Məhkəmə qərarları › İş №2(104)-1942/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1942/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1942/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 08 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı E.Abbasovun xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Cavabdeh1 araşdırma zamanı verdiyi izahatında həyat yoldaşı Cavabdeh2 ilə birlikdə İddiaçı yaşadığı mənzilə gedərək, övladının onkoloji xəstə olduğunu bildirərək ondan ümumilikdə 10000 manat borc pul almışdır. Lakin maddi vəziyyətinin yaxşı olmaması səbəbindən borcunu qaytara bilməmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində pulun, 1400 manat faizin, 5000 manat əldən çıxmış faydanın, 50000 manat mənəvi ziyanın, cəmi 66400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərində məskunlaşmışdır və orada şirniyyat sexi işlədir. Cavabdehləri xeyli müddətdir tanıyır və onlarla əvvəllər münasibətləri yaxşı olmuşdur. Bu səbəbdən də cavabdehlər onun etibarından istifadə edərək ondan 10000 manat borc pul almışlar və həmin vəsaiti işlətdiyi obyektin mayasından və bankdan götürərək cavabdehlərə vermişdir. Cavabdehlər tezliklə borclarını qaytaracaqlarını bildirsələr də, sonradan borclarını qaytarmaqdan boyun qaçırmışlar. Məsələ ilə bağlı Mingəçevir ŞPŞ-yə müraciət etmiş, ancaq işdə cinayət tərkibi əlamətləri olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir.

4. Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh1 10000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi; Cavabdeh1 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınması; İddianın qalan və Cavabdeh2 aid hissələrdə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442 və 739.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı 2021-ci ilin dekabr ayında faizə (sələmə) pul verən şəxs kimi tanımışdır. 10 dekabr 2021-ci il tarixdə həyat yoldaşı ilə birlikdə iddiaçının yaşadığı mənzilə gedərək ondan ilkin olaraq müəyyən məbləğdə faizə pul götürmüş. Bundan bir neçə gün sonra isə iddiaçıdan yenidən müəyyən məbləğdə faizə pul götürmüşdür. 2022-ci ilin mart ayında yenidən İddiaçı faizə pul götürmüşdür. Götürdüyü faizə pulun 7800 manat hissəsini iddiaçıya qaytarmışdır. Bu azmış kimi isə 6 ay müddətinə iddiaçıya faizin üstü olaraq hər ay 1400 manat pul qaytarmışdır. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Lakin, iddiaçı bununla razılaşmayaraq onun barəsində Mingəçevir şəhər Polis Şöbəsinə şikayət etmişdir. X2 bölməsində də bu məzmunda izahat vermiş və Mingəçevir şəhər X2 Bölməsinin təhqiqatçısı X1 25 yanvar 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra iddiaçı pul tələbi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxan Ağdam Rayon Məhkəməsi isə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmiş və ondan iddiaçının xeyrinə 10000 manat pul tutmuşdur. Əgər iddiaçı ona 10000 manat məbləğdə borca pul vermişdirsə, onda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə əsasən onunla mütləq qaydada yazılı şəkildə müqavilə bağlamalı idi. Lakin, iddiaçı ilə aralarında belə bir müqavilə mövcud deyildir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2020-ci ildə iddiaçıdan 10000 manat pul almış və həmin pulu iddiaçıya qaytarmışdır. Belə ki, 10000 manat vəsaiti iddiaçıdan hissə-hissə almışdır, ilk dəfə 2000 manat, sonra 3000 manat, daha sonra isə 5000 manat. İddiaçı pulları ona sələmə (faizlə) vermişdir. Həmin borcdan iddiaçıya 7900 manat pul ödəmişdir. İddiaçıdan pul alanda və borcundan ödəniş edəndə hər hansı sənəd tərtib etməmişlər, pulları iddiaçının mağazasında ona vermişdir və pulu verərkən yanlarında kimsə olmamışdır. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, borcundan iddiaçıya 7900 manat pul ödəməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellysiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, özü və övladı onkoloji xəstəlikdən əziyyət çəkirlər. Cavabdehlər ona müraciət edərək uşaqlarının xəstə olmasını və müalicə üçün pul lazım olduğunu bildirmişlər. Özü də xəstəlikdən əziyyət çəkdiyinə görə cavabdehlərə inanmış və onlara 10000 manat borc vermişdir. Cavabdehlər həmçinin ona bildirmişlər ki, qızıllarını satıb iki aya kimi borclarını qaytaracalar. Vaxt tamam olsa da, lakin cavabdehlər borclarını ödəməmişlər, o da cavabdehləri axtarıb-aramamış, bir müddət gözləmişdir. Daha sonra cavabdehlərin mobil nömrələrinə zəng etmiş, lakin əlaqə yarada bilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, əslində borcu 2022-ci ildə cavabdehlərə vermişdir. Sonuncular müqavilə tələbləri üzrə qanunda üç illik iddia müddəti olmasını öyrəndiklərindən guya borcu 2020-ci ildə aldıqları barədə dəlillər irəli sürürlər ki, borcu qaytarmaq öhdəliyindən azad olsunlar. Cavabdehlərə borcu hissə-hissə deyil, bütöv şəkildə vermişdir və sələm kimi verməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

19. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

21. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 10000 manat borc verilmişdir. İddiaçı cavabdehə verdiyi borcun sonuncu tərəfindən qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 25-ci bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

34. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

35. İşin bilavasitə iddiaçının özünün izahatı, eləcə də iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”larla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında borcla bağlı razılaşma olmuş, iddiaçı 10000 manat məbləğdə pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin müəyyən olunmuş müddətdə cavabdeh borc məbləğini geri qaytarmadığı üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır.

36. Cavabdeh irəli sürülən həmin faktiki halı etiraf etmişdir; bununla belə o, iddiaçıdan 10000 manat borc məbləğini hissə-hissə 2000 manat, 3000 manat və 5000 manat olmaqla aldığını və həmin borc məbləğindən 7900 manat hissəsini qaytarmış olduğunu və hazırda ona 2100 manat borclu olduğunu bildirir.

37. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, cavabdehə 10000 manat verdiyini sübutetmə yükü iddiaçının, aldığı pulun 7900 manat hissəsini geri qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

38. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

39. Cavabdeh iddiaçının ona 10000 manat verdiyini etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır.

40. Cavabdeh isə iddiaçıdan aldığı 10000 manat borc məbləğinin 7900 manat hissəsini geri qaytardığını sübuta yetirə bilməmiş, bu halı təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir.

41. Qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz

42. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı iş üzrə tərəflər arasındakı 2000 və 3000 manat vəsaitin borca verilməsi şifahi kredit müqaviləsi əsasında olmuşdur və həmin vəsaitlərin qaytarılması ilə bağlı iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin borc hüquq münasibətlərindən bəhs edən 739-cu maddəsi təşkil edir. Lakin, tərəflər arasında 5000 manat vəsaitin borca verilməsi ilə bağlı yazılı kredit müqaviləsi bağlanmadığından həmin hissədə işin halları Mülki Məcəllənin 740.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə, həmin vəsaitin miqdarı 3000 manatdan çox olduğundan və vəsaitin verilməsinə dair tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmadığından iddia olunan 5000 manat məbləğ cavabdeh tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmiş və qaytarılmamışdır ki, bununla da cavabdeh iddiaçının (məhrum olanın) hesabına əsassız varlanmışdır.

43. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissdə qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar