iddia etsə də məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçı həmin istinad etdiyi halları təsdiq edən sübutlarını apellyasiya şikayətinə də əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan maddi hüquq normalarının tələblərinə görə, vurulmuş maddi ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkətlər nəticəsində vurulması, eləcə də hüquqa zidd hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Həm də şəxsin məsuliyyət daşıması üçün onun hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, VAZ 21703 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəri AB seriyalı 049260 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 məxsusdur. İddiaçının adına verilmiş xx.xx.2009-cu il tarixli, ƏN-İİ seriyalı 569188 nömrəli etibarnamənin surətindən isə görünür ki, həmin etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Göründüyü kimi iddiaçı ona 3000 manat maddi ziyanın dəyməsini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(013)-2421/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393 və 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(013)-2421/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar