Məhkəmə qərarları › İş №2(104)-196/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-196/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-196/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı 11 may 2018-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə cavabdehə 33.700 ABŞ dolları pul göndərmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, 43.710 (qırx üç min yeddi yüz on) ABŞ dollarının ödəniş anına manatla məzənnəsi ilə, eyni zamanda vəkil xidməti üçün ödənilmiş 320 manat pulun və ödənilmiş 313 (üç yüz on üç) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə qohumluq münasibətləri vardır. Belə ki, cavabdeh onun dayısının nəvəsidir. Cavabdeh 2018-ci ilin may ayında müraciət edərək, ona pul lazım olduğunu və ona borc verməsini xahiş etmişdir. O, aralarında olan səmimiyyətə inanaraq xx.xx.2018-ci il tarixdə bank vasitəsilə cavabdehə 33.700 ABŞ dolları pul göndərmişdir. Cavabdeh aldığı borcu qısa müddətə qaytaracağını söz versə də borcunu qaytarmamışdır. Aradan keçən müddət ərzində dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. Odur ki, məcbur olub pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından görünür ki, onun 33.700 ABŞ dollar pulu 11 may 2018-ci il tarixindən cavabdehdədir. Bundan başqa 11 may 2018-ci il tarixdən hazırki tarixədək olan dövr üçün 33.700 ABŞ dollarının 5% məbləğində pul ödənilməlidir. Belə ki, göründüyü kimi onun pulu 6 ildir ki, əsassız yerə cavabdehdə qalmaqdadır. Odur ki, cavabdeh ona 33.700 ABŞ dolları və onun gecikdirilməsinə görə 10.010 ABŞ dolları olmaqla, cəmi 43.710 ABŞ dolları pul ödəməlidir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə göndərdiyi 33.700 ABŞ dolları pulu borc olaraq verilməmiş, bank qəbzinin üzərində də qeyd edildiyi kimi maddi yardım qismində əvəzsiz olaraq bağışlamışdır. Buna görə də tərəflər arasında hər hansı borc münasibətlərindən və ya öhdəliyindən söhbət gedə bilməz. Borc münasibətlərinin yaranmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Həmçinin, iddiaçı bildirmişdir ki, guya həmin məbləğ borc olaraq verilmiş və 40-45 gün ərzində tender bitdikdən sonra cavabdeh tərəfindən qaytarılmalı idi. Belə olan təqdirdə, hətta həmin məbləğin borc olaraq verilməsi fərz edilsə belə, həmin məbləğ xx.xx.2018-ci il tarixdə göndərildiyindən və xx.xx.2018-ci il tarixdə 45 gün tamam olduğundan 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş olur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(076)- 2172/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir. İddiaçı izahatında da qeyd etdiyi kimi, cavabdehə 2018-ci il tarixdə göndərmiş olduğu 33.700 ABŞ dollar məbləğində pulu tenderdə iştirak üçün qısa müddət ərzində geri qaytarılması üçün göndərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli hökmlərdən görünür ki, iddiaçının qeyd etdiyi məbləğin verilməsi vaxtı Cavabdeh və İddiaçı özünün də iştirak etdiyi tenderlə bağlı cinayət işi üzrə hər ikisi zərərçəkmiş şəxs qismində tanınmış, həmin vaxtdan, yəni 2021-ci il tarixdən də artıq iddiaçının həmin məbləği geri qaytarma tələbi ilə bağlı hüququnun məlum olduğu vaxt hesab edilməklə iddia müddəti tətbiq edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, cavabdeh 11 may 2018-ci il tarixdə hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. İddiaçı cavabdehin ondan pulu vaxtdan 40-45 gün ərzində qaytarmalı olduğunu bildirmiş olsa da, həmin vaxtdan sonrakı müddətdə iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməmişdir. İddiaçı hüququnun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 11 may 2024-cü il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbi rədd edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 375.2, 386.1, 740.1, 1092.1, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, cavabdehə verdiyi borcu sonuncunun ev alması ilə bağlı vermişdir. Cavabdeh isə tenderdə qazanacağı pul ilə borcunu hissə-hissə ödəyəcəyi barədə iddiaçıya vəd vermiş, lakin sonra pulu ödəməmişdir. Tender təşkil edən şəxsin dələduzluq cinayəti ilə məsuliyyətə cəlb olunmasından sonra cavabdeh ona möhlət verilməsini və aldadıldığını və ona olan borcunu, Nicat Qarayevdən məhkəmə prosesi zamanı alacağını və borcunu qaytaracağını demişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, cinayət işi üzrə Nicat Qarayevə qarşı mülki iddia tələbi ilə müraciət etmədiyi üçün onun pulu məhkəmələr bitən kimi qaytarılcaqdır və o, pulu aldıqdan sonra iddiaçıya olan borcunu tam şəkildə qaytaracaqdır. İddiaçı, cavabdeh dayısı nəvəsi olduğuna görə ona inanıb borcunu qaytaracağını ümidi ilə gözləmişdir. Nəhayət xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Nicat Qarayev barəsində yekun məhkəmə qərarı qəbul olunmuşdur. Məhkəmə bitdikdən sonra iddiaçı cavabdehlə əlaqə saxlayaraq ona borcunu qaytarmağını tələb etmiş, cavabdeh isə pulu almadığını bildirərək borcu qaytara bilməyəciyini və borcun əvəzində gəlib qapısında yer belləmək və digər tapşırıqlarını icra etməyi təklif etmişdir. İddiaçı isə borcunu nəğd və tam şəkildə cavabdehdən tələb etmişdir. Sonradan cavabdehin telefon zənglərinə cavab verməməsi və iddiaçıdan qaçıb gizlənməsi onun borcunu qaytarmaq fikrinin olmaması barədə iddiaçıda fikir yaratmışdır. Bundan sonra iddiaçı cavabdehin adına hər hansı bir əmlak olub-olmasını araşdırmış və nəhayət sorğu ilə cavabdehin adına 2 bahalı maşın olmasından sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh Nicat Qarayevdən borcunu almışdır və ona olan borcunu qaytarmaq niyyətində deyil. Bundan sonra isə dərhal məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə isə iddiaçının izahatlarını tam şəkildə təhrif edərək belə qənaətə gəlmişdir ki, cavabdeh pulu 40- 45 gündə qaytarmalı idi və artıq 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Nicat Qarayev barəsində hökm çıxdıqdan sonra iddiaçı hüquqlarının pozulmasını bilmişdir və bununla da onun üçün iddia müddətinin axımı başlamışdır. Məhkəmə öz mülahizəsinə əsasən əsaslı iddianı rədd etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Madə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız, Rayon Məhkəməsinin qətnaməsi isə əsaslı və qanunidir. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdiyi məlumatlara əsasən işin halları kimi müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixdə “Express” köçürmə sistemi vasitəsilə 33.700 ABŞ dolları məbləğində pul göndərilmişdir. Cavabdehə qarşı 33.700 ABŞ dolları məbləğində pulun qaytarılması barədə tələb irəli sürən iddiaçı bildirir ki, həmin pulu cavabdehin tenderdə iştirakı üçün sonuncuya qısa müddətə borc olaraq vermiş, tender bitdikdən sonra isə cavabdeh tərəfindən borcun qaytarılacağı barədə razılaşmışlar. İddiaya etiraz edən cavabdeh, iddiaçının onun adına göndərdiyi 33.700 ABŞ dolları məbləğində pulu qəbul etdiyini, lakin həmin vəsaitin borc deyil, maddi yardım olaraq verildiyini göstərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin adına göndərilmiş 33.700 ABŞ dolları məbləğində pul sonuncuya borc olaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu maddi hüquq normasının mənasından göründüyü kimi, etibarlı borc müqaviləsinin bağlanması üçün həmin müqavimlənin yazılı formasına riayət edilməsi tələb olunur. Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında borc müqaviləsi faktiki olaraq bağlanmışdır. Lakin həmin müqavilə yazılı formada bağlanmadığı üçün özü-özlüyündə etibarsız müqavilədir. Bununla yanaşı Məhkəmə bildirir ki, cavabdehdən tutulması tələb olunan pul vəsaitinin cavabdehdə qalması onun iddiaçının hesabına əsassız olaraq varlanması deməkdir. Bu baxımdan, iddiaçı cavabdehdən 33.700 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olsa da, həmin iddia rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan aldığı borc məbləğini qısa müddətə qaytaracağını, məhkəmələrə verdiyi izahatlarında isə cavabdehin 40-45 gündən iştirak etdiyi tenderdən qazandığı puldan borcunu ödəyəcəyi barədə ona vəd verdiyini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında borcun məhz 2018-ci ildə qaytarılması(hissəhissə olsa belə) barədə razılığın olması iddiaçının özünün izahatları ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçıya öz hüququ, yəni əsassız varlanma nəticəsində əldə edilən pul vəsatinin qaytarılmasını tələb etmək hüququ elə həmin ərəfədə, yəni 2018-ci ildə məlum olmuşdur. Belə ki, iddiaçı cavabdehin borcunu hissəhissə ödəyəcəyi barədə vəd verməsini əsas gətirərək iddia müddətini ötürmədiyini bildirsə də, işin mübahisəsiz halı kimi həm də müəyyən olunur ki, cavabdeh bu müddət ərzində iddiaçıya heç bir ödəniş etməmişdir. Lakin iddiaçı 5 ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir ki, bununla da o, iddia müddətini ötürmüşdür. Cavabdeh məhkəməyə hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini buraxdığından onun mübahisəli pul məbləğini geri tələb etmək hüququ qüvvədən düşmüşdür. İddiaçı, hazırki iş üzrə verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsində işə baxılarkən onun verdiyi izahat məhkəmə iclas protokolunda təhrif olunmuşdur. İddiaçı hüquqlarının pozulduğunu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Nicat Qarayev barəsində yekun məhkəmə qərarı qəbul edildikdən sonra bilmişdir. Belə ki, həmin tarixdən sonra, o cavabdehdən ona verdiyi borcun qaytarılmasını tələb etmiş, lakin sonuncu pulu qaytarmamışdır. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 07 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək, protokolda əks olunmuş məzmunda izahat vermişdir. Hazırda izahatının təhrif olunduğunu bildirən iddiaçı məhkəmə iclas protokoluna dair bu barədə yazılı qeyd verməmişdir. Halbuki, MPM-nin 273-cü maddəsinə görə, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Belə olan halda hesab edilməlidir ki, iddiaçının izahatı məhkəmə iclas protokolunda düzgün qeyd olumuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar