Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-194/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 34455 (otuz dörd min dörd yüz əlli beş) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağdam rayonu, Mərzili kəndindən məcburi köçkün düşərək ailə üzvləri ilə birlikdə Ağdam Rayonu,Ergi ərazisində məskunlaşmışdır. Cavabdeh1 ilə əmioğludurlar, Cavabdeh2 isə Nizaminin oğludur. O kənd təsərrüfatında istifadə olunan ləvazimatların satışı ilə məşğul olur. 2016-cı ildə əmisi oğlu Nizami ona müraciət edərək kənd təsərrüfatı avadanlıqları lazım olduğunu bildirdi. Nizami və oğlu Bakir birlikdə ondan 26.000 manat dəyərində avadanlıqlar götürdülər və ona cəmi 2000 manat pul ödədilər. Pulun 24.000 manatını isə ödəyəcəyini bildirdilər. Nizami ona 24.000 manat borclu olması barədə yazılı qəbz verdi. Həmin qəbz Nizaminin gəlini tərəfindən yanlarında yazıldı və Nizami tərəfındən imzalandı. Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan birinci dəfə kiloqramı 120 manat olan 47 kq çəkidə (47 kq x 120 m=5640 m) və ikinci dəfə kiloqramı 100 manat olan 19 kq (19 kq x 100 m =1900 m) soğan toxumu, iki dəfəyə cəmi kiloqramı 5 manat olan 75 kq (75 kq x 5 m=375 m) yonca toxumu, soğanın yaşıllaşması üçün 100 manat dəyərində dərman, 1500 manat dəyərində damcılama şlankı, 600 kq çəkidə 120 manat dəyərində taxıl (600 kq x 0,20 q=120) götürüblər. Həmçinin onun traktoru var. Cavabdehlərin xahişləri ilə 6 ay müddətində onların sahəsində dərmanlama işləri aparmışdır. Cavabdehlərlə aralarında olan razılaşmaya əsasən buna görə ona 1300 manat ödəməli idilər. Beləliklə cavabdehlərin ona ümumilikdə 34.935 manat borcu vardır. Əlavə olaraq bildirir ki, cavabdehlər ona 480 manat dəyərində uzunluğu 60 metr olan artezian turbası vermişdir. Həmin pulu o cavabdehlərə borcludur. Ona görə də cavabdehlərdən tələb etdiyi 34.935 manatdan 480 manat çıxır və cavabdehlərin ona 34.455 manat borcları qalmışdır. Cavabdehlərlə aralarında dəfələrlə borcun ödənilməsi ilə bağlı söhbətlər olmuşdur.Onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməmişlər. İşin halları: Ağdam Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(013)-941/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavadebh Cavabdeh1 24000 (iyirmi dörd min) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9155 (doqquz min yüz əlli beş) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 189 (yüz səksən doqquz) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumunun tutulması və iddianın qalan 1300 (bir min üç yüz) manat tələbinə dair hissəsində rədd edilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(013)-941/2022 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(013)-941/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı Şamil oğlunun onlara qarşı verdiyi 34455 pul tələbi iddiasının əsassız olduğu üçün iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi haqqında yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştiakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Ağdam Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin vergi uçotuna alınmış ödəyiciləri barədə məlumatlardan görünür ki, İddiaçı ********** saylı, cavabdehlərdən Cavabdeh1 ********** saylı, Cavabdeh2 isə ********** saylı VÖEN-lərlə fərdi sahibkar qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İşin hallarına əsasən onlar arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Lakin, birinci instansiya məhkəməsi işin məhkəmə aidiyyatı məsələsini aydınlaşdırmadan, prosessual qanunvericiliyin tələbini pozaraq işə mahiyyəti üzrə baxmışdır. Halbu ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər: Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ağdam Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-194/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-194/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver